Zəngəzur dəhlizi artıq reallığa çevrilir

 

 

Azərbaycan Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. İyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Cənab Prezidentin dediyi kimi Zəngəzur dəhlizi artıq reallığa çevrilir.

44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaradıb. Bu gerçəkliklər bölgədə inteqrasiya və çoxtərəfli əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Xüsusilə də, Azərbaycanın geosiyasi iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması mühüm siyasi və iqtisadi dividendlər, yaxşı perspektivlər vəd edir. Şübhəsiz ki, postkonflikt mərhələsində Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni çoxvektorlu işbirliyinin əsasının qoyulmasıdır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geostrateji proyektin reallaşmasında maraqlıdır. Sadəcə olaraq, bu imkanlardan yararlanmaq üçün konstruktiv mövqe, praqmatik davranış ortaya qoymaq lazımdır.

Azərbaycan Prezidenti dəfələlərlə hər kəsin, o cümlədən Ermənistanın yeni reallıqları qəbul etməli olduğunu qeyd etmişdi. Dövlət başçısı, həmçinin Azərbaycanın Zəngəzur dəhlizinin açılmasına nail olacağını qətiyyətlə vurğulamışdı. Məlumdur ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsini rəsmiləşdirməklə yanaşı, regional kommunikasiyaların bərpası ilə bağlı məsələlərin həllini də özündə ehtiva edib. Bəyanatda göstərilirdi ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. O cümlədən Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. 2021-ci il yanvarın 11-də keçirilən üçtərəfli görüşdə bir daha bu məsələlər üç dövlətin rəhbəri tərəfindən müzakirə olundu. Ötən ilin sonunda keçirilən Soçi və Brüssel görüşlərində isə kommunikasiyaların açılması, nəqliyyat sisteminin bərpası istiqamətində danışıqlar aparıldı və İşçi qrupunun yaradılması məsələsi aktuallaşdı. Artıq bu istiqamətdə işlər aparılır. Ölkəmizin ərazisində yeni dəhlizin həm avtomobil, həm də dəmiryolu seqmentləri üzrə layihələrin icrası intensiv şəkildə davam etdirilir. Cənab Prezident mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfər edir, o cümlədən Zəngəzur dəhlizi ilə əlaqədar görülən işlərlə şəxsən tanış olur.

Zəngəzur dəhlizinin reallığa çevrilməsi təkcə Azərbaycana dividentlər gətirməyəcək, bütövlükdə regionun inkişafına və ölkələrin qarşılıqlı əməkdaşlığının genişlənməsinə böyük fayda verəcək.

Abbas Əliyev - Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

pia.az

 

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Boşanmaq istəyən arvadını öldürdü, qaynını yaraladı sonra isə...

SONRAKI XƏBƏR

Azərbaycanlı iş adamı Ukrayna ordusuna dron və 5 milyon bağışladı