Nə istəyirsiniz? Nikolun Şuşada yallı getməyini?

Sosial şəbəkələri hüznlə izləyirəm. İnsanlarımız qəzəbli, aqressiv və üzgündürlər. Haqlı olaraq. Bir gündə 4 şəhid...

Çoxdur. Həddən ziyadə çox... Amma 1 şəhid də çoxdur. Balalarımızın, oğullarımızın dırnağının ucuna xırda daş da dəysə, böyük ağrıdır...

Neyləyək ki, həyat şərtləri, reallıqlar başqadır. Bizdən asılı olmayan şeylər var. Amansız və qəddardır həyat. Ovcumuzda kəpənək kimi əzizlədiyimiz, bəslədiyimiz ciyərparalarımızın da öz rolları, missiyaları var.

Təsəlli vermirəm heç kəsə. Anlamağa və anlatmağa çalışıram. Heç kəs istəmir ki, qan tökülsün, problemlər silahla həll edilsin, gənc oğullar tabutda valideynlərinin üstünə göndərilsin. Əlbəttə, kim istəyər?! Ancaq bu müharibəni biz başlatmamışıq axı. Otuz ildir biz ölürük. Hər gün ölüb-dirilirik. 30 ildir ki, müharibə şəraitində, savaş alanındayıq. Atəşkəs dönəmində belə içimizdə savaş gedib. İşğalda qalan ərazilərimizlə bağlı heç nəyə, heç kəsə gücümüz çatmayanda özümüzlə savaşmışıq. Müharibə istəmişik, müharibə tələb etmişik. Qarabağ tələbi ilə dəfələrlə meydanlara axışmışıq. Unutmusunuzmu? Ciddi soruşuram, unutmusunuz?

88-ci ildən üzü bu yana nəyin davasını aparırıq? Nə üçün savaşırıq? Qarabağı ermənilərə vermək, torpaqlarımızın 20 faizini düşmənə peşkəş etmək fikri bircə anlığa ağlınızdan keçibmi? Əminəm ki, yox! Biz Qarabağsız yaşamaqdansa, ölməyi üstün tutan toplum deyilikmi?

Otuz ildir ki, hakimiyyətlərdən tək istəyimiz, tək tələbimiz olub - Qarabağ. Tələb etmişik, tənqid etmişik, ittiham etmişik ki, müharibə et, qaytar Qarabağı! Paşinyanın Şuşada, Cıdır düzündə yallı getdiyi məlun və məlum kadrlar da xatirinizdən çıxmaz. Prezidentdən tələb edirdiniz ki, Şuşanı vur! Vur Şuşanı! Elə buradaca - sosial şəbəkələrdə qan-qan deyirdiniz! Nə yaxşı ki, deyirdiniz...

Axı biz 2 il öncə Müharibənin başladığını eşitdiyimiz o gözəl sentyabr səhərini toy-bayram kimi qəbul etmişdik. Səfərbərlik idarələrinin qarşısındakı izdihamı yaradanlar da bizlər idik. O möcüzəvi 44 gün ömür təqvimimizə qızıl hərflərlə həkk olunmayıbmı?! Gücümüzü göstərdik, yüksələ bildikcə yüksəldik, canımızla-qanımızla aldıq Qarabağı, Şuşanı, Kəlbəcəri... Ali Baş Komandandan gözlədiyimiz o möhtəşəm tvitlər... Gözümüzü qırpmadan Qələbə xəbərləri gözləyirdik. Aldığımız xoş xəbərlərdən doymurduq, doya bilmirdik. Aman Allah, azad olunan hər qarışın xəbərini necə sevinclə, şükranlıqla, minnətdarlıqla qəbul edirdik. Sanki dünyanı sərirdilər ayaqlarımızın altına. Nə gözəl günlər idi...

Bircə nəfərimiz demirdi ki, bu oğullar niyə Şəhid olur. Çünki bilirdik ki, başqa yol yoxdur: Vətəni işğaldan onlar azad etməlidir, onlar qorumalıdır - şərəfli oğullar. Qəhrəmanlıq, Fədakarlıq, Cəsarət - bu, həqiqətən bir seçimdir. Şəhidlik də! Məgər Allah o ali mərtəbəyə hər kəsi layiq görür?

Müharibəyə getməmək üçün varlı da gizlənə bilər, kasıb da. Heç kəsi cəbhəyə silah gücünə, məcburi aparmayıblar, aparmırlar. Gedənlərimiz könüllü gedib, gedir. Getməyənə, getmək istəməyənə bəhanə həmişə var. Amma bilinən, görünən odur ki, son 30 ildə doğulan, böyüyən, kişiləşən oğullar bizdən daha çox seviblər Qarabağı, Vətəni. Onların sevən ürəyinə qurban!

