Ərdoğan-Putin görüşünün yekunlarına dair birgə bəyanat qəbul edildi

Ərdoğan-Putin görüşünün yekunlarına dair birgə bəyanat  qəbul edildi<span class="qirmizi"></span>

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdən sonra birgə bəyanat qəbul edilib.

Manset.az Kremlin.ru-ya istinadən xəbər verir ki, danışıqların yekunlarına dair bəyanatda mövcud regional və qlobal çağırışlara baxmayaraq, liderlərin Rusiya-Türkiyə münasibətlərini hörmət, qarşılıqlı maraqların tanınması və beynəlxalq öhdəliklərə uyğun olaraq daha da inkişaf etdirmək üçün ümumi iradələrini bir daha təsdiq etdikləri bildirilib.

Həmçinin qeyd edlib ki, ikitərəfli ticarətin həcmini balanslaşdırılmış əsasda artırmaq və qarşıya qoyulan məqsədlərə nail olmaq, iqtisadiyyat və enerji sahələrində əks tərəfin gözləntilərini qarşılamaq, nəqliyyat, ticarət, kənd təsərrüfatı, sənaye, maliyyə, turizm və tikinti kimi sektorlarda uzun müddətdir ki, hər iki ölkənin gündəmində olan məsələlər üzrə əməkdaşlığı artırmaq üçün konkret addımların atılması barədə razılıq əldə olunub.

Liderlər regional və beynəlxalq sabitliyə nail olmaq üçün Rusiya ilə Türkiyə arasında səmimi və etibarlı münasibətlərin əhəmiyyətini vurğulayıblar.
Bu kontekstdə dövlət başçıları Ukrayna limanlarından taxılın təhlükəsiz ixracına dair təşəbbüsün reallaşdırılmasında iki ölkə arasındakı konstruktiv əlaqələrin mühüm rolunu etiraf ediblər.

Bəyanata əsasən, danışıqlarda qaldırılan məsələlər arasında Suriyadakı son hadisələr də olub. Tərəflər siyasi prosesin irəliləməsinə böyük önəm verdiklərini təsdiqləyiblər.

Görüş zamanı Liviyanın suverenliyinə, ərazi bütövlüyünə və milli birliyinə sadiqlik də bəyan edilib.

Dövlət başçıları Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasının Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, görüş Soçidə “Rus” sanatoriyasının “İmperial” korpusunun “Yaşıl” zalında keçirilir.

***

“Anadolu” agentliyi xəbər verir ki, Putin Ərdoğana Ukraynadan taxıl tədarükünə dair razılığa gəlməkdə göstərdiyi köməyə görə təşəkkür edib.

***

Ərdoğan Suriya məsələsinə diqqət çəkib: “Ümid edirəm ki, Suriya mövzusuna xüsusi diqqət yetirməyimiz bölgədəki vəziyyətə müsbət təsir edəcək”.

O qeyd edib ki, hazırkı görüş Türkiyə və Rusiyanın regionda oynadığı rolun müəyyənləşdirilməsi kontekstində xüsusi əhəmiyyət kəsb edir.

Ərdoğanın sözlərinə görə, bu gün Soçidə əməkdaşlıq məsələlərində yeni səhifə açılacaq: “Burada söhbət enerji əməkdaşlığı, Qara dənizdə taxıl ixracı, turizm, regional məsələlərindən gedir”.

Türkiyə lideri terrorla mübarizədə Ankara ilə Moskva arasında əməkdaşlığın vacibliyinə də işarə edib.

***

Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş 3 saatdır davam edir.

***

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş 4 saatdan sonra başa çatıb.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Rusiya və Türkiyə liderləri danışıqların yekunlarına dair birgə bəyanat qəbul ediblər.

Mənbə: qafqazinfo.az