“ABŞ bu addımı atsa, “Azadlıq” heykəlini söksün” - Prezident

“ABŞ bu addımı atsa, “Azadlıq” heykəlini söksün” - Prezident<span class="qirmizi"></span>

 

Meksika Prezidenti Andres Manuel Lopez Obrador “Vikiliks” saytının qurucusu Culian Assancın ABŞ-a ekstradisiya edilərək mühakimə olunacağı təqdirdə, Nyu-Yorkdakı “Azadlıq” heykəlinin sökülməsinə çağırış edəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, Obrador Assancın Amerikaya göndərilməsinin qarşısını almaq üçün cəhdlər edəcəyini söyləyib.

“Əgər o, ABŞ-a aparılıb, maksimum müddətə həbs cəzasına məhkum edilərsə, Nyu-Yorkda yerləşən fransızların bağışladığı “Azadlıq” heykəlinin sökülməsi kampaniyasına başlamalıyıq. Çünki bu halda o, artıq azadlığın simvolu olmayacaq”, - Meksika lideri deyib.

Onun sözlərinə görə, bu məsələni ABŞ Prezidenti Co Baydenlə danışıqlarda müzakirə etmək niyyətindədir. O, bundan əvvəl keçmiş həmkarı Donald Trampa əfv üçün müraciət etdiyini xatırladıb.

İyunun 17-də Böyük Britaniya Daxili İşlər Nazirliyi Assancın ABŞ-a ekstradisiya edilməsi barədə qərar qəbul edib. Məhkəmə ekstradisiyanın repressiv və ədalətsiz addım olmadığı qənaətinə gəldiyini açıqlayıb.

Assanc iyulun 1-də ekstradisiya qərarından apellyasiya şikayəti verib.

Assanc müxtəlif dövlətlərin, o cümlədən ABŞ hökumətinin məxfi materiallarının dərci ilə bağlı məşhurlaşıb. ABŞ-da onu məxfi məlumatları yaydığına görə 175 ilə qədər həbs gözləyir.

Mənbə: teleqraf.com