Alternativ Laçın yolunda niyə erməni xaçkarı olmalıdır?- Məgər Ermənistan ərazisidir?..

Alternativ Laçın yolunda niyə erməni xaçkarı olmalıdır?- Məgər Ermənistan ərazisidir?..<span class="qirmizi"></span>

Xəbər verildiyi kimi, erməni mənbələrinin yaydığı video-görüntülərdən bəlli olur ki, Laçın yoluna alternativ yolun tikintisi zamanı azərbaycanlılar layihəyə maneçilik törədən erməni “xaçkarı”nı yerindən çıxararaq başqa səmtə qoyublar. Videonun sonunda xaç daşı yerə uzadılmış vəziyyətdə görünür. Media və sosial şəbəkələrdə ermənilər həyasızcasına buna etirazlarını bildiriblər.

Moderator.az-ın araşdırmasından bəlli olub ki, hadisə Şuşa rayonunun alternativ yolun Şuşa-Laçın yoluyla kəsişdiyi Turşsu qəsəbəsi yaxınlığında baş verib.

Lakin bəhs edilən videonun müəllifi - Xankəndindən olan bloger David Simonyan dünən axşam saatlarında təqdim etdiyi yazısında İrəvandan geri dönərkən sözügedən xaçkarın alternativ yolun kənarında qaydasında qoyulduğunu, sadəcə, yolun əks tərəfində qurulduğunu bildirib.

Məsələ orasındadır ki, nə xaç daşını ehtiyatla daşıyan Azərbaycan fəhlələri, nə də bizim media mənsubları onun üzərindəki yazılara diqqət etməyiblər. Halbuki, həmin yazılardan bəlli olur ki, xaçkar 1905-1906 və 1918-1920-ci illərdə Qarabağ və Zəngəzur ərazilərində, həmçinin Şuşa rayonunun ermənilər yaşayan kəndləri ətrafındakı yaşayış məntəqələrini tarimar edən, yandıran, əhalisini qılıncdan keçirən, güllələyən, sağ qalanlara olmazın işgəncələr verən terrorçu ermənilərin Azərbaycan oğulları tərəfindən məhv edilmiş nümayəndələrinin üzdəniraq “xatirəsi”nə həsr edilib. Göründüyü kimi, bu qondarma abidə onu görən ermənilərə, haylara Azərbaycana, Türkiyəyə qarşı revanşist hisslər aşılayır...

Bütün hallarda belə xaçkarlara, digər Azərbaycan ərazilərində olduğu kimi, alternativ yolda da yer yoxdur. Çünki həmin yolla Qarabağdan Ermənistana ermənilər gedib-gəlsə də, onun keçdiyi ərazi, Ermənistan yox, Azərbaycan ərazisidir...

Sultan Laçın

 

Mənbə: moderator.az