Britaniyada Conson hökumətindən istefa edənlərin sayı 40-a yaxınlaşır

Baş nazir Boris Consonla bağlı qalmaqal fonunda son 24 saat ərzində Böyük Britaniya hökumətini artıq 36 nəfər tərk edib. Onlardan 11-i nazir, 25-i isə nazir müavinləri, parlament müşavirləri və nazirlərin şəxsi katibləridir.

Britaniyalı siyasi şərhçilər qeyd edirlər ki, belə şəraitdə baş nazirin öz postunu saxlaması getdikcə çətinləşəcək.

Hazırda hətta yüksək vəzifəli nazirlər də Consondan könüllü istefa verməsini xahiş edirlər.

Öz növbəsində, qeyd olunur ki, artıq yaxın saatlarda baş nazirə etimad səsverməsi ilə bağlı ikinci cəhd ola bilər. Belə ki, hakim Mühafizəkarlar Partiyasından olan yerli millət vəkillərini bir araya gətirən 1922 parlament komitəsinin Consona yeni etimad səsverməsinə imkan vermək üçün partiya qaydalarının dəyişdirilməsini müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, istefalar Consonun himayə etdiyi keçmiş daxili işlər nazirinin müavini Kristofer Pinçer ətrafındakı yeni qalmaqalla bağlıdır. Belə ki, ötən həftə o, sərxoş vəziyyətdə kişilərə əxlaqsız təkliflər edib və bunun ilk dəfə olmadığı üzə çıxıb.

Xatırladaq ki, iyunun əvvəlindəki ilk səsvermə zamanı Tori parlament fraksiyasının əksəriyyəti baş naziri dəstəklədiyini bildirib. 211 deputat onun Mühafizəkarlar Partiyasının sədri olaraq qalmasının lehinə, 148 deputat isə əleyhinə çıxıb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Qərb Ukraynanı yarı yolda qoydu - Maliyyə və hərbi yardımlar KƏSİLİR

SONRAKI XƏBƏR

Həbsxanaya basqın: 900-ə yaxın məhbus qaçdı