Erməni kürəkəni olan senator “açarını” necə itirdi – Bakıya təhdid?

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez Azərbaycanın “Qisas əməliyyatı” ilə bağlı bəyanatla çıxış edib.

Arvadı erməni olan (Nadin Arslanyan) bu amerikalı senator utanıb-eləmədən “Azərbaycanı artsaxa qarşı təcavüzkar hərəkətlərdə” qınayıb.

“Azərbaycanın Dağlıq Qarabağda ölüm saçan hücumları təkcə atəşkəs rejiminin pozulması deyil, eyni zamanda Bakının seçdiyi son təcavüz modelinin qəbuledilməz davamıdır. Azərbaycan qüvvələri regionu tərk etməli və Dağlıq Qarabağ xalqına qarşı hərbi əməliyyatları dayandırmalıdır”, – deyə o, öz Twitter səhifəsində yazıb.

Kiçik arayış: qatı erməni lobbisti olan R. Menendez 2015-ci ildə ABŞ-da, federal səviyyədə korrupsiyada və rüşvətxorlquda ittiham olunub. 2018-ci ildə ona qarşı ittihamlar götürülsə də, Senatın Etika üzrə Xüsusi Komitəsi ona sərt xəbərdarlıq edib.

Erməni dostu, erməni kürəkəni ermənidən artıq olmayacaq ki…

Bununla belə, Menendez belə bir yüksək postu tuta bilib. Yəni vəzifəsinə görə sıradan bir şəxs sayılmaz. Sayılsaydı, yenə üstündən keçmək olardı. Təəssüf ki, belə birisi ABŞ kimi qüdrətli dövlətin parlamentinin yuxarı palatasında çox mühüm komitəyə rəhbərlik edir. Amma görün bu ser arvadının felinə gedib, erməni konyakından vurub nə çərənləyir, Azərbaycana, onun xalqına Komitə adından necə şər-böhtan atır.

Görəsən, gerçəkdənmi o çörəyi ağzına yeyir? Hansı “təcavüz”, hansı “Dağlıq Qarabağ xalqı”, hansı “Artsax ərazisi”? Harda, hansı dəftər-kitabda belə bir “dövlət”, “xalq” qeydə alınıb, bizə deyə, göstərə bilərmi? Yoxsa Azərbaycan özü-özünə təcavüz edib? Menendez arada Güney Qafqazın, Azərbaycanın xəritəsinə baxırmı?

Diqqət edin: 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın – Ermənistan üçün kapitulyasiya aktı sayılan sənədin 4-cü bəndində erməni qanunsuz silahlı birləşmələrin bölgədən çıxarılması tələbi yer alıb. ABŞ Senatının komitə sədri isə əksinə, Azərbaycandan tələb edir ki, öz qoşunlarını bölgədən çıxarsın! Nonsens? Həm də. Heç erməni it uşağı bizə qarşı belə tələb qoymur, bu qələti eləmir.

Anlamadıq, Azərbaycan öz ordusunu öz qanuni ərazisindən, azad elədiyi torpaqlardanmı çıxarmalıdır? Erməni çörəyi yeyən Menendezin ABŞ-ın da üzv olduğu BMT-nin Nizamnaməsindən xəbəri varmı? Harda ki, aydın yazılıb: hər bir dövlət işğala qarşı öz ərazi bütövlüyünü təkbaşına və ya digər ölkələrlə qorumaq hüququna malikdir. Bəlkə ABŞ “artsax” adında dövlət tanıyıb xəbərimiz yox?!

Bu yerdə yada salaq ki, keçən həftə ABŞ Senatı mina təmizləmə bəhanəsi ilə mövcud olmayan “Dağlıq Qarabağ”a 2023-cü il üçün 2 milyon dollar yardım nəzərdə tutan düzəlişi qəbul edib. Bununla da oradakı separatçı rejimi de-fakto tanıdığını ortaya qoymaqla bizə başqa bir pisliyi edib. Çünki Azərbaycanda daha “Dağlıq Qarabağ” adında inzibati ərazi mövcud deyil, o ki ola beynəlxalq hüququn subyekti sayılan hansısa qurum. Bir Qarabağ var və o da Azərbaycandır!

Separatçıların bazarı isə artıq bağlanıb. Həmişəlik. Cənab Menendez buna əyani şəkildə şahid və əmin olmaq istəyirsə, buyursun. Erməni arvadını da qoltuğuna vurub Qarabağa “dal qapı”dan keçməyə cəhd eləsin. Görək keçə biləcəkmi?..

Minval.info

ƏVVƏLKİ XƏBƏR

Təyyarədə qorxudan ürəyi partladı - Bir ulduz axdı

SONRAKI XƏBƏR

Ermənilər Zabuxu belə tərk edir - VİDEO