Ermənilər Zəngəzur dəhlizinin əvəzinə Naxçıvana 5 mifik yol uydurublar...

Ermənilər Zəngəzur dəhlizinin əvəzinə Naxçıvana 5 mifik yol uydurublar...<span class="qirmizi"></span>

Təbriz Musayev: “Rəsmi İrəvan Zəngəzur dəhlizindən diqqəti yayındırmaq üçün belə məlumatları dövriyyəyə buraxır”

10 noyabr anlaşmasına əsasən, Ermənistan öz ərazisindən Naxçıvcan Muxtar Respublikasına çıxış üçün Azərbaycana dəhliz verməlidir. Həmin razılaşmanın 9-cu bəndində deyilir ki, Ermənistan tərəfi Azərbaycan vətəndaşlarının, habelə yüklərin təhlükəsiz daşınmasına zəmanət verməılidir. Ancaq Zəngəzur dəhlizi adlanacaq bu yolla bağlı İrəvan iki ilə yaxındır müqavimət göstərir.

Onlar belə bir yolun açılmasına etiraz etmədiklərini, lakin israrla onun dəhliz statusunda olmayacağını bildirirlər. Ermənistanın baş naziri Nikol Paşinyan isə bir neçə gün əvvəl bəyan edib ki, həmin yolun üzərində gömrük-keçid məntəqəsi olacaq, yüklər və sərnişinlər yoxlanılacaq. Bakı isə İrəvanın bu təklifini rədd edir, onları 10 noyabr razılaşmasını təmin etməyə çağırır.

Bu arada “Hraparak” qəzeti yazır ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yolların sayı 1 yox, 5 olacaq. Qeyd edilir ki, rəsmi İrəvan bu məsələ ilə bağlı açıqlama vermək istəmir, amma əldə edilən məlumatlara görə, həmin yolların hamısı işə salına bilər. Sözügedən yollardan biri Qubadlı-Vorotan-Xot yolu olacaq. Sünik ərazisindən keçən bu yol daha çox Arazboyu nəqliyyat dəhlizi kimi tanınır. Digəri isə Biçənək-Naxçıvan-Kəlbəcər yoludur. Belə bir yolun çəkilməsi nəticə etibarı ilə Ermənistanı iki bölmüş olacaq. Çünki məlum yol dolayı çəkilməli, Kəlbəcərə qədər isə Ermənistanı ərazi baxımından ikiyə ayırmalıdır. Üçüncü yola gəldikdə, bu, Sisyanın Noravan kəndinin kəsişməsindən başlayıb, Naxçıvan və Kəlbəcəri birləşdirməlidir. Dördüncüsü Qubadlıdan Laçına, oradan isə Xndzoresk kəndinə qədər çəkiləcək yoldur. Beşinci kimi isə Laçın rayonundan Kəlbəcərə gedən yolun, eləcə də Cermuxdan Kəlbəcərə qədər olan hissəsinin tikilməsindən bəhs olunur.

Maraqlıdır, deyilənlər nə dərəcədə realdır?

“Sülh sazişi imzalanandan sonra nəinki 5 yol, o cümlədən Qazax-İcevan dəmir yolu da fəaliyyətini bərpa edəcək”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, rəsmi İrəvan Zəngəzur dəhlizindən diqqəti yayındırmaq üçün belə məlumatları dövriyyəyə buraxır: “Məsələnin kökündə dayanan əsas məsələ Zəngəzur dəhlizinin reallaşmasını əngəlləməkdir. Ermənistan bütün vasitələrlə bunu yubatmağa çalışır. Gah Biçənək-Naxçıvan-Kəlbəcər yolunu ortaya atırlar, gah da digər yollar barədə danışırlar. Ermənistanın Zəngəzur dəhlizi məsələsində dirənməsi həm də Qərblə bağlıdır. Fikrimcə, onlar bu məsələdə Qərbin müəyyən dairələrindən dəstək alırlar. Qərb prinsipcə, Ermənistanın blokadadan çıxmasında maraqlıdır, amma əfsuslar olsun ki, Zəngəzur dəhlizinin reallaşmasında belə istək yoxdur. ABŞ bütün vasitələrlə səy göstərir ki, Türkiyə-Ermənistan sərhədləri açılsın. Artıq bununla bağlı prinsipial razılıq var. Ancaq istənilən halda Zəngəzur dəhlizi açılmalıdır. Prezident İlham Əliyev bir neçə dəfə çıxışlarında dəhlizlə bağlı Azərbaycanın mövqeyini əminliklə ortaya qoyub. Hesab edirəm ki, bu təsadüfi deyil. Bu o deməkdir ki, Ermənistanın prosesləri uzatmasının anlamı yoxdur. Başqa bir tərəfdən, onsuz da sülh sazişi imzalanandan və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra bütün yollar açılacaq. Nəinki sözügedən 5 yol, o cümlədən Qazax-İcevan dəmir yolu da fəaliyyətini bərpa edəcək. Yəni münasibətlər yoluna düşəndən sonra hansısa yolun bağlı qalmasının bir anlamı qalmır. Əsas odur ki, Zəngəzur dəhlizi işə düşsün”.

Bütün bunlardan çıxış edən İAT sədri hesab edir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan Ermənistana siyasi-hərbi təzyiqlərini artırmalıdır.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com