GÖMRÜKDƏ EHTİRAM XƏLİLOV KABUSU - İstintaqda yeni həbslər gözlənilir

GÖMRÜKDƏ EHTİRAM XƏLİLOV KABUSU - <span class="qirmizi">İstintaqda yeni həbslər gözlənilir</span>

“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılması və barəsində 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi gömrükçülər arasında şoka səbəb olub. General-mayor rütbəsin 11 il əvvəl, 25 yanvar 2011-ci il tarixində alan Ehtiram Xəlilov 2014-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə və 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Bu dövlət mükafatları Ehtiram Xəlilovun iqtidar düşərgəsindəki gücünün görünüşünün rəsmi tərəfidir. Qeyri-rəsmi tərəf isə onun yükəsk vəzifəli şəxslərlə çox yaxın münasibətlərə malik olduğunu göstərən məlumatlardır. Belə ki, Ehtiram Xəliovun 2011-ci ildə yeganə övladının toy mərasiminə hökumətin əksər üzvülərinin, deputatların əksəriyyətinin və çoxsayda icra başçısı, prokuror və polis rəisinin iştirakı haqqında məlumatlar var. Bundan başqa övladının toyundan az sonra Ehtiram Xəlilovun qudası Mahmud Qubadov Qaradağ rayonuna icra başçısının müavini təyin edilməsinə nail olması onun gücünü göstərirdi.

Yeri gəlmişkən, gənclərin nigahı pozulduqdan sonra Mahmud Qubadov dərhal Qaradağ rayonuna icra başçısının müavini vəzifəsindən çıxarılıb. Mahmud Qubadovun bu təyinat və işdən çıxarılmasında Kəmaləddin Heydərovun böyük rolunun oynadığı iddia olunur.

Dövlətin ali mükafatlarına layiq görülmüş və hökumətin əksər üzvüləri ilə şəxsi münasibətləri olan bir generalın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmasını gömrükçülər qorxu içində qarşılayıblar. Gömrükçülər Ehtiram Xəlilovun həbsinin 200 min manat rüşvətlə bağlı olduğunu düşünmürlər. Gömrükçülər arasında belə fikirlər var ki, məsələ sadəcə rüşvət məsələsi olsaydı bu iş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə olurardı. Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərovun həbsini də gömrükçülər Ehtiram Xəlilovun həbsinin doğurduğu nəticələrdən biri hesab edirlər.

Gömrükçülər Ehtiram Xəlilovun həbsinin gömrükdə “təmizlənmə” əməliyyatının başlanğaçı hesab edirlər. Gömrükdə xidmətə 1997-ci ildə başlayan Ehtiram Xəlilov 2000-ci ildə Enerji Gömrük idarəsinin Liman Gömrük postunun rəisi, 2003-cu ildə Enerji Gömrük idarəsinin Səngəçal postunun rəisi, 2003-2013-cü illərdə Sumqayıt Baş Gömrük İdarəsinin rəisi, 2013-2018-ci illərdə isə Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifələrini tutub. 2018-ci ildə  “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsinə təyin edilib.

Belə yüksək vəzifələr tutmuş, gömrükdə 25 illik xidməti olan bir generalın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılması, haqqında 4 ay müddətinə həbs qətiimkan tədbiri seçilməsi, Səbail rayon məhkəməsinin qərarından apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsi tərəfindən rədd edilməsi vəziyyətin ciddiliyini göstərir.

“Yeni Sözçü” qəzeti redaksiyasına daxil olan məlumata görə, Ehtiram Xəlilovun həbsi ilə bağlı istintaqın dairəsi genişlənib. Bir çox məmurların istintaqa çağrıldığı və ya çağrılacağı iddia olunur. Bu məlumatları diqqətdə saxlamağa və oxucularımıza çatdırmağa çalışacağıq.

Mənbə: realmedia.az