Rusiya Ukrayna şəhərlərini niyə dağıdır? – Zelenski səbəbini açıqladı

 

“Tammiqyaslı işğal başlayandan bəri Rusiya Ukraynada 2100-dən çox təhsil müəssisəsini və 800-ə yaxın tibb infrastrukturunu məhv edib”.

Bizim.Media “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski İsveçrənin Luqano şəhərində keçirilən donor konfransının iştirakçılarına müraciətində danışıb.

Onun fikrincə, Rusiya sübut etməyə çalışır ki, guya Ukrayna xalqının Avropa ilə bağlı seçimi düzgün olmayıb.

“Yaşayış məntəqələrinin Rusiya ordusu tərəfindən sistemli şəkildə dağıdılmasına və davamlı raket terroruna baxın. Bunu niyə edirlər? Bu, sırf hərbi taktika deyil. Hər bir insanın öz evinin sahəsi var və bu, təkcə ayrı bir mənzil və ya ev deyil, bu, insanın valideynləri ilə ünsiyyət qurduğu, işlədiyi, sevdiyi və səyahət etdiyi şəhərin və ya kəndin bir hissəsidir.
Məhz bunun üçün rus hərbçiləri yaşayış binalarını tanklardan vururlar və ya şəhər kvartallarını artilleriya ilə dağıdırlar. Məqsədləri bütün bu həyat məkanını, insanların öz evlərinə olan doğmalığını məhv etməkdir”, - deyə Zelenski vurğulayıb.

O, həmçinin əlavə edib ki, 12 milyondan çox ukraynalı artıq məcburi köçkünə çevrilib: “Və belə bir ehtimal var ki, Ukraynaya dağıdıcı zərbələrdən sonra, hətta geri dönəcək yerləri olsa belə, çoxları üçün evlərinə olan doğmalığını geri qaytarmaq çətin olacaq”.

Bizim.Media

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Roma Papası Moskva və Kiyevə səfər etməyi düşünür

SONRAKI XƏBƏR

İnsanları dənizə həsrət qoyan “Böyük Buzovna səddi” söküldü - VİDEO