Rusiya Türkiyədən asılı duruma düşür: Ərdoğan Putinin ayaqları altından “xalça”nı çəkərmi

Rusiya Türkiyədən asılı duruma düşür: <span class="qirmizi">Ərdoğan Putinin ayaqları altından “xalça”nı çəkərmi</span>

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan həm ABŞ və Qərb, həm də Rusiya üçün həlledici faktor rolunu oynayan bir çox “siyasi kartları” indi öz əlində cəmləşdirib… Kreml öz davranışları ilə rəsmi Ankaranı mövqeyini konkretləşdirmək məcburiyyətində qoyarsa, Türkiyənin atacağı addımlar “Rusiyanın ayaqları altından torpağın qaçması” ilə nəticələnə bilər...

NATO-nun İsveç və Finlandiyanın hesabına genişlənməsi prosesi hələ yekun nəticədən çox uzaqdır. Çünki, bu iki ölkə NATO-nun Madrid sammitində Şimali Atlantika Alyansı üzvlüyünə sadəcə, dəvət alıb. Üstəlik, bu barədə müqavilə də imzalanmalıdır. Halbuki, heç rəsmi sənədin imzalanması da İsveç və Finlandiyanı NATO-nun tamhüquqlu üzvünə çevirməyəcək.

Məsələ ondadır ki, prosedura görə, İsveç və Finlandiyanın NATO-nun “təhlükəsizlik çətiri” altına sığına bilməsi üçün bu iki ölkə ilə imzalanacaq müqavilənin Şimali Atlantika blokuna üzv 30 ölkənin parlamentlərində ratifikasiya olunması qaçılmazdır. Ona görə də, hesab etmək olar ki, bu iki ölkənin “NATO ümidləri”nin doğrulması hələ də Türkiyədən asılıdır. Və rəsmi Ankara bu məsələdə heç bir güzəştə hazırlaşmır.

Prezident Rəcəb Tayyib Ərdoğanın “İsveç və Finlandiyanın üçtərəfli memoranduma nə qədər sadiq olduqlarını diqqətlə izləyirik” deməsindən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bu məsələyə münasibət bildirib. O, vurğulayıb ki, İsveç və Finlandiya üçtərəfli memorandumla öz üzərlərinə götürdükləri öhdəlikləri mütləq icra etməlidirlər. Əks halda, Türkiyə parlamenti onların NATO üzvlüyünə qəbul olunması ilə bağlı ümumi müqaviləni qətiyyən ratifikasiya etməyəcək. 

Maraqlıdır ki, İsveç və Finlandiyanın siyasi rəhbərlikləri Türkiyənin tələblərinə həssas yanaşılmasının qaçılmazlığı ilə barışıblar. Hər iki ölkə bəyan edib ki, öz ərazilərinin “terrorçu sığınacağı”na çevrilməsinə imkan verməyəcəklər. Terrorizmlə mübarizə ilə bağlı qanunları sərtləşdirəcəklər. Terrorçuluq fəaliyyəti ilə məğul olduqları sübuta yetirilmiş şəxslər Türkiyəyə ekstradisiya olunacaq: “Bundan narahat olanlar və narazı qalanlar var. Ancaq bu, yersizdir. Çünki, terrorizmlə heç bir əlaqəsi olmayanları hər hansı təhlükə gözləmir”.

Göründüyü kimi, NATO-nun genişlənməsinə yönəlik proseslər məhz Türkiyənin istədiyi məzmun daşıyır. İndi bu prosesin yekun nəticəsi birmənalı şəkildə rəsmi Ankaranın siyasi iradəsinə bağlıdır. Halbuki, bəzi Qərb siyasi dairələri Türkiyənin NATO-ya bu qədər geniş təsir və təzyiq imkanları qazanmasından qətiyyən məmnun deyillər.

Rəsmi Ankara ilə rəqabət aparan Qərb siyasi dairələrində hesab olunur ki, prezident R.T.Ərdoğan ölkəsinin hərbi müttəfiqlərinə “Türkiyənin NATO-ya deyil, məhz NATO-nun Türkiyəyə daha çox ehtiyacı var” mesajını verməyə çalışır. Xüsusilə də, artıq Qərbdə anlayırlar ki, Rusiya ilə effektiv mübarizə aparmaq şansının qazanılması üçün ilk növbədə Türkiyənin bu prosesə birmənalı dəstəyini təmin etmək lazımdır. Və rəsmi Ankaranın tələblərini yerinə yetirmədən, Türkiyəni narazı salaraq isə bu, qətiyyən mümkün deyil.

