Nazir: "Polis azad olunmuş ərazilərdə xidmətini böyük əzm və peşəkarlıqla davam etdirir"

Nazir: "Polis azad olunmuş ərazilərdə xidmətini böyük əzm və peşəkarlıqla davam etdirir"<span class="qirmizi"></span>

Polis və Daxili Qoşunlar işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini böyük əzm və peşəkarlıqla davam etdirir.

"Report" xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisi Gününə və 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsindən sonra regionda yeni reallıqların yaranmasına diqqət çəkən nazir V.Eyvazov “Böyük qayıdış”ın ilk addımlarının atıldığını, belə bir taleyüklü dönəmdə polis orqanlarının fəaliyyətinin də yaranmış vəziyyətə uyğunlaşdırıldığını, strateji və həyat əhəmiyyətli obyektlərin mühafizəsinin, bütövlükdə asayişin və təhlükəsizliyin etibarlı təmin edildiyini bildirib.

Polis və Daxili Qoşunların işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini böyük əzm və peşəkarlıqla davam etdirdiyini xüsusi qeyd edən nazir ölkə başçısının bu peşə bayramı ərəfəsində 26 əməkdaşı dövlət mükafatları ilə təltif etdiyini, 4 rəhbər vəzifəli əməkdaşa ali xüsusi rütbə verildiyini məmnunluqla xatırladaraq bunun Prezidentin şəxsi heyətə göstərdiyi ali diqqət və qayğının növbəti əyani ifadəsi olduğunu, daxili işlər orqanlarının və Daxili Qoşunların asayişin və təhlükəsizliyin təmini üzrə fəaliyyətini yüksək qiymətləndirdiyini, eləcə də respublika ictimaiyyəti tərəfindən təqdir olunduğunu məmnunluq hissi ilə vurğulayıb.

Mənbə: report.az