Erməni təxribatlarının artmasında məqsəd... - Hərbi analitik detalları açıqladı

Erməni təxribatlarının artmasında məqsəd... - Hərbi analitik detalları açıqladı<span class="qirmizi"></span>

 

“Qarabağda ermənilərin təxribatçı hadisələri və davranışları davam edəcək. Ermənistan siyasi rəhbərliyi heç olmasa danışıqlara hazır olduqlarını elan ediblər. Amma erməni zabit korpusu və Qarabağda qalan ermənilər bunun əleyhinə çıxış edir, ictimai rəy yaradırlar. Bu halda onların əlində bircə təsir imkanı qalır-təxribatçı hərəkətlər, Azərbaycan mövqelərinin atəşə tutulması. Bununla çalışırlar ki, ruslar da hansısa formada prosesə qoşulsun. Biz hazırda bu prosesi müşahidə edirik”.

Bunu Teleqraf.com-a hərbi analitik Azad İsazadə bildirib.

Onun fikrincə, ermənilərin belə təxribatçı hadisələrinin bir məqsədi var: “Danışıqlar çətinləşsin, İrəvandakı siyasətçilər fakt qarşısında qalsın”.

Azad İsazadə hesab edir ki, erməni tərəfinin belə təxribatları ən azından qış fəslinə, daha doğrusu qar yağana qədər davam edəcək:

“Əgər o vaxta qədər razılıq əldə edilməsə bu proses davam edəcək. İndi Qarabağ ermənilərini, eləcə də İrəvandakı revanşist qüvvələri narahat edən məqam Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiya və demarkasiya məsələsidir. Çünki demarkasiya ediləcəyi təqdirdə Qarabağ qalır sərhədin bu tərəfində. Üstəlik Laçın dəhlizinə alternativ yol işləməyə başlayacaq. Yəni Laçın şəhəri və daha bir neçə kənd Azərbaycana təhvil veriləcək. Bu da ermənilər üçün ciddi zərbədir”.

Mənbə: teleqraf.com