Bayramovun 23 yaşlı xanıma yüksək vəzifə verməsi niyə qalmaqal yaratdı? - Sabiq nazirdən AÇIQLAMA

Xarici İşlər Nazirliyində (XİN) 23 yaşlı xanımın yüksək vəzifəyə təyin olunması bir neçə gündür gündəmə çevrilib.

1998-ci il təvəllüdlü bir şəxsin XİN kimi strateji qurumun Maliyyə İdarəsinin şöbə müdiri olması tənqid edilir, hətta bu təyinatın altında başqa məqsədlər güdənlər də var.

Məsələ ilə bağlı sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Bakupost.az -a açıqlama verib.

Sabiq nazirin sözlərinə görə, bu, siyasi vəzifə olmadığı üçün heç bir narahatlığa əsas yoxdur:

“Maliyyə İdarəsinin şöbə müdiri postu texniki vəzifədir. Burada maliyyəni idarə etmək və ona nəzarət məsələsi var ki, bu, çox da mürəkkəb iş deyil. Çünki artıq idarənin və şöbənin müəyyən qaydaları çoxdan tətbiq olunub, ənənəvi olaraq istifadə olunur, orada təcrübəli insanlar çoxdur, əlavə olaraq hansısa xüsusi biliklərə malik olmağa ehtiyac yoxdur. Bu işdə əsas meyar şəffaflıq və dürüstlükdür. Əgər nazir belə qərar qəbul edibsə, deməli onun səbəbləri var”.

T.Zülfüqarov siyasi və texniki idarələrə işə qəbul prosedurlarının fərqli olduğunu bildirib:

“Diplomatik işə qəbul xüsusi prosedur tələb edir: imtahanlar, xarici dil biliyi, müxtəlif mütəxəssislərin təcrübə kursundan keçmək, psixoloji vəziyyətin yoxlanması... Texniki işlərə gəldikdə, o, daha sadə şəkildə həll olunur.

Siyasi əhəmiyyətli idarələrdə işə qəbul fərqlidir: ayrı-ayrı formada işə qəbul mexanizmləri tətbiq olunur.

Bir şeyi xüsusi qeyd edim ki, maliyyə idarələrinin işi daim hansısa orqanların nəzarəti altında olur. Hesablama Palatası əsas nəzarətedici orqandır. Həmçinin, Maliyə İdarəsinin işi Maliyə Nazirliyinə də bağlıdır. Bu baxımdan nazirin qərarında hər hansı narahatlıq doğuran məqam yoxdur”.

 

Fəridə

Bakipost.az

ƏVVƏLKİ XƏBƏR

"Volvo" Rusiyada işçilərini ixtisar edir

SONRAKI XƏBƏR

“Qarabağ”dan ayrıldı, “Zirə”yə keçdi - Rəsmi