Rusiya tək Luqanskı 5,5 aya tam nəzarətə götürə bildi - necə nəticədir?

Rusiya tək Luqanskı 5,5  aya tam nəzarətə götürə bildi  - necə nəticədir?<span class="qirmizi"></span>

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinə Luqansk Xalq Respublikasının azad edilməsi ilə bağlı hesabat verib. Bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib:

“Bu gün, 2022-ci il iyulun 3-də Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu RF Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinə Luqansk Xalq Respublikasının azad edilməsi ilə bağlı hesabat verib”.

Müdafiə Nazirliyində qeyd edildiyi kimi, RF Silahlı Qüvvələri və “LPR”-nin Xalq Milisləri Lisiçansk və bəzi yaxınlıqdakı yaşayış məntəqələri üzərində tam nəzarət əldə edib. Onların ən böyüyü Beloqorovka, Belaya Qora, Novodrujesk və Maloryazantsevodur. Rusiya Müdafiə Nazirliyi vurğulayıb ki, son 24 saat ərzində azad edilən ərazilərin ümumi sahəsi 182 kvadrat kilometr təşkil edib.

Bəllidir ki, Rusiya ilə Ukrayna arasındakı müharibə 5 ay yarımdır davam edir. Bu müddətdə Rusiyanın əldə etdiyi hərbi nəticələri qənaətbəxş saymaq olarmı?

Rauf Qurbanov: “Rusiyanın özü müharibənin tez yekunlaşmasını istəmir”

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun özü Rusiyanın qüdrətinin göstəricisidir:

“Nəzərə almalıyıq ki, Rusiya yalnız Ukrayna ilə vuruşmur, həm də NATO və Kiyevə gecə-gündüz yardım edən əlavə 9 ölkə ilə üz-üzədir. Fakt bundan ibarətdir ki, bütün bunların müqabilində Rusiya öz istəyinə nail olur və nəzərdə tutduğu planları həyata keçirir. Başqa sözlə desək, həmin əraziləri Ukraynadakı faşistlərdən azad edir. Mənə elə gəlir ki, Rusiyanın özü müharibənin tez yekunlaşmasını istəmir. Neftin qiyməti elə səviyyəyə çatıb ki, Rusiya hər gün 1 milyard qazanır. Bununla yanaşı buğda və digər strateji məhsulların da qiyməti kəskin qalxıb. Yoxsa çox güclü silahlara malik olan ölkə Ukraynanı və onun prezidentini qısa müddətdə məhv edərdi. Çünki bir keçmiş SSRİ respublikası kimi Ukraynanın bütün strateji obyektləri, hətta prezidentin hansı bunkerdə gizləndiyi barədə Moskvada dəqiq məlumat var. Deməli, Rusiya müharibənin tez bitməsini özü də istəmir. Bununla Rusiya NATO və Avropa İttifaqında ciddi narazılıq yaratmağı planlayır. Artıq bu narazılığın ilkin işartıları özünü göstərməkdədir”.

Emin Həsənli: “Nüfuzunu qorumaq üçün belə kiçik uğurları böyük qələbə kimi təqdim edirlər”

Hərbi-siyasi ekspert Emin Həsənli isə qəzetimizə bildirdi ki, onun bu mövzuda fikirləri tam fərqlidir:

“Müharibə başlamadan əvvəl, Rusiya rəsmiləri tez bir zamanda Ukraynaya qalib gələcəklərini bəyan edirdilər. Hətta deyirdilər ki, tez bir zamanda oradakı prezidenti devirib, yerinə başqa bir siyasətçini gətirəcəklər. Bəzi hərbi ekspertlər bunu real hesab edirdi. Keçən zaman tam əksini göstərdi. Rusiya Kiyevə yaxınlaşsa da, sonra kənara atıldı. Burada Ukrayanaya NATO-nun verdiyi silah və maddi dəstəyi də inkar etmək olmaz. Rusiya müharibənin uzanmasına görə həm daxildə, həm də dünyada nüfuzunu itirib. Rusiya zamanında hərbi gücü ilə qürrələnirdi. Suriyada istəyinə nail də olmuşdu. Ukraynada Rusiya ordusunun qüdrəti ilə bağlı proqnozlar darmadağın edildi. Ona görə də belə kiçik uğurları böyük qələbə kimi təqdim edirlər. Nüfuzunu qorumaq üçün belə şoular yaradırlar”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com