Ermənistan Zəngəzur dəhlizini də açır, Qarabağdan Azərbaycan vətəndaşlığını istəməyən erməniləri də çıxarır...

Ermənistan Zəngəzur dəhlizini də açır, Qarabağdan Azərbaycan vətəndaşlığını istəməyən erməniləri də çıxarır...<span class="qirmizi"></span>

Bu gün düşdüyü dalandan çıxa bilmək üçün Ermənistanın yeganə xilas yolu Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamaq, əməkdaşlıq münasibətləri yaratmaqdır. Bu, həm də Ermənistanın imzasının olduğu üçtərəfli bəyanatların şərt və tələbləridir.

İndi Ermənistanda da eritar edilir ki, bu bəyanatlardan irəli gələn şərtlərin yerinə yetrilməsi, xüsusən də Zəngəzur dəhlizinin açılması, Qarabağda qalan ermənilərin ya köçməsi, ya da Azərbaycan vətəndaşlığını qəbul etməsi qarşısıalınmaz prosesdir. Ermənistanın “Qraparak” nəşri yazır ki, İrəvanın dediklərinə baxmayaraq, Zəngəzur dəhlizinin açılması istiqamətində fəal iş gedir: “Məlum olduğu kimi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasını nəzərdə tutur. Burada qeyd edlir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Ermənistan səlahiyyətliləri blokadadan çıxarılmış yolların hardan keçəcəyini, yəni Azərbaycandan Türkiyəyə və əksinə hansı yollarla bağlanacağını açıqlamağa tələsməsələr də, Zəngəzurda 4-5 yol variantının müzakirə olunduğunu deyirlər, bununla azərbaycanlıların Ermənistan ərazisindən sərbəst hərəkət etməsinə icazə verəcəklər. Ola bilər beş yolun hamısı, ola da bilər bir-ikisi işə salınsın, səlahiyyətlilər hələlik bunu açıqlamır. Biri Qubadlı-Bazarçay-Xot yolu, digəri Biçənək (Naxçıvan)-Kəlbəcər istiqamətidir. Üçüncüsü, dövlətlərarası avtomobil yolu Sisianın Noravan kəndindəki kəsişmədən Naxçıvan və Kəlbəcərlə birləşir. Dördüncü yol Qubadlı-Laçın istiqamətidir, Xınzirək kəndinin yaxınlığından keçir. Həmçinin Laçından Kəlbəcərə gedən yolun, eləcə də Cermukdan Kəlbəcərin yuxarı hissəsinə qədər olan hissənin tikintisindən danışılır”. Zəngəzur dəhlzindən keçən dəmir yolunun marşrutu isə ötən ildən razılaşdırılıb. Erməni mediası qeyd edir ki, dəhlizin açılmasında xüsusi maraqlı tərəflərdən biri Rusiya olduğundan, Ermənistan prosesə müqavimət göstərə bilmir. Bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov da təsdiq edir. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması nəqliyyat axınının intensivliyini xeyli artıracaq: “Bu, Rusiya üçün də çox faydalıdır. Çünki onun açılması nəticəsində Türkiyə ilə Rusiya bir-biri ilə Azərbaycan - Zəngəzur dəhlizi vasitəsilə əlaqə yaradacaq”. Rusiyalı politoloq regionda beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasından sonra bölgədə vəziyyətin necə dəyişəcəyindən də danışıb: “Şimal-Cənub” və “Qərb-Şərq” nəqliyyat dəhlizlərinin inkişafı qlobal iqtisadiyyatın Xəzər regionu ilə bağlılığını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Eyni zamanda bu, Azərbaycana tranzit ölkə kimi yüksək gəlir əldə etməyə imkan verəcək”. O həmçinin bildirib ki, bu, Azərbaycanın dünya miqyasında belə böyük layihələrin həyata keçirilməsində lider ölkə kimi statusunu yüksəldəcək.

Zəngəzur dəhlizi ilə yanaşı, Qarabağda qalan ermənilər məsələsi də yaxın tezlikdə həllini tapacaq. Erməni politoloq Jirayr Əzizyan bildirir ki, hər şey Laçın dəhlizinə alternativ yolun istismara verilməsindən sonra başlayacaq: “Üçtərəfli bəyanatın altıncı bəndində ağ vərəqdə qara qələmlə yazılıb ki, tərəflərin razılığı əsasında növbəti üç il ərzində Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Məqsəd adıçəkilən yaşayış məntəqələrindən yan keçməkdir. Biz bilirik ki, sənədlərdə həmçinin Laçın rayonunun Azərbaycan tərəfinə keçdiyi göstərilir, amma orada Rusiya sülhməramlılarının nəzarətində olan dəhliz olacaq”. Erməni politoloq bildirib ki, Ermənistan 10 noyabr müddəalarını yerinə yetirməkdən imtina etsə, bunun nəticələri daha fəlakətli olacaq. Ermənistanın Milli Demokratik Qütb siyasi təşkilatının üzvü Vahe Qasparyan da bildirir ki, Laçın və Zabux Qarabağın göbək bağıdır, bundan məhrum olmaqla Qarabağda erməni əhalisinin boşaldılmasının təməli qoyulacaq. Onun sözlərinə görə, Laçının təhvil verilməsindən sonra Qarabağda enerji təchizatı dayanır: “Laçının təhvil verilməsindən sonra Qarabağda enerji təchizatı dayanır və biz artıq Xankəndinin özündən xəbərdarlıq alırıq ki, Laçın kimi hadisələrdən sonra sakinlər Qarabağı tərk etməli olacaqlar. Levon Ter-Petrosyandan tutmuş indiki marionetlərə qədər bütün erməni hakimiyyətləri üçün Qarabağ ümumiyyətlə mövcud olmayıb. Onlar üçün Stalinin çəkdiyi torpaq parçası olan DQMV mövcud olub. Qalan 7 rayonu işğal edilmiş hesab ediblər, biz də təbii olaraq işğalçı hesab edilmişik. Deyirlər ki, Laçın bizim deyil, Zabux bizim deyil və sair. Bu vəziyyətdə də erməni əhalisi Qarabağı tərk etməli olacaq. Qalanlar isə Azərbaycan vətəndaşı olmalıdırlar, başqa çıxış yolları yoxdur”.

Nahid SALAYEV

Mənbə: www.baki-xeber.com