“Jurnalistlərin konfliktlərdə və risklərdə davranma təlimləri” keçirilib - FOTOLAR

“Jurnalistlərin konfliktlərdə və risklərdə davranma təlimləri” keçirilib - FOTOLAR<span class="qirmizi"></span>

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi və Müdafiə Nazirliyi ilə "Dinc Dünya" Araşdırma Mərkəzinin birgə təşkil etdiyi "Konflikt jurnalistikası məktəbi"nin "Jurnalistlərin konfliktlərdə və risklərdə davranma təlimləri" layihəsi çərçivəsində tədbirlər və çöl məşğələləri keçirilib. Layihə üçün Bakı Dövlət, Bakı Slavyan, Azərbaycan Dillər, Bakı Avrasiya Universitetlərinin jurnalistika fakültələrinin yuxarı kurs tələbələri və əsasən, televiziya, internet jurnalistikası təcrübəsinə malik reportyorlar seçilib. Təlimalanlar psixoloji test yoxlamasından və ekstremal fəaliyyətlərdə iştirak etmək üçün temperativ qaydalara uyğun seçimdən keçiblər.

Bu layihə 2 mərhələ üzrə keçirildi. İlk mərhələdə media nümayəndələri Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində auditoriya təlimlərində iştirak etdilər. Auditoriya təlimlərini müvəffəqiyyətlə bitirən layihə iştirakçıları Dövlət informasiya təhlükəsizliyi, informasiya müharibəsinin üsul və şərtləri, informasiya manipulyasiyasının təhlili və bir sıra digər biliklərə yiyələndilər. "Dinc Dünya" Araşdırma Mərkəzinin rəhbəri Əlisəfa Mehdiyev qeyd etdi ki, jurnalistlərin ekstremal şəraitdə fəaliyyəti üçün gərək olan bütün zəruri bilikləri qazanmaq vacib şərtdir. "Ekstremal şəraitdə işləyən jurnalist qanunvericilik aktlarını yaxşı bilməli, praktiki davranma təcrübəsinə malik olmalıdır. Bununla belə, hər zaman psixoloji cəhətdən hazırlıqlı olan jurnalistlər, konkret situasiyalarda informasiyanın işlənməsindən öncə vəziyyətin təhlili və davranış mexanizmlərini yüksək səviyyədə mənimsəməlidir. Belə təlimlərin keçirilməsi də birbaşa bu məqsədə yönəldilir".


Hərbi mövzu ətrafında işləyən jurnalistlərin peşəkarlıqlarının artırılması məqsədli "Konflikt jurnalistikası məktəbi"nin auditoriya təlimlərində media nümayəndələri beynəlxalq təcrübələrdən yararlanaraq ekstremal hallarda qarşılıqlı münasibətlərin tənzimlənməsi və kollektiv davranma şərtlərini inkişaf etdiriblər. Həmçinin jurnalistlər hərbi nizamnamələri, ona əsasən qarşıya qoyulan vəzifələri, silah və texnikaların taktiki-texniki xüsusiyyətləri, habelə qoşun növlərinin təyinat və tapşırıqları haqqında dolğun məlumatlar əldə ediblər. Bu onun göstəricisidir ki, keçirilən layihə həm medianın və media nümayəndələrinin peşəkarlaşmasında, həm də ordu ilə kütləvi informasiya vasitələri arasında sıx əlaqələrin qurulmasında vacib rol oynayır.

Layihənin gedişatında Müdafiə Nazirliyinin və Bakı Dövlət Universitetinin əməkdaşları, media və ictimaiyyət nümayəndələri, "Konflikt jurnalistikası məktəbi"nin rəhbərliyi və digərləri Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz Qüvvələri, Quru Qoşunlarının əməliyyat (komando) və digər hərbi hissələrini ziyarət etdilər.


İkinci mərhələyə daxil olan poliqon təlimləri zamanı isə jurnalistlər bir müddət əsgər rejimində yaşamağı öyrəndilər.

Plana uyğun olaraq, poliqonda keçirilən təlimlər zamanı jurnalistlərin həm fiziki, həm də psixoloji möhkəmliyi yoxlanılıb. Keçirilən təlimlər zamanı onlara müharibə və ya hərbi konflikt vaxtı düzgün qərar qəbul etmə, döyüş gedən ərazidə məlumat toplama zamanı sağ qalma, topladığı informasiyanı vaxtında ötürmə və başqa qaydalar geniş izah olunmaqla yanaşı, praktiki icra edilib. Qeyd olunub ki, hər bir jurnalist ekstremal vəziyyətlərə hərbi qulluqçu kimi hazır olmalıdır.

Layihə zamanı icra olunan təlimlər hərbi mövzuda fəaliyyət göstərən jurnalistlərin formalaşmasında vacib addım kimi qiymətləndirilib. "Konflikt jurnalistikası məktəbi" hərbi mövzu ətrafında yazan jurnalistlərin informasiyanın düzgün, dolğun hazırlanması və peşəkarlıqlarının artırılması baxımından əhəmiyyətlidir.

İbrahim Məmmədbəyov, "Azərbaycan Ordusu"

Ordu.az

 

Mənbə: ordu.az