Ermənilərin vətəndaşlıq haqda müraciətinə baxılacaq - YAP-çı deputat

Ermənilərin vətəndaşlıq haqda müraciətinə baxılacaq - <span class="qirmizi">YAP-çı deputat</span>

"Ərazimizdə yaşayan və ölkəmizə qarşı cinayətlərdə iştirak etməyən ermənilərin Azərbaycan vətəndaşı olmasını normal hesab edirəm. Vətəndaşlıq istəyən ermənilərin keçmişi araşdırılaraq məsələyə baxıla bilər”.

Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

O bildirib ki, həmin ermənilər öz gələcəyini problemləri çox olan Ermənistanda deyil, məhz Azərbaycanda görürlər:

“Müxtəlif vaxtlarda işğal altında olan Azərbaycan ərazisində yaşayan erməni icması nümayəndələrinin Ermənistanın işğalından narazı olduqları haqqında məlumatlar var idi. Azərbaycan torpaqlarını azad etdikdən sonra böyük quruculuq işləri apardı, Ermənistanla normal qonşuluq münasibəti təklif etdi. Bütün bunlar, eləcə də Azərbaycanın artan nüfuzu həmin ermənilərdə əhval-ruhiyyəni daha da qaldırdı. Əgər əvvəllər belə fikir bildirəni qınaq, cəza, hətta ölüm gözləyirdisə, artıq orada bu fikirdə olanlar cəsarətlənib. Bundan sonra müraciətlərin sayı durmadan artacaq. Bir neçə gün bundan əvvəl Xankəndində Rusiya sülhməramlılarının komandanı oradakı erməni icmasının nümayəndələrilə görüşərkən, stolunun üstündə Azərbaycan bayrağı olub. Bundan sonra orada Azərbaycan dilinin öyrənilməsinə maraq olduğu barəsində də məlumatlar var. Hesab edirəm ki, bu say durmadan artacaq".

A.Mirzəzadə qeyd edib ki, hətta Qarabağdakı ermənilər arasında Azərbaycana dəstək çağırışlarını görəcəyik:

"Qısa vaxtdan sonra orada yaşayan erməni icması nümayəndələrinin Azərbaycanın pul vahidi olan manatdan istifadə etməsi mümkündür. Cənab Prezidentimiz həmişə bildirir ki, orada yaşayanlar bizim vətəndaşlarımızdır. Əgər müraciət edəcəklərsə, Azərbaycan qanunlarına müvafiq olaraq, müraciətlərinə baxılacaqdır. Lakin vaxtilə Xocalı və digər faciələrin törədilməsində fəal iştirak edib, Azərbaycanda separatizmin qızışmasına dəstək verib, indi vətəndaşlıq müraciətilə öz keçmişini silmək istəyənlər üçün bu, mümkün olmayacaq. Ermənistanın özündə də vaxtaşırı Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasını, Zəngəzur dəhlizinin açılmasını vacib edən çağırışlar eşidirik. Bu, Azərbaycanın regionda yaratdığı reallığın nəticəsidir”.

Mənbə: www.bakupost.az