Azərbaycan-Ermənistan birbaşa dialoqunda ABŞ-ın maraqları, Rusiya imkan verərmi...

Azərbaycan-Ermənistan birbaşa dialoqunda ABŞ-ın maraqları, Rusiya imkan verərmi...<span class="qirmizi"></span>

Qorxmaz İbrahimli: “Azərbaycanın qələbəsindən sonra ABŞ vasitəçilərsiz dialoqa önəm verir”

ABŞ-ın Dövlət katibi Entoni Blinken dəfələrlə istər Prezident İlham Əliyevlə, istərsə də Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun qurulmasının vacibliyini önə sürüb. Birləşmiş Ştatların Azərbaycan və Ermənistan arasında birbaşa dialoqa töhfə vermək istədiyini bəyan edib.

Sonuncu dəfə ABŞ dövlət katibi Blinken avqustun 6-da Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb. Blinken Paşinyanla telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin həlli üçün Ermənistan və Azərbaycan arasında birbaşa dialoqa çağırıb. Blinken Azərbaycan prezidenti İlham Əliyevlə də danışığında bənzər fikirlər səsləndirib. O, Qarabağ məsələsi ilə bağlı məsələlərin həlli üçün Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılmasına, birbaşa dialoqa çağırıb. Görünən odur ki, ABŞ tərəflər arasında vasitəçilərsiz dialoqa çox üstünlük verir. Ümumiyyətlə, ABŞ-ın vasitəçilərsiz dialoqa önəm verməsinin səbəbi nədir? Vasitəçilərsiz dialoq nə qədər uzunmüddətli və davamlı proses ola bilər? Bunun uğurlu nəticələrinə nə kimi şərtlər daxilində ümid edə bilərik?

“Vaşinqton bununla həm də Rusiyanın dominantlığını neytrallaşdırmaq istəyir”

Məsələyə münasibət bildirən Aydınlar Partiyasının sədr müavini Qorxmaz İbrahimli ABŞ-ın Azərbaycan və Ermənistan arasında vasitəçilərsiz dialoqa üstünlük vermək siyasəti ilə çıxış etməsini bir sıra faktorlarla əlaqələndirdi: “Qarabağ məsələsində əvvəlcə Rusiyanın, sonra isə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi olub. Ancaq onlar vasitəçiliklə deyil, bir növ məsələnin həllinə maneçilik törətməklə məşğul olublar. Xüsusən də Rusiya bu məsələdə vasitəçi kimi yox, prosesi uzatmaqla məşğul olub. Ancaq 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra Rusiya ilə yanaşı, digər dövlətlərin də vasitəçilik missiyası bir növ ortadan qalxdı. Rusiya sadəcə müharibənin dayandırılmasında müəyyən rol oynadı. Bu səbəbdən Rusiyanın müəyyən dominantlığı qalmaqdadır. Ancaq Türkiyənin aktivliyi fonunda Rusiya bir qədər neytrallaşdırıldı. Əvvəl Valday, Soçi və digər görüşlərin timsalında Rusiya dünyaya göstərmək istəyirdi ki, Qarabağ məsələsi yalnız ondan asılıdır. Ancaq məlum müharibədən sonra situasiya dəyişdi. ABŞ-ın böyük institutları Qafqazla bağlı işləyir. Həmin təsisatlar kimin haqlı olduğunu, nəyin necə olduğunu çox gözəl bilirlər. Lakin erməni lobbisinin təsiri nəticəsində bizə qarşı siyasət aparırdılar. Azərbaycanın qələbəsindən sonra ABŞ vasitəçilərsiz dialoqa önəm verir. Blinkenin telefon zənglərində sözügedən məsələyə önəm verməsi bundan irəli gəlir. Vaşinqton bununla həm də Rusiyanın dominantlığını neytrallaşdırmaq istəyir. Ancaq bu variantın nə dərəcədə effektli olacağını indidən demək çətindir. Ona görə ki, Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə davam edir”.

Mənbə: www.baki-xeber.com