ABŞ Yunanıstanı SİLAHLANDIRIR: "Türkiyə əlində olan rıçaqlardan istifadə edir ki..."

ABŞ Yunanıstanı SİLAHLANDIRIR: "Türkiyə əlində olan rıçaqlardan istifadə edir ki..."<span class="qirmizi"></span>

“Yunanıstanın silahlandırılması Türkiyə ilə yanaşı, həm də geosiyasi maraqlardan xəbər verir”.

Bunu ABŞ-nin Yunanıstanı silahlandırması, bundan əlavə, hərbi bazalara yeni sursatların və müasir texnologiyaların yerləşdirilməsini şərh edən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

İlyas Hüseynov bildirib ki, ABŞ Aralıq dənizi hövzəsinə nəzarət etmək üçün hər cür addım atacaq:

“Rusiya-Ukrayna müharibəsi fonunda artıq beynəxalq hüququn, yumuşaq gücün, siyasi çözüm variantlarının dalana dirənməsi prosesi gedir. Yenidən dünyanın güc yolu ilə bölüşdürülməsi, nüfuz dairəsinin genişləndirilməsi prosesi həyata keçirilir. Bu xüsusda Aralıq dənizi hövzəsində baş verən proseslər də böyük maraq doğurur. Yunanıstanla Türkiyə arasında olan gərginlik uzun müddətdir davam edir. Qərbin Türkiyəyə ikili standartlarla yanaşması fonunda Yunanıstanın silahlandırması işi həyata keçirilir. Türkiyə ərazisinə yaxın yunan adalarında bazalar qurulur və müasir texnologiyalar həmin əraziyə yerləşdirilir. ABŞ-nin özünün geosiyasi maraqları fonunda bu ərazi böyük maraq kəsb edir. Yunanıstanda radikal solçu qüvvələrin hakimiyyətə gəlməsi dönəmində çox ciddi Rusiya siyasi-ideoloji bağlılıq xətti həyata keçirilirdi. Yenidən həmin qüvvələrin hakimiyyətə gəlməməsi üçün fəaliyyət göstərən rəsmi Vaşinqton özü üçün qabaqlayıcı tədbirlər həyata keçirir.

Dünyanın siyasi xəritəsində əsas güc nöqtələrindən biri hesab olunan Aralıq dənizində silahlandırma Türkiyəyə qarşı yönəlib. Eyni zamanda, ABŞ-nin digər regionlarda da təhlükəsizlik tədbirlərini gücləndirməsini görürük. Xüsusilə Balkan dənizi hövzəsində də bu işləri görürük. Balkan regionunda Rusiyaya meyilli fəaliyyət göstərən, NATO və Avropa İttifaqına girmək istəməyən, Rusiyanın Ukraynadakı əməliyyatlarına dəstək verən Serbiya kimi dövlət var. Ona görə də enerji layihələrinin icrası, kəmərlərin çəkilməsi, yerüstü nəqliyyat üçün xüsusi paya sahib olan Serbiyanın Rusiyapərəst mövqe nümayiş etdirməsi ciddi maraq doğuran məsələdir. Ona görə də Yunanıstan Rusiya kimi provaslav olan Yunanıstanı təsir dairəsində saxlamaq ABŞ-nin marağındadır. Təbii ki, bunun Türkiyəyə də təsiri var. Türkiyə də qabaqlayıcı tədbirlər həyata keçirir. Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə bağlı yaşıl işıq yandırmış, F-16-ların əldə olunması və eləcə də onların modernləşdirilməsi ilə bağlı tələblər irəli sürmüşdü. Türkiyə F-16-ların F-35-lərlə dəyişdirilməsi, yaxud Yunanıstana silah yardımı edilməməsi ilə bağlı tələblərlə çıxış edə bilər.

Regionda olan gərginliyin azaldılması üçün Türkiyə maksimum dərəcədə səylərini gücləndirməkdədir. Türkiyə də əlində olan rıçaqlardan istifadə edir ki, təhlükəsizliyini gücləndirsin. Ola biləcək hər hansısa eskolasiya zamanı Türkiyənin gücü var ki, Yunanıstanın müqavimətini qıra bilsin, istəyinə nail olsun”.

Səxavət Məmməd

www.yenicag.az

Mənbə: yenicag.az