Özbəkistanda baş verənlərin PƏRDƏARXASI: "Hökumət vaxtında müdaxilə etməsəydi..."

Özbəkistanda baş verənlərin PƏRDƏARXASI: "Hökumət vaxtında müdaxilə etməsəydi..."<span class="qirmizi"></span>

 

“Qaraqalpaqların radikal müxalifətçiləri Moskvada yerləşiblər, onlar oradan fəaliyyət göstərirlər. Ancaq hadisələrin qısa zamanda yatırdılması onu deməyə əsas verir ki, orada baş verən hadisələrdə Rusiyanın rolu olmayıb”.

Bu fikri Özbəkistanda baş verən hadisələr, gərginliyin yaranması səbəbi və hazırkı prosesləri şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazov bildirib ki, Özbəkistanda baş verən proseslərin arxasında hansısa gücü axtarmaq əbəsdir:

“Qaraqalpaqıstan Özbəkistanın şimal-qərbində yerləşir. Paytaxtı və ən böyük şəhəri Nukusun ümumi sahəsi 166,600 kvadrat kilometrdir. Bu Özbəkistan ərazisinin 1/3-i qədərdir.

Qaraqalpaqıstan torpaqları cənub-şərqdə Özbəkistan, cənubda Türkmənistan, qərb, şimal və şərqdə Qazaxıstanla əhatə olunub. Qaraqalpaqıstan tarixi Xarəzm torpaqları üzərində qurulub. Bu torpaqlar Aral gölünə tökülən Amudəryanın (Ceyhun) deltası ilə iki tərəfdəki ərazidən yaranıb. Aral gölü Qaraqalpaqıstanla Qazaxıstan arasında paylaşılıb. Qaraqalpaqıstan Respublikası Qızılqum çölünün qərbini, Amudərya deltasını və Üstyurd yaylasının cənub-şərq hissəsini əhatə edir. Qaraqalpaqıstanın əsas ərazisi səhralıqdır. Qaraqalpaqlar Uzlar, Peçeneqlər və Xəzərlər ilə qardaş bir qövmdür. Qaraqalpaqıstanın əhalisinin sayı təxminən 2 milyona yaxındır və əhalinin 50 faizi qaraqalpaqlardır.

Qaraqalpaqıstan avtonom respublika kimi 1925-ci ildə SSRİ-nin tərkibində yaradılıb. Daha sonra Qazaxıstanın tərkibinə verilib. 1936-cı ildə isə Özbəkistanın tərkibinə verilib. Digər muxtar respublikalardan fərqli olaraq Qaraqalpaqıstana istənilən vaxt müstəqil olmaq hüququ verilib.

Hesab edirəm ki, Özbəkistanda baş verən hadisələrin qızışmasında kənardan uzanan əl yoxdur. Məhz Özbəkistan hakimiyyətinin konstitusiya dəyişkiliyi bunlara səbəb oldu. Hadisə başlayandan sonra Özbəkistan Prezidenti Mirziyoyev şəxsən özü Nukusa gedib və ictimaiyyət nümayəndələri ilə görüşüb. Mirziyoyev bildirdi ki, bu təklifləri qaraqalpaqlar və parlamenti verib. O qaraqalpaqlara dedi ki, əgər bundan narazılıq varsa, konstitusiya dəyişikliyində bu məsələyə gedilməyəcək. Bu ölkə rəhbərinin müdrik bir şəxs olmasına dəlalət edir. Tədbirlərdən sonra sakitlik yarandı. Əgər hökumət vaxtında müdaxilə etməsəydi, kənardan və dini qruplar müdaxilə edəcəkdi. Qaraqalpaqlar mərkəzi Asiyanın ən dindar kəsimidir. Qaraqalpaqlar sünni Hənəfi məzhəbindəndirlər.

Özbəkistanda ən qorxulu hadisələr 1989-cu ildə baş vermişdi. Mesxeti türkləri ilə özbəklər arasında münaqişə baş vermişdi. Mesxeti türklərinin bir hissəsi oradan köçüb getdi. Bəziləri isə qaldı. Qaraqalpaqıstanda bu ehtimal da mümkün ola bilərdi. Bu da baş tutmadı və yəqin ki, baş tutmayacaq. Çünki qan tökülmədi, özbək-qaraqalpaq qarşıdurması yaranmadı. Mərkəzi Asiya ölkələrində din, dil və qan qohumluğu imkan verir ki, hadisələr qısa zamanda öz həllini tapsın. Hiss olunur ki, baş verənlər xalqlar arasında yox, rəhbərlik və klanlar arasında baş verən hadisələrdir.

Burada Rusiya izi axtaranlara demək istəyirəm ki, ən qatı anti-putinçilər belə hadisələrdə rus əlinin olmadığını dilə gətirirlər. Faktiki olaraq Rusiya müharibədədir. Bütün qüvvəsini ora sərf edir və ona arxada yeni münaqişə ocağı lazım deyil.

Bundan əlavə, Özbəkistanda vətəndaş müharibəsi başlasa, qonşuluqdakı Taliban müdaxilə edə bilər. Onlar dini dövlət qurulmasını istəyəcəklər. Təbii ki, Rusiya bunu da istəməyəcək. Düzdür, qaraqalpaqların radikal müxalifətçiləri Moskvada yerləşiblər, onlar oradan fəaliyyət göstərirlər. Ancaq hadisələrin qısa zamanda yatırdılması onu deməyə əsas verir ki, orada baş verən hadisələrdə Rusiyanın rolu olmayıb.

Qaraqalpaqıstanın iqtisadiyyatı elə bir mərhələdə deyil ki, mərkəzlə siçan-pişik oyunu oyamağa əsas versin. Son dərəcə kasıb bir muxtar respublikadır. Özbəkistan Mərkəzi Asiyanın ən güclü ordusuna, ümumilikdə Asiya qitəsinin ən böyük qızıl mədənlərinə malikdir. Bundan əlavə, müasir texnologiyaların inkişafı baxımından da Özbəkistan çox irəlidədir. Özbəkistan təhlükəsizlik qüvvələri həm öz daxilində hadisələri yatırtmaq baxımından, həm də xarici qüvvələrin müdaxiləsini dəf etmək baxımından öz işini görə bilir”.

Səxavət Məmməd

www.yenicag.az

Mənbə: yenicag.az