“Rusiya məhdud qələbə qazana bilər” – İrland tarixçi (Müsahibə)

“Rusiya məhdud qələbə qazana bilər” –  <span class="qirmizi">İrland tarixçi (Müsahibə)</span>

“Rusiya-Ukrayna müharibəsinin nəticəsi ilə bağlı bir neçə mümkün ssenari var, lakin böyük ehtimalla Rusiya Krım və Donbası ya özünə birləşdirməklə, ya da yarımmüstəqil dövlətlərə çevirməklə məhdud hərbi qələbə qazanacaq”. Bu sözləri AzVision.az-a irland tarixçisi Patrik Uolş deyib. Onun fikrincə, Ukrayna ciddi iflasa uğramasa, Rusiyanın tam qələbəsi mümkün deyil. Qərb Kiyevə hərbi dəstəyini davam etdirməyə hazır olsa, Ukrayna bu müharibədə qalib gələ və itirilmiş ərazilərini geri ala bilər. Amma Ukrayna ətrafında cərəyan edən son hadisələr Qərbin buna hazır olmadığını göstərir.

- Rusiya-Ukrayna müharibəsinə nə son qoya bilər?
- Hazırkı vəziyyətdə münaqişə tərəflərindən biri ciddi hərbi itkilərə məruz qalmalıdır. Bu, danışıqlara və münaqişənin həllinə gətirib çıxaracaq. Misal kimi Ermənistanın tam məğlubiyyətə uğradığı, xeyrinə olmayan vəziyyətə boyun əydiyi İkinci Qarabağ müharibəsini göstərmək yerinə düşərdi.
- Bir çox ekspertlər Rusiya-Ukrayna müharibəsinin nüvə müharibəsinə çevrilə biləcəyini iddia edirlər. Siz necə düşünürsünüz?
- Rusiya-Ukrayna müharibəsi nüvə müharibəsinə o zaman çevrilə bilər ki, Vaşinqton Ukrayna kartını tam şəkildə oynamağa hazır olsun. Bir neçə həftə əvvəl Vaşinqton və Londonda davakar bəyanatlar səslənəndə belə bir ehtimal var idi. Rusiyanın mövcudluğu təhlükə altında düşsəydi, ehtimal ki, nüvə silahından istifadə edə bilərdi. Ancaq indi Bayden və nüfuzlu Amerika mediası Qərbin vəziyyəti gərginləşdirməyəcəyinə, Ukraynaya dəstəyin həddi olduğuna işarə edir.

- Cənubi Qafqazda Ukrayna ssenarisinin təkrarlanması riski varmı?
- Məncə, yox. Bəzi müşahidəçilər hər iki regionda oxşarlıqlar görsələr də, əsaslı fərqlər var. Rusiya Qarabağ müharibəsi zamanı göstərdi ki, Ermənistan tərəfindən işğala dəstək verməyə hazır deyil. Prezident İlham Əliyev uzaqgörən, məqsədyönlü xarici siyasət yeritdiyi üçün Kreml Azərbaycanı yaxşı qonşu hesab edir. Bu siyasət iki ölkə arasında yaxşı münasibətlərə gətirib çıxardı. 2014-cü ildə “Maydan” hadisələrindən sonra Ukrayna rəhbərliyinin etdiklərini Kreml Rusiyanın təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Rusiyanın belə şeylərə necə reaksiya verdiyini hamımız bilirik və bu, fevralda öz təsdiqini tapdı.

Mənbə: azvision.az