DİPLOMATİK “ETİKA ETALONU” OLAN LAVROV... - Yaxud Rusiya XİN başçısı Fransanı nədə ittiham edir?

DİPLOMATİK “ETİKA ETALONU” OLAN LAVROV... - Yaxud Rusiya XİN başçısı Fransanı nədə ittiham edir?<span class="qirmizi"></span>

Ötən gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Putin və Makron arasında telefon danışığının fraqmentlərinin yayılmasına münasibət bildirib.

Xəbər verildiyi kimi, Fransa Prezidentinin Putinlə Ukrayna işğalından cəmi 4 gün əvvəl baş tutan telefon danışıqları “France 2” telekanalında nümayiş etdirilən “Prezident, Avropa və müharibə” sənədli filmində yer alıb. Film Yelisey sarayındakı son altı ayın pərdəarxası diplomatik həyatından və Makronun müharibənin qarşısını almaq cəhdlərindən bəhs edir.

Lavrov Fransa Prezidentinin Putinlə danışıqlarının jurnalistlərə ötürülməsinin diplomatik etikadan kənar addım olduğunu bəyan edib.

Əlbəttə, Makron öz fəaliyyəti və mövqeyi ilə dəfələrlə Lavrovun səsləndirdiyi ittihamdan daha ağırına layiq olduğunu sübut edib. Onun Qarabağla bağlı ermənipərəst, heç bir beynəlxalq hüquqa, qanuna sığmayan açıqlamalarını, bəyanatlarını, eləcə də Türkiyəyə qarşı mövqeyini qeyd etmək kifayətdir.

Lakin pis odur ki, Makronu hansısa sivil, humanist, beynəlxalq hüquq, qanun, insan haqları, diplomatiya və s. tanıyan dövlətin yox, məhz bütün bu anlayışlara çoxdan tüpürmüş Rusiyanın Xarici İşlər naziri tənqid edir və onu diplomatik etiketə riayət etməməkdə günahlandırır.

Bunu Ukraynaya qarşı işğalçı müharibə başlayan günə qədər utanıb qızarmadan bütün dünyanın gözünün içinə baxa-baxa “heç bir hərbi müdaxilə olmayacaq” deyən Lavrov deyir.

Bunu Zelenskidən heyf çıxmaq üçün nə edəcəyini bilməyən və nəticədə Hitlerin yəhudi olduğunu iddia edən Lavrov deyir.

Mayın əvvəlində o, faşist Almaniyasının başçısı Adolf Hitlerin yəhudi olduğunu demiş, Ukrayna Prezidenti Volodimir Zelenskini də ona bənzətmişdi: “Mən səhv edə bilərəm, ancaq Hitlerdə də yəhudi qanı var idi”.

Beləliklə də, Lavrov Rusiyadan fərqli olaraq, ümumxalq səsverməsi ilə Prezident seçilən, öz dövlətinin ərazi bütövlüyü və suverenliyini müdafiə edən, başqasının torpaqlarına soxulmayan, nəhayət, başqa bir müstəqil dövlətin Prezidenti olan Zelenskini “nasist” elan edəcək qədər “diplomatik etika”ya riayət edib.

Sözünün əvvəli axırı yalan, böhtan, iftira olan, bütün dünya birliyinin gözündən düşən, nə beynəlxalq hüquq, nə qanun, nə adi insani, bəşəri dəyərləri tanımayan, hətta “Ukrayna özü öz şəhərlərini bombalayır” deyəcək qədər simasız, həyasız bəyanatlar verən birisi kimisə diplomatik etikaya riayət etməməkdə necə günahlandıra bilər axı?

Lavrov Makronla Putinin məlum söhbəti barədə danışarkən bildirib ki, Putin orada sonradan utanacaq bir şey deməyib. Əslində isə həmin telefon danışığı bir daha Putinin hansı insani keyfiyyətlərə malik olduğunu göstərib.

Təkcə onu qeyd etmək kifayətdir ki, Putin Makronla söhbətin sonunda hokkey oynamağa hazırlaşdığını deyib. Söhbət cəmi 4 gün sonra qanlı müharibəyə, işğala başlayacağını, on minlərlə günahsiz adamı qətlə yetirəcyini bilə-bilə hokkey oynamağa gedən bir dövlət başçısından və onun nazirindən gedir. Və bu nazir diplomatik etikadan danışır...

Qədim Azərbaycan torpaqlarını öz rəsmi saytında “şərqi ermənistan” kimi göstərən nazirliyin başçısı diplomatik etikadan dəm vurur. Rusiya xarici siyasətini həyata keçirən nazirliyin rəhbəri başqa bir “yanlışlığı” da iyunun 9-da İrəvanda keçirdiyi məbuat konfransında edib.

Jurnalistin Xocalı rayonunun Fərrux kəndi ilə bağlı verdiyi təxribatçı suala yanlış və mahiyyəti üzrə olmayan cavab verib və Fərrux kəndi ilə bağlı məsələnin delimitasiya prosesi çərçivəsində həll edilməli olduğunu iddia edib. Bilinmədi ki, bu açıqlamanın kökü Lavrovun bölgədə baş verənlərdən xəbərsizliyidir, yoxsa təxribat? Bəlkə budur əsl diplomatlıq və diplomatik etiket?

Bir neçə il əvvəl Səudiyyə Ərəbistanındakı mətbuat konfransında onun şəkilini çəkən fotoqraflara “debillər” deməsi də yəqin yüksək mədəniyyət və diplomatik etiket göstəricisidir...

Lavrov 18 ildir xarici İşlər naziridir və onun 72 yaşı var. Ancaq görünən odur ki, indidən sonra daha 18 il də nazir işləsə düzələn deyil. Çünki nə siyasi mədəniyyəti, nə dünya görüşü, nə də qulluq etdiyi Rusiya imperialist ideologiyası ona diplomatik etiketlərə yiyələnməyə və bu etiketlərə hörmət və riayət etməyə imkan verməyəcək...

Cəlal (Elxan) Məmmədov

“AzPolitika.info”

Mənbə: azpolitika.info