Təbii ki, NATO daxilində Türkiyənin şərt-tələblərinə həssas yanaşılması, həm də ABŞ prezidenti Co Baydenin Rusiya ilə mübarizədə qələbə qətiyyətini sınaqdan çıxartmış oldu. Hər halda, Türkiyənin Rusiyaya qarşı mübarizəyə cəlb edilməsinin vacibliyini anlayan Ağ Ev sahibi rəsmi Ankara ilə NATO arasındakı məlum mübahisənin nizamlanmasında həlledici rol oynadı.

27165000_0_123_1601_1023_1920x0_80_0_0_af71e63d7e7d4c8ae918a7a8f3b501b2.jpg (420 KB) 

Bütün bunlar onu göstərir ki, hazırda dünya siyasət məkanında təşəbbüs tədricən Türkiyənin əlinə keçməyə başlayıb. Prezident R.T.Ərdoğan Ukrayna böhranının bütün dünyanı öz təsiri altına aldığı bir mühitdə həm təcrübəli siyasi lider, həm də Qərb və Şərq arasında dialoq apara biləcək yeganə dövlət başçısı kimi diqqəti cəlb edir. İndi Türkiyə lideri ABŞ və Qərb üçün həlledici faktor rolunu oynayan bir çox “siyasi kartları” öz əlində cəmləşdirib.

Məsələ ondadır ki, Ukrayna savaşı bölgəsindən dünya bazarlarına taxıl məhsullarının çıxarılması, bunun sayəsində ərzaq qiymətlərinin nəzarət altında saxlanması da rəsmi Ankaranın yoluna qoya biləcəyi problemlərin sırasına daxildir. Qərbdəki rəqiblərinin xoşuna gəib-gəlməməsinmdən asılı olmayaraq, hazırda Türkiyə NATO üçün həm hərbi, həm də siyasi-diplomatik istiqmətlər üzrə əvəzolunmaz geopolitik oyunçudur. Və bu baxımdan, NATO-da rəsmi Ankaranın mövqelərinin daha da möhkəmlənməsi Türkiyəyə həm Rusiyaya, həm də Kremlin məcburi müttəfiqi Çinə “meydan oxumaq” imkanları açır.

Onu da nəzərə almaq lazımdır ki, hazırda NATO yaxın 20 il üçün hazırladığı ümumi təhlükəsizlik modelini sınaqdan keçirtməyə çalışır. Belə vəziyyətdə isə ABŞ prezidenti Co Bayden üçün Türkiyənin fəal şəkildə bu prosesin içərisində qalmasına nail olunması taleyüklü hədəf rolunu oynayır. Çünki, əgər, Kreml NATO daxilində ziddiyyətlərdən və Türkiyənin bu hərbi-siyasi alyansla məsafə saxladığından əmin olarsa, bu, Rusiyanın mövqelərini möhkəmləndirə bilər.

ep700.jpg (71 KB) 

Türkiyəsiz NATO modeli, beynəlxalq hərbi-siyasi məkanda təşəbbüsün yalnız Çinin dəstəyinə ümid bəsləmək məcburiyyətində qalan Rusiyanın əlinə keçməsinə səbəb ola bilərdi. Yəni, Madrid sammitindən sonra da NATO daxilində kəskin ziddiyyətlərin qalması, Rusiyanın daha qətiyyətli davranmasına əsas verərdi. Və bu baxımdan, rəsmi Ankaranın NATO daxilindəki problemlərini böyük ölçüdə həll edə bilməsi indi Kremldə böyük məyusluq doğurub.

Belə anlaşılır ki, Rusiya prezidenti Vladimir Putinin narahat olması üçün kifayət qədər səbəblər mövcuddur. İndiyə qədər rəsmi Ankara ilə ABŞ və Qərb arasında olan ziddiyyətlər Rusiyaya NATO-da monolitliyin pozulduğunu düşünmək imkanı verirdi. Bu baxımdan, Kremlin daha əmin addımlar atması, NATO-nun maraqlarına müdaxilə etməsi o qədər də ciddi problem yaratmırdı. İndisə, vəziyyət ciddi şəkildə dəyişməyə başlayıb.

Məsələ ondadır ki, bundan sonra Rusiya da müəyyən mənada, Türkiyənin verəcəyi qərarlardan asılı vəziyyətə düşə bilər. Çünki, NATO ilə münasibətləri normallaşmış Türkiyə Rusiya üzərində siyasi-psixoloji üstünlüyü özü üçün təmin etmiş kimi görünür. Bu baxımdan, Kreml öz davranışları ilə rəsmi Ankaranı mövqeyini konkretləşdirmək məcburiyyətində qoyacağı təqdirdə, bütün dünyaya qətiyyətli dövlət lideri olduğunu artıq sübut etmiş prezident R.T.Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin də ayaqları altından xalçanı çəkib, ala bilər. Belə olarsa, həm də “torpağın Rusiyanın ayaqları altından qaçacağı” qətiyyən şübhə doğurmamalıdır.

Mənbə: musavat.com