“Zəngəzur dəhlizinə sülhməramlılar nəzarət edə bilməz” – Politoloq

“Zəngəzur dəhlizinə sülhməramlılar nəzarət edə bilməz” – Politoloq<span class="qirmizi"></span>

 

“Zəngəzur dəhlizinə rus sülhməramlılarının nəzarət etməsi olduqca sərsəm bəyanatdır. Erməni tərəfinin əsas bəlası ondan ibarətdir ki, onlar imzaladıqları sənədləri oxumurlar. İmzaladıqdan sonra düşünürlər ki, bəlkə dəyişdirmək mümkün oldu. Yaxşı olardı ki, onlar üçtərəfli bəyanatı əzbərləsinlər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadə səsləndirib.

Politoloqun qeyd edib ki, 10 noyabr bəyanatında Zəngəzur dəhlizinin statusu məsələsi açıq şəkildə öz əksini tapıb:


“Qeyd olunub ki, Azərbaycanı Naxçıvana birləşdirən kommunikasiya xətləri açılır və onun təhlükəsizliyini Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları təmin edəcəklər. Yəni, Rusiya sərhədçiləri. Çünki Rusiya sərhədçiləri FTX-yə tabedirlər. Bunun da səbəbi dəhlizin Ermənistan-İran səhədinin yaxınlığından keçməsidir və sözügedən ərazidə Rusiya sərhədçilərinin postları yerləşir.

Təbii ki, dəhlizdə təhlükəsizliyi Ermənistan tərəfinə həvalə edə bilməzdik. Bu səbəblərdən dolayı nəzarət və təhlükəsizliyi Rusiya tərəfi öz üzərinə götürüb”.

İlqar Vəlizadənin sözlərinə görə, Qərbi Zəngəzura nəzarət sülhməramlıların səlahiyyətlərinə aid ola biləcək məsələ deyil:

“Üçtərəfli komissiyanın yaradılmasının da səbəbi budur. Yəni, təhlükəsizlik məsələlərində Rusiya təminatçı qismində çıxış edir. Fiziki olaraq dəhliz Ermənistan ərazisindən keçir, amma Azərbaycanla razılaşdırılmış şərtlərlə. Bir sözlə, Azərbaycan tərəfinin razılığı olmadan bu dəhliz reallaşdırıla bilməz.

Ermənistan tərəfinin bu cür yersiz bəyanatları ondan xəbər verir ki, onlara danışıqlarla bağlı real informasiya ötürülmür. Ya da onlar ictimai rəyi yanıltmağa çalışırlar. Eyni məsələyə Laçın dəhlizində də şahidlik edirik. Azərbaycan dəfələrlə alternativ yol inşa etdiyini bildirdi. Amma onlar Laçını və ətraf kəndləri boşaltmaq məsələsini son dəqiqəyə qədər təxirə saldılar”.

Politoloq Laçın və Zəngəzur dəhlizlərini eyniləşdirməyin doğru olmadığını da fikirlərinə əlavə edib:

“Laçın dəhlizi humanitar tiplidir. Və düşünürəm ki, bu ərazidə dəhliz həmişəlik olmayacaq. Çünki sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilər gec-tez Azərbaycanın nəzarətinə keçəcək. Ona görə də indiki formada dəhlizə, ümumiyyətlə, ehtiyac olmayacaq.
Humanitar məqsədlə yaradılan dəhlizlə, geosiyasi, geoiqtisadi Zəngəzur koridorunu müqayisə etmək olmaz. Çünki bu layihənin tərəfləri təkcə Azərbaycan, Ermənistan və Rusiya deyil. Burada Şimal-Cənub, Şərq-Qərb, TransXəzər kimi multimodel dəhlizlərə bənzər layihədən söhbət gedir.

Ona görə də, Zəngəzur koridoru al-ver predmetinə çevrilə bilməz. Yəni, Ermənistan tərəfinin Zəngəzurda etdiyi təkliflərə uyğun olaraq, Azərbaycanın Laçında müəyyən imtiyazlar verməsi ideyasının əsası yoxdur”.

Murad Əhmədov, Bizim.Media

Mənbə: bizim.media