ŞARL MİŞEL İLHAM ƏLİYEVƏ ZƏNG EDİB... - "Brüssel şübhələnir ki, Rusiya..." YENİLƏNİB

ŞARL MİŞEL İLHAM ƏLİYEVƏ ZƏNG EDİB... - <span class="qirmizi">"Brüssel şübhələnir ki, Rusiya..." YENİLƏNİB</span>

İyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər müzakirə olundu.

Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğuladı. O, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirdi.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaşmaları qeyd edərək, ölkəmizin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu ifadə etdi.

Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın üzləşdiyi genişmiqyaslı mina problemini qeyd etdi və birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən itkin düşmüş hesab olunan 4000 nəfərə yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyini vurğuladı.

Politoloq Elxan Şahinoğlu bildirir ki, Şarl Mişelin bu zəngi son vaxtlar Kremlin fəallaşmasından və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana və Bakıya etdiyi səfərlərdən narahatlığa işarədir. 

Onun sözlərinə görə, Brüssel şübhələnir ki, Moskva işi pozmaq və Avropa İttifaqının Azərbaycanla Ermənistan arasındakı fəal vasitəçiliyini minimuma endirməyə çalışır. 

"Bəli, Kremlin əsas məqsədi elə budur. Brüsselin vasitəçiliyi Azərbaycan və Ermənistan üçün faydalıdır. Əgər Bakı və İrəvan bu vasitəçilikdən yararlanmaqda davam etsələr, Kreml Avropa İttifaqını oyundankənar vəziyyətə sürükləyə bilməyəcək, - o qeyd edib.

Mənbə: azpolitika.info