Hitlerin gizli bunkeri – Smolenskdəki “yeraltı şəhər” hələ də olduğu kimi qalır

Hitlerin gizli bunkeri –   <span class="qirmizi">Smolenskdəki “yeraltı şəhər” hələ də olduğu kimi qalır</span>

II dünya müharibəsi illərində Almaniyanın işğal çoğrafiyası böyüdükcə, həmin ərazilərdə Adolf Hitlerin səhra fəaliyyətini təmin etmək məqsədilə qərargahlar yaradılıb. Fürerin təhlükəsizliyi nəzərə alınaraq həmin qərargahlar üçün xüsusi bunkerlər tikilib. Belə bunkerlərdən biri də Smolenskdən doqquz kilometr aralıda, Qnezdova kəndinin yaxınlığında inşa edilib.

“Ayı yuvası” adlandırılan bu bunkerlə bağlı müəmmalar, cavabsız suallar bu günə qədər də qalır. Belə ki, müharibədən çox-çox sonralar, 1990-cı illərdən sonra aparılan araşdırmalardan məlum olub ki, məhz həmin ərazidə iki bunker tikilib. Bunkerlərdən birinin tikintisi açıq şəkildə aparılıb, yerli sakinlər çox rahatlıqla bunkerin inşasına şahidlik ediblər. İkinci bunkerin inşası isə tam məxfi aparılıb. Məqsəd həmin bunkerin, Hirlerin qərargahının yerinin gizli saxlanılması olub. Yəni, kəşfiyyatçılar, partizanlar, o cümlədən yerli sakinlər Moskvaya ötürdükləri məlumatlarda fürer üçün açıq şəkildə inşa edilən bunker haqqında məlumat veriblər. Əsl bunker haqqında isə heç kimin məlumatı olmayıb. Hər iki bunkerin arasında təxminən bir-iki kilometrlik tunel yol salınıb. Əsl bunkeri tikənlər məhz göz önündə olan bunkerdən öz iş yerlərinə keçiblər.

Birinci aldadlcl bunkerin sahəsi cəmi 47 kvadratmetr olub. Fürerin bunker- qərargahında isə 49 otaq fəaliyyət göstərib. Bu bunkerdə xüsusi rabitə otağı, 250 nəfərlik konfrans zalı, Hitler üçün iş və istirahət otağı, yeməkxana, mətbəx, ehtiyat ərzaq və əşya anbarları, silah-sursat saxlamaq üçün xüsusi yer, tibb otağı, hamam və s. mövcud olub.

Bunkerdə uzun müddətli yaşamaq üçün havalandırma sistemi quraşdırılıb, elektrik enerjisi, su, kanalizasiya xəttləri ilə təmin edilib.

“Ayı yuvası” yerdən 27 metr dərinlikdə inşa edilib. Bunkerdən şosse yola və dəmiryolu xəttinə gizli çıxışlar olub.

Bunkerin inşasına 2500-dən artıq polşalı və SSRİ-dən olan əsirlər cəlb edilib. “Yeraltı şəhər”in inşasının hər mərhələsi başa çatdıqdan sonra “Ayı yuvası”nın sirləri kənara çıxmasın deyə tikində işləyənlər güllələnib.

Bunkerin inşasına 10 ay vaxt sərf edilib. Tikinti 1941-ci ilin oktyabr ayında başlanıb, 1942-ci ilin sentyabrında yekunlaşıb.

Bunkerin yer üstündəki ərazisinə 400-dən artıq ağac və minlərlə kol əkilib ki, hava məkanından bu ərazi diqqəti cəlb etməsin.

Tikintidə istifadə olunan materiallar Almaniyadan gətirilib, keyfiyyəti ilə fərqlənib və tikintiyə kifayət qədər böyük vəsait sərf edilib. Hər dəfə büdcədən pul ayrılması ilə bağlı Hitlerə müvafiq sənədlər təqdim olunanda, fürer həmin sənədlərə heç bir müzakirə aparmadan imza atıb.

Hitler SSRİ üzərində qələbəsinə o qədər əmin olub ki, o, gələcəkdə bu bunkeri Almaniya kəşfiyyat məktəbinin təcrübə bazasına verilməsini planlaşdırıb.

Maraqlı məqamlardan biri də odur ki, ümumiyyətələ, Hitler Berlindən başqa onun üçün tikilən digər bunkerlərin heç birində uzunmüddətli qalmayıb. Buna baxmayaraq, bu sığınacaqlara yetərincə böyük vəsaitlər xərclənib.

Elə “Ayı yuvası”nda da Hitler cəmi iki dəfə olub. Birinci dəfə o, bu əraziyə tikinti gedən zaman, 1941-ci ilin noyabrında səfər edib. Həmin vaxt hələ işləri yaxşı gedən fürer həm tikintidən, həm də Smolenskdəki alman qoşunlarının uğurlarından razı qalıb. İkinci dəfə isə o, bunkerdə 1943-cü ilin martın 13-də olub. Bu səfər zamanı Hitlerə sui-qəsdə cəhd edilib. Onun təyyarəsinə konyak şüşəsinin içərisində partlayıcı maddə qoyulub. “Bədbəxtlikdən”, partlayış baş verməyib. Hitler bir neçə saatdan sonra Smolenskini tərk edib.

“Ayı yuvası”ndan Hitlerdən daha çox Vermaxtın “Mərkəz” ordu qrupunun generalları istifadə edib.

1943-cü ilin avqust ayında Cənub və Kalininqrad cəbhələri qoşunlarının birgə başladığı “Suvorov” əməliyyatı zamanı almanların əsas ordu qrupu geri çəkilməyə məcbur qalanda “Ayı yuvası” sovet qoşunlarının nəzarətinə keçib. Almanlar bunkeri partlatmağa imkan tapmayıblar. Onlar yalnız bunkerin çıxış və girişlərini betonlayıblar.

Uzun illər “Ayı yuvası” qapalı vəziyyətdə qalıb. Ərazi əvvəllər “NKVD”, sonralar isə DTK-nın nəzarətində saxlanılıb. Yalnız 1989-cu ildə bunkerin Qnezdovo kəndinə tərəf hissəsi açılıb. “Yeraltı şəhər”in minalanma ehtimalı böyük olduğundan rəsmilər bunkerin dərinliklərinə qədər getməyi məqsədəuyğun saymayıblar və hazırda da bunkerin açılmış hissələrinə kənar şəxslərin daxil olması qadağandır.

2003-cü ildə Smolensk vilayət adminstrasiyası daha bir araşdırmaçılar qrupuna bunkerdə iş aparmağa icazə verib. Bu qrup bunkerdə yeraltı su boruları, eutiyat su anbarları, mürəkkəb quruluşlu tunellər aşkarlayıblar. Bunkerin tam öyrənilməsi üçün vacib şərtlərdən biri illər boyu içəri yığılmış suyun çəkilməsi, daha sonra isə minalardan təmizləmə prosesidir ki, bunun üçün də müəyyən vəsait tələb olunur. Hələ ki, bu vəsaiti Hitlerin bunkeri üçün heç kim ayırmaq istəmir. Beləliklə, “Ayı yuvası” fürerin çoxsaylı bunkerləri arasında yeganə sığınacaqdır ki, olduğu kimi qalır. /Musavat.com/

Mənbə: moderator.az