Türkiyə bu gəmiləri Qara dənizə buraxmır

Türkiyə bu gəmiləri Qara dənizə buraxmır<span class="qirmizi"></span>

Hazırda dünya ciddi qida böhranı ilə üz-üzədir. Ukrayna anbarlarında yığılıb qalan 20 milyon tondan çox taxılın dünya bazarlarına çıxarılması üçün hər şeydən öncə təşkil ediləcək dəhlizin təhlükəsizliyi təmin edilməlidir. Bunun üçün də Türkiyə öz üzərinə məsuliyyət götürüb, tərəflərlə danışıq aparır.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Qaziantep Universitetinin müəllimi Əli Fuad Gökçə deyib.
Gökçə burada əsas məsələlərin minaların təmizlənməsi, təxribat ehtimallarının sıfra endirilməsi və Montrö anlaşmasının pozulmaması olduğunu bildirib:

“Ukraynadan göndərilən taxıl yüklü gəmilərin Türkiyə boğazları vasitəsilə dünya bazarına çıxarılmasında əsas maneə Qara dənizdə olan minalardır. Digər ən önəmli məsələ həmin gəmilərin təxribat törədilməsi məqsədilə vurulması ehtimalıdır. Problemin həlli üçün Türkiyə əvvəl də bir sıra ölkələrlə danışıqlar aparıb. Rumıniya və Bolqarıstan sözügedən məsələyə soyuq yanaşdı. Çünki dəniz minalarının təmizlənməsi, zərərsizləşdirilməsi ilə bağlı kifayət qədər texnikaları və mütəxəssisləri yoxdur. Rusiya və Ukrayna isə düşmən olduqları üçün bir-birilərinə güvənmirlər. Türkiyə də bölgənin ən güclü ölkələrindən biri kimi dəniz minalarının təmizlənməsi məsələsində təşəbbüsü öz üzərinə götürdü. Rəcəb Tayyib Ərdoğan dəhlizlə bağlı NATO ilə deyil, BMT Baş katibi ilə də bir neçə dəfə danışıq aparıb. Çünki NATO Ukrayna müharibəsində tərəfdir, BMT isə deyil. Ankara özü də müxtəlif ölkələrə məxsus gəmilərin Qara dənizə daxil olmasını istəmir. Çünki sözügedən ölkələr taxılı yalnız hərbi gəmilərin müşayiət etdiyi yük gəmiləri ilə daşıya biləcəklərini qeyd edirlər. Bu da Montrö müqaviləsi şərtlərinin pozulması deməkdir. Bütün baş verənlər bölgədə Türkiyəsiz nə enerji, nə də qida təhlükəsizliyinin təmininin mümkün olduğunu göstərir”.

Mənbə: axar.az