Ukraynaya görə NATO-da parçalanma - reallıq, ya Rusiya təbliğatı?

Ukraynaya görə NATO-da parçalanma  - reallıq, ya Rusiya təbliğatı?<span class="qirmizi"></span>

Abutalıb Səmədov: “NATO-nun tərkibində deyilən qrupların formalaşması heç kim üçün sirr deyil”

Dünyanın nüfuzlu nəşrləri yazır ki, Ukrayna məsələsində hələ də NATO daxilində yekdillik yoxdur. İddialara görə, Rusiya-Ukrayna münaqişəsinin həlli yolları ilə bağlı ölkələr üç düşərgəyə bölünüb.

Bildirilir ki, NATO tərkibində “qırğılar”, “göyərçinlər” və “dəvəquşu” adlandırılan üç ölkə qrupu formalaşıb. “Qırğılar” qrupuna aid olan dövlətlər hesab edir ki, Rusiyaya elə bir zərbə vurmaq lazımdır, bir daha öz qonşuları üçün təhlükə yarada bilməsin. Bundan əlavə, onların fikrincə, NATO Donbas və Krımı Ukraynanın nəzarətinə qaytarmaq üçün mümkün olan hər şeyi etməli, həmçinin Rusiyada hakimiyyət dəyişikliyi üçün zəmin yaratmalıdır. Bu kateqoriyaya Rusiya ilə həmsərhəd ölkələr, xüsusən də Polşa daxildir.

“Göyərçinlər” qrupuna, Ukraynanın ərazi güzəştləri hesabına olsa belə, hərbi əməliyyatların tezliklə dayandırılmasının tərəfdarı olan ölkələr aid edilir. Bu xüsusda onlar rus qoşunlarının fevralın 24-dək olan mövqelərinə çəkilməsinə razı ola bilərdilər. Qəzetlər bu kontekstdə Skandinaviya ölkələrindən birinin adı açıqlanmayan rəsmisinə istinadən yazıblar ki, “belə bir sövdələşmə ədalətsiz olardı, amma praktikdir”.

“Dəvəquşu” qrupuna isə qəzet alyansın sənədlərini formal olaraq dəstəkləyən, daha az müqavimətli bir yol axtaran və ən çox öz daxili problemlərinə fokuslanan ölkələri aid edib.

NATO-da parçalanması ilə bağlı yayılan məlumatlar nə dərəcədə realdır?

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirdi ki, NATO-nun tərkibində deyilən qrupların formalaşması heç kim üçün sirr deyil: “Deyilən “qırğılar” qrupunun başında təbiidir ki, ABŞ və Böyük Britaniya durur. Baltikyanı ölkələr və Polşanın da həmin qrupa daxil olması əslində heç nəyi dəyişmir. Onların hərbi əməliyyatlara təsir imkanları çox məhduddur. Ancaq ABŞ və Böyük Britaniya sona qədər getməyi və Rusiyaya həlledici zərbə vurmağı istəyirlər. Əslinə qalsa, Rusiya kifayət qədər zərbə alıb, ancaq sarsılmayıb. Kifayət qədər gücünü saxlayır, sanksiyalar lazımi effekti vermir. Etiraf etmək lazımdır ki, hərbi əməliyyatlar Rusiyanın üstünlüyü ilə davam edir. Luqansk bütünlüklə Rusiyanın nəzarətinə keçib. Ümid edilir ki, Ukrayna təşəbbüsü ələ ala bilər. Bunun çox çətin olduğunu da etiraf etməliyik. “Göyərçinlər” deyilən qrup uzun müddətdir fəaliyyət göstərir. Burada Fransa, Almaniya və İtaliya təmsil olunur. Onlar Rusiyanın məğlub ediləcəyinə inanmırlar. Ona görə də, ərazi güzəştləri hesabına hərbi əməliyyatları dayandırmağı təklif edirlər. Hələ ki, onlar səslərini yavaş çıxarırlar. “Dəvəquşu” qrupuna aid olunanlar barədə də müəyyən ehtimallar irəli sürmək olar. Onlar fəal olmadığı üçün bu adla çağrılırlar. Ruslar bir qədər də uğur qazansa, “göyərçinlərin” mövqeyi bir az da güclənəcək. Onlar açıq şəkildə tələblər irəli sürəcəklər. Hələ ki, həm Ukrayna, həm də Rusiya ciddi uğurlara ümid edir. Ukrayna ümidlərini itirmir. Hesab edirəm ki, Rusiyanın müharibədən qələbə ilə çıxması ətraf ölkələr üçün də təhlükə yaratmış olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com