Lukaşenko Mərkəzi Asiyada yeni müharibənin anonsunu verdi - dünyanı yenidən bölürlər…

Lukaşenko Mərkəzi Asiyada yeni müharibənin anonsunu verdi - dünyanı yenidən bölürlər…<span class="qirmizi"></span>

Yeganə Hacıyeva: “Regionda ABŞ-la Rusiyanın Çinə qarşı bir müştərək oyununun elementləri də sezilməkdədir”

Belarus Prezidenti Aleksandr Lukaşenko deyib ki, dünyanın yenidən bölünməsi uğrunda mübarizədə növbəti savaş Mərkəzi Asiyada olacaq, bunun əlamətləri artıq özünü göstərib:

“Amerikalılar hökmranlıq etmək, birqütblü dünya istəyirlər, başını qaldıranlar isə bombalanır. Səbəb dünyada yeni münasibətlərin yaranması, çoxqütblülükdür. Bu gün təkcə bizim postsovet məkanımızın Avropa hissəsi deyil, keçmiş sovet respublikalarının yerləşdiyi Mərkəzi Asiya uğrunda da mübarizə gedir”.

Lukaşenkonun ehtimal etdiyi müharibə hansı ölkələr arasında ola bilər?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Mərkəzi Asiya geosiyasi, iqtisadi və hərb-strateji əhəmiyyətə malik, ən unikal mineral ehtiyatların, qlobal iqtisadiyyatın normal fəaliyyətinin əsasını təşkil edən karbohidrogen ehtiyatları ilə zəngin, Avropa və Asiyanı birləşdirən mühüm iqtisadi və strateji yolların kəsişməsində yerləşən regiondur:

“Mərkəzi Asiyadan dünya iqtisadi əlaqələrində mühüm rol oynayan dəniz, quru və hava nəqliyyatı xətləri keçir. Həmin region həmçinin dünyada sülhə və təhlükəsizliyə hədə yaradan siyasi və dini ekstremizmin, çoxlu sayda terror təşkilatının fəaliyyət göstərdiyi və oradan da dünyaya yayıldığı bir ərazidir. Birbaşa və kənar oyunçular adlandırdığımız qlobal güclərin Mərkəzi Asiyayanın mineral, karbohidrogen və nəqliyyat ressurslarına nəzarət uğrunda qurduğu xarici siyasət strateji və həyati əhəmiyyətlidir.

Gərginlik haqqında danışırıqsa, Özbəkistanın tərkibində olan Qaraqalpaqıstan Müxtar Respublikası sakinlərinin regionu mövcud suverenliyindən məhrum edəcək əlavə və dəyişikliklərə qarşı mitinqə çıxmaları da çox maraqlı prosesdir.

Qaraqalpaqıstan MR bu gün yaşananların Özbəkistan dövləti üçün xüsusi bir problem yaradacağı inandırıcı deyil, amma kifayət qədər həssas bir regionda yerləşən ölkədəki bu hadisələrdən kənar istifadə cəhdləri mövcuddur.

Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərq regionlarını birləşdirən bir zolaqda yeni nüfuz transformasiyası gedir və bu proses də Mərkəzi Asiyanın vacib ölkələri olan Qazaxıstan və Özbəkistanı əhatə edir. "Türk zolağı" adlandırdığımız yeni transformasiyanın qarşısı Mərkəzi Asiyada alınmağa çalışılır.

Yəni bu hadisələr türkdilli dövlətlərin birliyi ideyasını sabotaj etməklə yeni transformasiya istiqamətində gedən proseslərə mane olmaq üçün həyata keçirilir. Amma Qazaxıstan və Özbəkistanda baş verənləri birmənalı olaraq Rusiya, ABŞ və ya Çinin etdiyini də deyə bilmərik. Çünki burada ortaq, müştərək bir oyun var. Yeni formalaşan bu geosiyasi şərtlərin qarşısını almaqla köhnə şərtlərin aktuallağını qorumaq istiqamətində mübarizə gedir. Bu mübarizədə bütün regional və kənar oyunçular iştirak edir.

Diğər tərəfdən, regionda ABŞ-la Rusiyanın Çinə qarşı bir müştərək oyununun elementləri də sezilməkdədir. Üstəlik, Özbəkistandakı hadisələrin Qazaxıstandakı hadisələr kimi böyüyəcəyini və KTMT qoşunlarının ölkəyə daxil olmasına qədər gedəcəyini düşünmürəm. Çünki indiki şəraitdə Rusiyaya yeni bir müharibə ocağı lazım deyil.

Amma bu proseslərdə iştirak etmək və onların qarşısını almaq Rusiya üçün həyati dərəcədə vacibdir".

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com