Laçından çıxarılacaq ermənilər Şuşa kəndlərinə köçürüləcək

Laçından çıxarılacaq ermənilər Şuşa kəndlərinə köçürüləcək<span class="qirmizi"></span>

Ermənistan hakimiyyəti və Qarabağ separatçıları Laçın rayonunda qanunsuz yaşayan ermənilərin köçürülməsi yollarını müzakirə edirlər.

Redaktor.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə iyulun 1-də onlayn müzakirələr zamanı Xankəndidəki separatçı rejimin “ombudsman”ı Qeqam Stepanyan deyib.

O, bildirib ki, Laçının Zabux və Sus kəndlərində yaşayan ermənilər Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinə köçürülə bilər.

Onun sözlərinə görə, hazırda Laçın və digər yaşayış məntəqələrinin sakinlərinin təxliyyəsi üzrə iş aparılmır.

Q.Stepanyan həmin şəxslərin girov saxlanılması barədə deyilənləri də təkzib edib.

Laçın şəhərindən çıxarılacaq ermənilərə gəlincə, bu məsələni Ermənistan hakimiyyəti həll edəcək və çox güman ki, onlara Ermənistanda mənzillər veriləcək.

Xatırladaq ki, bu il Xankəndini Ermənistanla birləşdirəcək yeni yolun istifadəyə verilməsilə ermənilər Laçın şəhəri və onun kəndlərini tərk edəcəklər. 32 kilometrlik yeni yola Rusiya sülhməramlıları nəzarət edəcək.

Laçın şəhərindən yan keçən yeni yol istifadəyə veriləndən sonra Laçın şəhəri və rayonun hazırda rusların nəzarətində qalmış kəndləri Azərbaycanın nəzarətinə qaytarılacaq.

Söhbət "Laçın dəhlizi" adlandırılan 5 kilometr enindəki zolaqda yerləşən Laçın şəhəri və rayonun 6 kəndi - Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabuxdan gedir.

44 günlük Vətən müharibəsi nəticəsində Qarabağın böyük hissəsi işğaldan azad olundu. Lakin bəzi ərazilər, o cümlədən, Şuşanın əksər kəndləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində, separatçıların işğalı altındadır. Bura ermənilərin “Hin Şen” adlandırdıqları Kiçik Qaladərəsi və “Mets Şen” adı verdikləri Böyük Qaladərəsi kəndləri də daxildir.

Şuşa inzibati rayonuna 1 şəhər, 1 qəsəbə (Turşsu), 37 kənd daxildir. Kəndlər - Daşaltı, Göytala, Xanalı, Həsənabad, İmamqullar, Xəlfəli, Armudlu, Dükanlar, Qarabulaq, Laçınlar, Mirzələr, Şuşulu, Zamanpəyəsi, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Qaybalı, Xudaverdilər, Nağılar, Yuxarı Quşçular, Aşağı Quşçular, Malıbəyli, Sarıbaba, Onverst, Səfixanlar, Allahqullar, Həsənqullar, Xanlıqpəyə, Şırlan, Ağbulaq, Cəmillər, Çaykənd, İmanlar, Məmişlər, Paşalar, Turabxan, Zarıslı, Nəbilər.

Vətən müharibəsi nəticəsində Şuşa şəhəri və Daşaltı kəndi ermənilərdən azad olunub. Qalan kəndlər düşmən nəzarəti qaltında qalmaqdadır.

İLTİFAT

Mənbə: redaktor.az