Çavuşoğlunun mesajı İrəvanı qıcıqlandırdı – “Azərbaycanla məsləhətləşmək...”

 

Ermənistan parlamentinin vitse-spikeri və Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan Ankara ilə görüşlərin niyə üçüncü ölkələrdə keçirildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, erməni diplomat Türkiyənin danışıqları Azərbaycanla koordinasiya etməsi məsələsinə də toxunub.

“Türkiyə rəsmilərinin xüsusi nümayəndələrin görüşlərinin Ankara və İrəvanda keçirilməsi təklifi təxminən 1.5-2 ay əvvəl verilib. Bu, Türkiyənin bu prosesə ikitərəfli proses kimi baxması deməkdir. Ancaq indiki halda yüksək rütbəli rəsmilərin Türkiyənin bu prosesi Azərbaycanla koordinasiya etməsi barədə ictimaiyyətə verdiyi açıqlamalar bir az qəribə görünür”, - Rubinyan deyib.

Bundan əlavə, İrəvan Ermənistan və Türkiyə vətəndaşlarının diplomatik pasportlarla Ermənistan-Türkiyə quru sərhədindən keçmək imkanlarının təmin edilməsini təklif edib. Rubinyanın sözlərinə görə, bu, kiçik addım olsa da, simvolik mənası ola bilər.

“Türkiyəli həmkarlarımız İrəvan və Ankarada görüşlər keçirmək istəsələr, onların da bu addıma razılıq verməsi məntiqli olardı”, - erməni diplomat bildirib.

Eyni zamanda, vitse-spiker qeyd edib ki, türk həmkarı Sərdar Kılıçla keçirdiyi 4 görüşün heç birində sonuncu heç vaxt Ermənistan-Azərbaycan münasibətlərinə toxunan məsələ qaldırmayıb.

“Bunlar ayrı proseslərdir”, - Rubinyan vurğulayıb.

O söyləyib ki, Türkiyə Ermənistanın “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması fəaliyyətini dayandırması və ya bu məsələdə mövqeyini yumşaltması üçün şərt qoymayıb.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Ermənistanla aparılan danışıqlarla bağlı bütün mərhələlərdə Azərbaycanla məsləhətləşdiklərini bildirib.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Umayra Tağıyeva: "Azərbaycanda sürəti 25 m/s yuxarı küləkli günlərin sayı artıb"

SONRAKI XƏBƏR

Avropa insan ətinin dadını niyə təşviq edir? – QORXUNC GƏLİŞMƏLƏR