Ermənistanda “parlament böhranı” - Paşinyanın müxalifləri vəzifələrdən qaçır...

Ermənistanda “parlament böhranı”  - Paşinyanın müxalifləri vəzifələrdən qaçır...<span class="qirmizi"></span>

Elşən Manafov: “Müxalifətsiz parlament bir qədər qeyri-legitim təsir bağışlayacaq”

Müşahidələr göstərir ki, Ermənistan parlamentində böhran dərinləşir. Revanşist müxalifət mitinqlər vasitəsilə uğur əldə edə bilmədiyi üçün digər vasitələrə əl atır. Bu, parlamentin fəaliyyətini iflic etmək yoludur.

Məsələ ondadır ki, ötən həftənin sonlarında “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləri parlamentin təkbaşına iclasını keçirərək, vitse-spiker İşxan Saqatelyanın və İqtisadi məsələlər daimi komissiyasının sədri Vaqe Akopyanın səlahiyyətlərinə xitam verilməsinə səs veriblər. Erməni mediası yazır ki, hakimiyyətin bu addımından sonra müxalifətdə olan “Ermənistan” və “Şərəf duyuram” fraksiyalarının üzvləri Komissiyanın sədri və sədr müavini vəzifələrindən istefa veriblər. Onların arasında Armen Gevorqyan, Tadevos Avetisyan, Artur Xaçatryan və Ayk Mamicanyan da var. Bir sözlə, müxalifətin cavabı gecikməyib və faktiki olaraq onların hamısı (Taquhi Tovmasyan istisna olmaqla) deputatlıqdan imtina ediblər.

Qeyd olunur ki, müxalifət fraksiyaları parlamentin vitse-spikeri və daimi komissiyaların sədrləri vəzifələrinə müəyyən edilmiş müddətdə yeni namizədlər irəli sürməsələr, onlar vakant qalacaq, çünki “Vətəndaş müqaviləsi” fraksiyası namizədlərini irəli sürmək niyyətində deyil. Ancaq məsələ ondadır ki, onlar öz namizədlərini irəli sürə bilməzlər, çünki bu vəzifələr haqlı olaraq müxalifət tərəfindən tutulmalıdır. Son dəyişikliklərə görə, parlament yalnız komissiya sədrlərinin müavinləri vəzifələrinə namizədlər irəli sürə bilər. Hüquqşünaslar və politoloqlar bildiriblər ki, müxalifətin vəzifələri boş qalarsa, o zaman ölkə siyasi böhranın yeni mərhələsi - parlament böhranı ilə üzləşmiş olacaq. Bundan isə siyasi çoxluq (Paşinyanın komandası nəzərdə tutulur) üçün çıxış yolu tapmaq çətin, hətta qeyri-mümkün görsənir.

Maraqlıdır, bütün bu deyilənlərin fonunda Ermənistanda parlament böhranı nə vəd edir?

“Bu faktor da Paşinyanı hakimiyyətə gətirən Qərbin diqqətindən yayınmayacaq”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov buna bir neçə prizmadan yanaşdı: “Aprelin 25-dən müxalifətin başladığı mitinqlər hakimiyyətə təzyiq məqsədi daşıyırdı. Ancaq bu mitinqlərin hakimiyyətə ciddi sosial təzyiq baxımından effektiv olmadı. Çünki müxalifətin bütün səylərinə rəğmən, mitinq iştirakçılarının sayı 2-5 mini keçmirdi. Digər tərəfdən bu mitinqlər hakimiyyətin güc strukturlarının ciddi nəzarəti altında keçirilirdi. Əvvəldən bu mitinqlərin böyüyüb hakimiyyət üçün cciddi problem yaradacağı istisna olunurdu. Mitinqlərin hakimiyyətə təzyiq konteksində effektsizliyini görən Ermənistan müxalifəti mübarizəni küçədən parlamentə keçirdi. Lakin məsələ ondadır ki, Ermənistan parlamentində qüvvələr nisbəti əhəmiyyətli şəkildə “Vətəndaş müqaviləsi” fraksiyasının xeyrinədir. Erməni müxalifətinin təmsilçilərinin parlamentin rəhbərliyindən, ayrı-ayrı komissiyaların sədr müavini vəzifələrindən istefaları, qanunvericiliklə bağlı proseslərə ciddi təsir imkanına malik deyil. Çünki qanunların qəbul olunması üçün kvoruma bu addımların təsiri olmayacaq. O da məlumdur ki, qanuna görə, parlamentdə vitse-spiker və komissiyaların sədr müavinləri vəzifələri müxalifət təmsilçilərindən ibarət olmalıdır. Qanuna görə, hakimiyyət bu yerləri doldurmaq hüququna malik deyil. Müxalifət hesab edir ki, məhz bu amil parlamentin fəaliyyətini müəyyən mənada iflic edə bilər və bu da böhranı dərinləşdirə bilər. Bu baxımdan müəyyən mənada Ermənistanda parlament böhranı yaşanır. Ancaq bu addım heç bir vəchlə parlamentin qanunları qəbul etmək mexanizmlərinə ciddi təsir imkanlarına malik deyil. Belə olan halda müxalifətin maraqları ondan ibarətdir ki, müxalifətsiz parlament bir qədər qeyri-legitim təsir bağışlayacaq. Bu faktor da Paşinyanı hakimiyyətə gətirən Qərbin diqqətindən yayınmayacaq. Ona görə də müxalifətin bu hərəkətləri xarici qüvvələrin Ermənistanda hakimiyyətlə müxalifət arasında yaşanan münasibətlərə diqqəti yönəltməkdir. Digər bir amil ondan ibarətdir ki, erməni müxalifətinin əksər hissəsinin Rusiyayönümlü olması birmənalıdır. İstisna deyil ki, müxalifətin bu hərəkətləri Rusiyadan istiqamətləndirilir. Bununla Rusiya Paşinyana anladır ki, təkcə hərbi və iqtisadi rıçaqlarla Ermənistana təsir imkanına malik deyil. Yəni bu təkcə geosiyasi faktorlarla bağlı deyil. Həm də parlament konteksində müəyyən təsir imkanlarına malikdir. Çünki Paşinyan bütün hallarda Rusiyanın adamı deyil. Paşinyan müxalifətdə olanda bəyan edirdi ki, Ermənistanı Aİİ-dən və KTMT-dən çıxaracaq. Ancaq bütün bunlara nail ola bilmədi. Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti göstərdi ki, Kreml mövcud hakimiyyəti cəzalandırdı”.

Politoloq onu da əlavə etdi ki, Rusiya və ABŞ Qarabağ məsələsindən öz məqsədləri üçün istifadə edir.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com