Mərkəzi Asiyada vəziyyət yenidən qarışır - Özbəkistan QƏRARINI VERDİ

"Özbəkistan məsələsi düşünürəm ki, birmənalı deyil. Orada bir neçə faktor var".

Bunu Milli.Az-a açıqlamasında iqtisadi, siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, Rusiya Qaraqalpaq məsələsindən Özbəkistanın ərazi bütövlüyünə təhdidedici şəkildə istifadə etməyə qərar verdi:

"Özbəkistan məsələsində birinci faktor odur ki, orada qaraqalpaqların çox geniş muxtariyyət hüquqları var. Bu hüquqa görə, onlar ayrıla, Özbəkistandan başqa dövlətə birləşə, Özbəkistanın tərkibində qala da bilərlər. Məhz onların əlindən indi bu hüququn alınması burada istənilən halda iğtişaşlara səbəb olub. Düşünürəm ki, burada mərkəzi hakimiyyətin də ehtiyatsızlığı var.

Kənar qüvvələrin ona təsir məsələsi də istisna edilmir. Burada Rusiyanın çox böyük təsirinin olduğu ehtimal edilir. Çünki Ruisya mayın əvvəllərində Özbəkistanı KTMT-yə dəvət etdi. Bundan əvvəl də xatırlayırsınızsa, Qazaxıstan hadisələri dövründə Belarus prezidenti A.Lukaşenko da Özbəkistanı KTMT-yə dəvət etmişdi. Aydın məsələdir ki, burada mesaj Özbəkistanın təşkilata qatılması idi.

Özbəkistan bunun əvəzində Türkiyə ilə birlikdə hərbi təlimlər keçirdi, Türkiyə ilə birgə hərbi müttəfiqlik müqaviləsi imzaladı, daha sonra Azərbaycanla birlikdə iqtisadi, siyasi və hərbi yaxınlaşma həyata keçirdi. Aydın məsələdir ki, Özbəkistan bu seçimdə məhz Rusiyanın yaratdığı İttifaqdan daha çox müəyyən qədər Türk İttifaqına meyil etməyə çalışdı.

Özbəkistanda Rusiyanın çox güclü dayağı var və ona görə, mən Özbəkistanın Rusiya ilə birbaşa qarşı-qarşıya gələcəyini düşünmürəm. Amma Özbəkistan özünə manevr üçün imkan yaratdı, - yəni Azərbaycan üzərindən Türkiyə ilə birlikdə Rusiyaya qarşı qoyacağı bir manevr imkanı yaratdı. Məhz bu məsələyə görə Qaraqalpaq məsələsindən Rusiya Özbəkistanın ərazi bütövlüyünü təhdidedici şəkildə istifadə etməyə qərar verdi. Necə ki, Azərbaycana qarşı Qarabağ, Gürcüstana qarşı Abxaziya və Osetiya, Ukraynaya qarşı Krım, Moldovaya qarşı Dnestrayanı kimi bu cür təhlükəli zonalar yaradaraq bizi təsir altında saxlamaq istəyir, Özbəkistana qarşı da Qaraqalpaq məsələsindən istifadə edir.

Amma indiki dövrdə bunu Rusiyanın həddindən çox qaşıyacağını düşünmürəm. Çünki Rusiya bunu çox qaşısa, açıq şəkildə Özbəkistanı qarşısını almış olar və bundan sonra Özbəkistanı itirə bilər. Çünki indiki halda Rusiya bur cəbhədə mübarizə aparır və ikinci cəbhədə bunun gücləndirilməsi Rusiyanın demək olar ki, həddən çox iştirakçılarını itirməsinə və Rusiyanın zəifləməsinə gətirib çıxarardı.

Ona görə düşünürəm ki, Rusiya Özbəkistanda Qaraqalpaq məsələsini mümkün qədər təmkin və sakit şəkildə həll etməyə çalışacaq, Özbəkistana sadəcə öz təsir rıçaqlarını, öz gücünü göstərdi və bununla qarışıqlıq yarada biləcəyini nümayiş etdirdi.

Özbəkistan çox önəmli fiqurdur. Özbəkistan Şərq-Qərb yolu üzərində - Çindən başlayıb Britaniyaya qədər uzanacaq bu yol üzərində çox önəmli bir mövqedə yerləşir və Özbəkistan olmadan bu yolun effektli çalışması mümkün deyil. Ona görə düşünürəm ki, Rusiya məhz Türkiyə-Azərbaycan-Türkmənistan-Özbəkistan xəttinin formalaşmasına icazə vermək istəmir, bunun üçün Özbəkistan üzərində xüsusi təzyiq formalaşdırır".

Təhməz Əsədov
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistan prezidentinə qarşı xiyarla aksiya keçirilib - FOTO+VİDEO

SONRAKI XƏBƏR

Batumidə Azərbaycan vətəndaşı 4 il müddətinə azadlıqdan məhrum edilib