İranın Türkiyə əleyhinə bəyanatı… - Ağar

Hazırda Suriyada İranın rəsmi şəkildə hərbi qüvvələri yoxdur. Lakin orada İranın apardığı əməliyyatları idarə etmək üçün Qüds briqadasının hərbi məsləhətçiləri və şiə milisləri, eyni zamanda, “Fatimiyyun”, “Zeynəbiyyun”, "Əbülfəzl Abbas" adlı hərbi birləşmələr var.

Bu sözləri Axar.az-a açıqlamasında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Suriya səfəri zamanı Türkiyə haqqında sözləri barədə danışan terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

Ekspert Abdullahianın bu açıqlamasının Ankara və Tehranı qarşı-qarşıya qoymaq istəyənlərin əlində fürsət ola biləcəyini qeyd edib:

“Tehranın Suriyada şiə mərkəzli siyasi islam hədəfləri var. Buna görə də Türkiyəni İranın bölgədə nüfuz dairəsini genişləndirməsi məsələsində təhdid olaraq görürlər. Biz İraqda da müəyyən yerlərdə belə vəziyyətlə qarşılaşırıq. Abdullahianın Suriyanın paytaxtında Türkiyənin unitar quruluşuna, milli təhlükəsizliyinə təhdid olan terror təşkilatının qoruyan cümlələr qurması qonşuluq və ikitərəfli diplomatik münasibətlər baxımından doğru deyil. Hazırda müəyyən güclərin Türkiyə və İranı məzhəb zəminində müharibəyə sürükləmək üçün var gücləri ilə çalışdıqlarını görürük. Ona görə belə mövzularda rəsmi Tehran Ankara kimi diqqətli davranmalıdır. Digər tərəfdən Türkiyənin Suriyanın ərazi bütövlüyünə zərər yetirəcək ən kiçik bir iddiası yoxdur. Bizim istəyimiz terrorla mübarizə aparmaq və onu bitirməkdir”.

Abdullah Ağar Türkiyə və İranın Suriyada əsas vəzifəsinin məzhəb və digər zəminlərdə mübahisələrin, toqquşmaların aradan qaldırılması olduğunu vurğulayıb:

“Ölkəmizin terrorla mübarizəsi iki əsas müstəvidə formalaşır. Bunlardan birincisi, müharibə və terrora görə məcburi köç edən, öz yerindən qaçqın düşən əhalidir. İranın bu insanların geri qayıtmasını istəmədiyi gün kimi aydındır. Abdullahianın Suriyadan Türkiyəyə qarşı fikirlər səsləndirməsi bu baxımdan da diqqət çəkir. İkinci məsələ isə odur ki, Türkiyə tarazlığı, balansı saxlamaq üçün ciddi şəkildə çalışır. Ankaranın ABŞ və NATO ilə münasibətlərinin yaxşılaşması İranı çox narahat edir. Bütün bu səbəblərə görə, verilən açıqlamalarda fərqlilik meydana gəldi. NATO toplantısından əvvəl Rusiya və İrandan Türkiyənin Suriyada yeni əməliyyatına hansısa bir şəkildə razı ola biləcəkləri barədə mesajlar gəldi. Ancaq toplantı zamanı və sonrasında açıqlamalar sərtləşdi. Türkiyənin indiki mövqeyi taktika, əməliyyat, qlobal geosiyasət baxımından doğrudur. Lakin Ankara terror məsələsi ilə bağlı həssaslığının mənfi yöndə istifadə edilməsindən son dərəcə narazıdır. Məncə, İran bunu etməməlidir. İran müxtəlif formalarda PKK və YPG ilə əlaqələr qurmamalıdır, ancaq təəssüf ki, biz tam əksini görürük. Türkiyə İran əleyhinə heç bir terror təşkilatını dəstəkləmir. İranın Suriyadakı rejimin leqallığı məsələsini istifadə edərək orda tərəf olması problemin həllini istəyən yox, onu dərinləşdirən yanaşmadır. Fikrimcə, Türkiyə ilə İranın Suriyadakı əsas vəzifəsi məzhəb fitnəsinə son qoymaq üçün nəzəri və praktiki həll yollarını tapmaq, əhalinin normal yaşayışının təmini istiqamətində addımlar atmaqdır”.

Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian iki gün öncə Dəməşqə səfəri zamanı Türkiyənin Suriyanın şimalında istənilən hərbi əməliyyatının regionun təhlükəsizliyinə təhdid təşkil etdiyini və qeyri-stabilliyə səbəb olacağını vurğulayıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda avtobus "MMX" dirəyinə çırpıldı - VİDEO

SONRAKI XƏBƏR

Ukraynadakı müharibə daha təhlükəli çoxqütblü dünya yaradır