Sosial şəbəkələri iztirabla izləyirəm... 10 noyabrı - 44 günlük savaşın bitməsi xəbərini matəm kimi qarşılayan insanlarımız hardadılar? Qeyb oldularmı? Nə dəyişdi? Ermənistanla imzalanan 10 noyabr bəyanatını az qala "xəyanət" kimi qəbul edərək depressiyaya düşənlər siz deyildiniz? Siz deyildiniz savaşın dayanmasını məğlubiyyət kimi qələmə verən? “Ordu Xankəndiyə niyə girmədi” deyə, asıb-kəsənlər başqa planetdənmi zühur etmişdilər? Uzun-uzadı müzakirələr, mübahisələr səngimədi, ittihamların ardı-arası kəsilmədi aylarla. Qəbul etmək istəmirdiniz ki, düşmən kapitulyasiyaya məcbur edilib. Zəngəzur dəhlizi də ürəyinizi soyutmurdu. 44 günlük Zəfəri "yarımçıq qələbə" adlandırırdınız...

Budur, indi o “yarımçıq”lar tamamlanır, tamamlamağa doğru qəyiyyətli addımlar atırıq. Fərrux, Qırxqız, Sarıbaba, Buzdux və daha neçə adsız yüksəkliklər alınır, amma birilərinin alnının arasındakı düyünlər yenə də açılmır. Bu dəfə anti-terror əməliyyatlarında həlak olan əsgərlərimizin nəşi üzərindən Qələbəmiz gözdən salınır. Daha doğrusu, uğursuz cəhdlər olunur. Vətənpərvərlikdən bəhs edənə “vətənşüvən”, hərbi uğurlara sevinənə “vicdansız, qeyri-humanist” damğası vurulur. Baş verənlərlə bağlı yanğı ilə danışırsan, deyirlər “pafos”dur, hətta “evindən şəhid verməmisən, nə vecinə” deyən əbləhlər də tapılır. Doğrudanmı, hesab edənlər var ki, insanlar yalnız evdən gedənə yana, üzülə bilər? Eldən gedənlər bizdən deyilmi, canımızdan bir parça deyillərmi? Bunu necə iddia edə, şəhid analarının acılarını belə adiləşdirməyə necə cəhd edə bilərlər? Yaxşı, nə edək bəs, təklifiniz nədir? Müharibə olmasın, hərbçilərimiz ölməsin? Varmı elə bir dünya? Oğullarımız şəhid olmasın, Qarabağ da bizim olsun, Zəngəzur da, İrəvan da, Göyçə gölü də... varmı elə bir şərait, elə bir şans? Yoxsa siz elə bilirsiniz ki, ön cəbhədə irəliləyişlərə şadlananlar Şəhidlərimizin itkisini görməzlikdən gəlir, oğul itirmiş anaların ağrılarınımı hiss etmir, duymur, görmür, yanmır? Necə düşünə bilirsiniz bunu, necə iddia edə bilirsiniz?..

Sosial şəbəkələri üzüntü ilə izləyirəm. Üzülərək müşahidə edirəm ki, “nowar”çıların sıraları genişlənir. Guya, bunlar insan faktorunu hər şeydən üstün tutanlardır, guya bunlar əsgər ölümünə qarşıdırlar, guya, onların valideynlərinin əzablarına dözə bilmirlər. Oyundur hamısı. Dərdlərimizin, əsəblərimizin, duyğularımızın üzərində əxlaqsızcasına "rəqs" edirlər. Alternativ variant desinlər. Yoxdur.

Xocalıda qətl edilənlər hərbçilər deyildi, mülki şəxslər idilər - qadın, uşaq, qoca... Bağışlayaqmı? Təcavüzü boynumuzun ardınamı verək? Xankəndini də unudaqmı? Şuşanı geri qaytaraqmı? Nədir bu püskürdüyünüz kinin, nifrətin mənbəyi, səbəbi? Nədir sizi razı salmayan, rahat olmağa, insan olmağa, böyüməyə, vətənləşməyə, bütövləşməyə qoymayan? Niyə zəhər qusursunuz üstümüzə?..

Daha nə olmasını istəyirsiniz?..

Axar.az

ƏVVƏLKİ XƏBƏR

"7 milyondan çox uşaq müharibədən əziyyət çəkir" - Zelenski

SONRAKI XƏBƏR

Erməni bloqer prezident İlham Əliyevdən Azərbaycan vətəndaşlığı istəyir