Türk dövlətləri bir-birinin ardınca niyə cəzalandırılır?

 

“Özbəkistanı Türk Dövlətlər Birliyinin yaranmasında fəal iştirakına, Turan ideyasını qəbul etdiyinə və bu işə töhvə verdiyinə görə cəzalandırırlar. Cəzalandıran isə bir mərkəzdir. Rusiya başda olmaqla, imperiya təxəyüllü siyasətçilər tərəfindən cəzalandırılır. Təəssüflər olsun ki, bu zaman alət kimi ümumitürk şüuruna malik olmayan, Turançılıq ideyası haqda təsəvvürləri olmayan müəyyən türk qövmlərini hədəf kimi seçirlər”.

Bunu Teleqraf.com-a professor Qabil Hüseynli bildirib.

O xatırladıb ki, Qaraqalpaqıstan dedikdə söhbət qarapapaqlardan (Türk dilində "papaq" və "qalpaq" eyni sözü ifadə etməkdədir. Buna görə də "qarapapaq" və "qaraqalpaq" etnonimləri bir-birinin sinonimidir) gedir:

“Əgər Özbəkistanda onların sayı 1,3 milyondursa, Azərbaycanda Qarapapaq mənşəlilərin sayı 1,5 milyona yaxındır. Gürcüstan azərbaycanlılarının hamısı, Qərbi Azərbaycandan olan azərbaycanlıların az qala yarısı qarapapaqlardır. Onların da oğuz-qıpçaq mənşəyi var. Və onlar ümumitürk şüurunun daha yaxşı formalaşdığı toplumdur. Əlbəttə, onlar da Özbəkistanda baş verənləri bəyənmirlər, bunu ümumtürk ideyasının əleyhinə olan qüvvələrin təxribatı sayırlar. Hesab edirik ki, Özbəkistanın milli birliyinə, ərazi bütövlüyünə zərər gətirəcək istənilən hadisə pislənməlidir. Özbəkistan dövləti də separatçı meylləri yayan qrupları ciddi şəkildə qanunlara tabe olmağa dəvət etməlidir”.

Qabil Hüseynli qeyd edib ki, bu yaxınlarda Qazaxıstan prezidenti Tokayev özbəkistanlı həmkarı Şevkət Mirziyoyeva telefon açaraq ona bu ilin yanvar ayında ölkəsində baş verən hadisələrin təcrübəsindən çıxış edərək sabitliyi pozan qüvvələrə qarşı sərt tədbirlər görülməsini tövsiyə edib:

“Söhbət bu sözlərin altında necə böyük mənanın gizləndiyindən getmir. Həm də ondan gedir ki, “Qazaxıstanda olan hadisələr Özbəkistanda təkrarlanacaq”, - deyən Lukaşenkodan fərqli olaraq Tokayev artıq bu hadisələrin dəqiq mənzərisini bildiyindən və kifayət qədər məlumata malik olduğuna görə, Özbəkistan rəhbərliyinə daha qiymətli məsləhətlər verə bilər. Çox güman ki, telefon danışığı zamanı belə məsləhətlər verib. Turan ideyası çoxlarını narahat edir. Türk Dövlətləri Birliyinin yaranması müəyyən mərkəzləri qıcıqlandırıb. Ona görə də bir-birinin ardınca türk dövlətlərində ixtişaşlar və təxribatlar törətməyə cəhd edirlər. Amma bununla türk dövlətlərinə maneə ola bilməyəcəklər. Xüsusilə, türk dövlətlərinin Avropaya inteqrasiyası istiqamətində atacaağı addımların qarşısını almaq mümkün olmayacaq. Zənnimcə, fitnəkarları və təxribatçıların kim olduğunu hamı bilir və həmin qüvvələrin zərərləşdirilməsi istiqamətində iş aparırlar”.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə böyük mafiya əməliyyatı: məşhur isimlər prokurorluğa çağırıldı

SONRAKI XƏBƏR

Bakı metrosunda sərnişinə görə qatarı saxladılar - MÜƏMMA