Vüqar İskəndərov: “Özbəkistan bu proseslərdən az ağrı ilə çıxacaq”

Vüqar İskəndərov: “Özbəkistan bu proseslərdən az ağrı ilə çıxacaq”<span class="qirmizi"></span>

“Dünyada yeni siyasi arxitektura formalaşdırılır. Təbii ki, bir çox bölgələrdə, regionlarda çoxdan formalaşdırılmış, ancaq alovlanmamış ocaqlar mövcuddur. Hansısa böyük dövlətlər öz maraqları çərçivəsində lazım olan vaxt həmin ocaqları yandıra, orada hadisələri öz məqsədləri üçün qarışdıra bilir, hansısa məsələlərin həllində əsas rol oynayırlar. Düzdür, bu dövlətlərin çox vaxt ortada adı hallanmır, əlləri yoxmuş kimi görünür. Amma ssenariyə baxanda, baş verənləri izləyəndə görürsən ki, işlərin arxasında hansısa qüvvələr, dövlətlər, qruplar dayanır. Özbəkistan son illər sürətlə inkişaf edən dövlətlərdən biridir. Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə 2017-ci ildən bəri bu ölkədə dərin islahatlar həyata keçilir. Həqiqətən də, son 5 il ərzində Özbəkistan müstəqil siyasət yürütmək sahəsində, biznes və digər strukturların liberallaşması, əsasən də siyasi spektrda çox uğurlu siyasət həyata keçirir. Özbəkistanın Qaraqalpaq vilayətində baş verən hadisələr, əlbəttə, arzuolunan deyil. Azərbaycan dost və qardaş Özbəkistanda sabitliyin, əmin-amanlığın tərəfdarıdır”.

 

Bu sözləri Pravda.az-a Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Vüqar İskəndərov son günlər Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasında baş verən iğtişaşlar barədə danışarkən deyib.

 

Deputat hesab edir ki, Özbəkistan bu proseslərdən az ağrı ilə çıxacaq: “Prezident Mirziyoyevin rəhbərliyi ilə iqtidar komandası vəziyyətə nəzarət edir. İnanıram ki, baş verən hadisələr dərindən araşdırılacaq, bu prosesləri qızışdıran, bu məsələlərdə əli olan insanlar, hansısa qruplar ciddi cəzalandırılacaqlar. 36 milyonluq ölkənin 2 milyonu Qaraqalpaq Muxtar Respublikasının paytaxtı Nukus şəhərində yaşayır. O insanların iqtisadi vəziyyətləri də Özbəkistanın hər yerində olduğu kimi stabil, normaldır. Orada heç bir ayrı-seçkilik və digər məsələlər yoxdur. Yeni Konstitusiya dəyişikliyində Qaraqalpaq Muxtar Respublikasının referendum yolu ilə müstəqilliyini elan etmək və ya başqa ölkəyə birləşmək səlahiyyətinin əlindən alınması təklif edilirdi. Bu, etirazlara səbəb olmuşdu və ölkə Prezidenti Şavkatt Mirziyoyev bunun təkliflərdən çıxarılacağını bildirmişdi. İğtişaşlar bundan qaynaqlansa da, dəqiq informasiyalar və baş verən hadisələrin qiymətini istintaq verəcək. Araşdırılıb, hər bir məsələ üzə çıxarılacaq. Dost özbək xalqına və Özbəkistan Respublikasına əmin-amanlıq, firəvanlıq arzulayıram. Azərbaycanla Özbəkistan arasındakı münasibətlər cənab Prezident İlham Əliyevin Özbəkistan səfərindən sonra daha da yüksək xətlə, yeni çağırışlara adekvat şəkildə, daha dərin inkişaf edəcək. Özbəkistanla bütün sahələrdə, Türk Dövlətləri Təşkilatında, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında və digər beynəlxalq platformalarda çox yaxşı əlaqələrimiz var. Arzu edirəm, qısa zamanda məsələ sabitləşsin, Özbəkistanda həyat öz axarına qayıtsın”.

 

Aytəkin Qardaşova

Mənbə: pravda.az