Siyasi kollaps: Gələcəyini müəyyən edə bilməyib, ortalıqda vurnuxan Ermənistan

Ermənistanda siyasi böhranlar bir-birini əvəz etməkdədir. Biri bitməmiş digəri başlayır. Son bir neçə ayda, daha doğrusu aprel ayından etibarən Qərbin Ermənistan-Azərbaycan münaqişəsində təşəbbüsçü rolunda çıxış etməsindən sonra Ermənistanda siyasi böhranın yeni bir mərhələsi başlayıb. Bölgədə sabitliyin və sülhün bərqərar olmasında maraqlı olmayan kənar güclərin Ermənistandakı revanşist qüvvələrə dəstək verməsi nəticəsində başlayan, müxalifətin birləşdiyi Müqavimət Hərəkatı davamlı etiraz aksiyalarına başladı. Hətta Müqavimət Hərəkatı mövcud Paşinyan hakimiyyətini qeyri-qanuni hesab edərək, özlərini real hakim qüvvə elan etdilər.

Parlament müxalifəti parlamentin işində iştirak etməklə böhranı yaradaraq hakimiyyət dəyişikliyinə nail olmaq istəyirdi. Lakin nəticədə son bir ildə formalaşdırılan ən ciddi müxalifət birliyi yenə də iflasa uğradı. İki aya yaxın davam edən küçə mübarizəsi nəticədə aksiyalara başlayıb siyasi böhranı yaratmaq barədə sifariş verən xarici güclər tərəfindən yatırıldı. Belə ki, RF xarici işlər naziri Sergey Lavrovun iyunun 8-9-da İrəvana səfərindən cəmi bir neçə gün sonra müxalifət küçələrdən dağıldı.

Bu isə müxalifət düşərgəsində ciddi sarsıntılara və parçalanmalara yol açdı. Müxalifətin parçalanması və uğrusuz fəaliyyəti bununla bitmədi. Sabiq DTX rəisi, “Vətən” partiyasının lideri, parlamentin “Şərəfim mənim” fraksiyasının rəhbəri Artur Vanetsyanın həm müxalifətin Müqavimət Hərəkatından çıxması, həm də deputat mandatından imtinası yeni siyasi kollapsa səbəb olub. Hakim “Vətəndaş müqaviləsi” partiyası müxalifətin parlamentə dönəcəyini gözləsə də, bu baş vermədi. Vanetsyanın mandatdan imtinasından sonra hakim partiya müxalifəti cəzalandırmaq qərarına gəldi. Nəticədə hakim “Vətəndaş müqaviləsi” fraksiyası parlamentdə müxalifətdən olan vitse-spiker İşxan Saqatelyanın və komissiya sədri Vaqe Akopyanın vəzifə səlahiyyətinə xitam verdi. Buna etiraz olaraq müxalifətdən parlamentdə vəzifələrdə təmsil olunan deputatlarla yanaşı, sıravi deputatlar da mandatdan imtina etməyə başladı. Lakin müxalifətin bu siaysi oyunu da uğrusuzluğa səbəb olub. Belə ki, heç də bütün deputatlar mandatdan imtina etmək niyyətində deyil. Hətta “Şərəfim mənim” fraksiyasından olan və parlamentdə insan haqları, ictimai məsələlər komissiyasının sədri Taqui Tovmasyan siyasi partiya təmsilçiliyindən imtina edərək müstəqil deputat kimi fəaliyyət göstərməyə başlayıb. Robert Köçəryanın lideri olduğu “Ermənistan” parlament fraksiyasından olan deputat Aram Vardenyan da deputat mandatından imtinanı düzgün taktika hesab etmir.

Bütün bunlar onu göstərir ki, Ermənistanda siyasi böhranlar davamlı olacaq və bu da öz növbəsində Ermənistan dövlətçiliyinə öz mənfi təsirlərini göstərdiyi kimi, bundan sonra da göstərəcək.

Növbəti səbəb isə fərqli beynəlxalq güclər arasında seçimini edə bilməməsidir. İki fərqli gücü- Qərblə Rusiya arasında vurnuxur. Lakin unudur ki, xüsusən də indiki şəraitdə bir-biri ilə açıq qarşıdurmada olan güclərin maraqlarını İrəvanın maraqları baxımından uzlaşdırmaq qeyri-mümkündür. Bu, əksinə nəinki Ermənistan, eyni zamanda bölgə üçün əlavə ciddi təhdid mənbəyidir.

Ermənistanda hökm sürən siyasi böhranların bir səbəbi var, bu da, Azərbaycana qarşı ərazi iddiası və işğalçılıq siyasətidir. Amma burada da uduzan və daha çox əziyyət çəkən tərəf Ermənistan və ermənilər olub. Hansı ki, bu gün onun acısını yaşamaqdadırlar.

Digər səbəb isə 44 günlük müharibədən sonra Ermənistanın gələcəyi ilə bağlı strategiyasını müəyyən edə bilməməsidir. Ermənistan bir dövlət olaraq gələcəyi ilə bağlı nə qədər düzgün strategiya müəyyənləşdirib, siyasət yürütməyəcək, hər zaman siyasi, iqtisadi, sosial və hakimiyyət böhranları bir-birini əvəz edəcək. Bu da ondan ibarətdir ki, Ermənistan Cənubi Qafqaz bölgəsində bir dövlət kimi fəaliyyət göstərib, sabit bir ölkə kimi formalaşmaq istəyirsə, o zaman Azərbaycan və Türkiyə ilə beynəlxalq hüquq normaları çərçivəsində mehriban qonşuluq şəraitində münasibətlərini qurmalıdır. Ermənistan anlamalıdır ki, əgər Azərbaycanın ən zəif dövründə istəyinə nail ola bilməyibsə, bundan sonra bütün revanşist hərəkətləri iflasa uğrayacaq və bunun layiqli cavabını alıb, bundan sonra da alacaq. Azərbaycan nəinki bölgədə güclənir, eyni zamanda yeni dünya düzənində geosiyasi əhəmiyyətini artıraraq ciddi beynəlxalq, regional səviyyəli aktyor rolunda çıxış edir. Bu isə Azərbaycanın həm beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə, həm də ciddi oyunçu kimi əlavə dividentlər gətirir. Gücünə güc qatır. Belə olan halda bu, Ermənistanın Azərbaycana yönəlik siyasəti iflasdan və özünü geriyə atıb, dövlətçiliyinə zərbə vurmaqdan başqa bir şey deyil.

Baş verən proseslər bir daha onu sübut edir ki, Ermənistanın gələcəyi ilə bağlı Azərbaycan və Türkiyənin sülh təklifini qəbul edib, normal münasibətlər qurmaqdan başqa alternativi yoxdur. Odur ki, Ermənistan üzləşdiyi qeyri-müəyyənliyə son qoymalı və gələcək strategiyasını düzgün seçməlidir. Bunun əksi isə siyasi kollapsa - sonu çox ciddi nəticələrə səbəb olacaq proseslərə gətirib çıxaracaq. Bu zaman da uduzan özləri olacaq.

Mürtəza
Ölkə.Az

Olke.az

ƏVVƏLKİ XƏBƏR

Şuşadakılar Baku TV-yə danışdılar – VİDEO

SONRAKI XƏBƏR

Rusiyada yeni neft yatağı aşkarlanıb