“Ermənistanın artıq manipulyasiya üçün nə zamanı, nə də meydançası qalıb” – ŞƏRH

“Ermənistanın artıq manipulyasiya üçün nə zamanı, nə də meydançası qalıb” – ŞƏRH<span class="qirmizi"></span>

“Ermənistan ordusunun Qarabağdakı tör-töküntülərinin heç bir müqavimət potensialı yoxdur və onları saatlar ərzində məhv etmək çətin deyil”.

Bu fikirləri “Qisas” əməliyyatından sonra Ermənistanın üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmək ehtimalını dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qisas” əməliyyatı Azərbaycanın Ermənistana son və qəti xəbərdarlığı kimi qiymətləndirilir:

“2020-ci il üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanın həmin sənəd əsasında üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmaq üçün hansı vasitələrə əl atdığını görürük. 44 günlük müharibədə məğlub olan bu ölkənin rəhbərliyi məlum müddəaların yerinə yetirilməməsi üçün davamlı təxribatlara əl atmaqdadır.

Ancaq son hərbi insident, Azərbaycan ordusunun qısa müddətdə həyata keçirdiyi “Qisas” əməliyyatı əksər təhlilçilər, o cümlədən ermənilərin özləri tərəfindən Azərbaycanın Ermənistana son və qəti xəbərdarlığı kimi qiymətləndirilir.

Ordumuzun son əməliyyatı göstərdi ki, müharibədə darmadağın edilmiş Ermənistan ordusunun Qarabağdakı tör-töküntülərinin heç bir müqavimət potensialı yoxdur və onları saatlar ərzində məhv etmək çətin deyil.

Fikrimcə, Ermənistan rəhbərliyi “Qisas” əməliyyatının onlar üçün ağır nəticələrindən dərs çıxaracaq və nəzərdə tutulan müddətdə Laçını, həmçinin ətrafdakı digər yaşayış məntəqələrini qeyd-şərtsiz boşaldacaq.

Son günlər Ermənistan mediasında Azərbaycan ərazilərində qanunsuz məskunlaşan ermənilərin oradan çıxarıldıqdan sonra hara və necə yerləşdiriləcəyi haqda materiallar verilir, onların vəziyyətinin çıxılmazlığı önə çəkilir. Ancaq bu, Azərbaycanın problemi deyil. Bu barədə onları Azərbaycan ərazisində məskunlaşanlar düşünsünlər.

Qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, Ermənistanın artıq manipulyasiya üçün nə zamanı, nə də meydançası qalıb. Ona görə də anlaşmanın şərtlərini yerinə yetirərək öz öhdəliklərini icra etməlidirlər. Əks halda, Azərbaycanın qəti addımları özünü gözlətməyəcək”.

A.Zeynalov

www.yenicag.az

Mənbə: yenicag.az