Ermənilər Laçında və Zabuxda silahlı müqavimətə hazırlaşır...

Ermənilər Laçında və Zabuxda silahlı müqavimətə hazırlaşır...<span class="qirmizi"></span>

Akif Nağı: “Ayrı-ayrı siyasi qüvvələr reytinq əldə etmək məqsədilə özlərini proseslərə “müqavimət göstərən” tərəf kimi nümayiş etdirmək istəyirlər”

Ermənilər Laçın şəhərini, Zabux və Sus kəndlərini avqustun 25-dək tərk etməlidirlər. Artıq onların əksəriyyəti Azərbaycan ərazilərini tərk edir və qəsb etdikləri evləri boşaldırlar. Amma bununla belə, Laçında qalıb Azərbaycana qarşı “döyüşmək istəyənlər də tapılıb. Yayılan məlumatlara görə, ermənilər Laçın şəhəri və Zabuxda “özünümüdafiə” adı ilə müqavimətə hazırlaşır.

Bu prosesə Ermənistandakı “Demokratik birləşmə” partiyasının sədri Suren Petrosyan rəhbərlik edir. Məlumata görə, Suren Petrosyan və ailəsi hazırda Zabuxdadır: “Biz Laçın və Zabuxun “özünümüdafiəsinə” praktiki hazır olan insanları mübarizəyə qoşulmağa çağırırıq. 100-dən çox insan bizə qoşulmaq istəyini bildirib. Ermənistandan yüzlərlə məktub göndərilir, amma neçə nəfərin gələcəyini deyə bilmərəm. Çox şey barədə danışmaq istəmirəm, əsas məsələ buraya mümkün qədər çox adamın gəlməsidir”.

Maraqlıdır, bir tərəfdən ermənilər Laçın şəhərini boşaldırlar, iki kəndindən çıxırlar, o biri tərəfdən isə separatçılar “müqavimət hərəkatı” yaradır.

Ermənilər bununla nə demək istəyirlər?

“Özləri də başa düşürlər ki, müqavimətin heç bir mənası yoxdur”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bizimlə söhbətində bildirdi ki, Qarabağda və Şərqi Zəngəzurda, işğaldan azad olunan ərazilərimizdə proseslər həm üçtərəfli bəyanat, həm də Azərbaycanın ortaya qoyduğu plan əsasında həyata keçirilir. “Ermənilər, təbiidir ki, bundan narahatdırlar. Proses getməlidir, ərazilərimizdə qanunsuz məskunlaşan ermənilər çıxmalıdırlar, Rusiya sülhməramlıları deyilən qüvvələr kənara çəkilməlidir və Azərbaycan hakimiyyəti bu ərazilərdə bərpa olunmalıdır. Prosesin mahiyyəti bundan ibarətdir və Azərbaycan hökuməti məqsədyonlü və davamlı şəkildə bu prosesi gerçəkləşdirir. Ermənistan tərəfi bu proseslə razılaşmır, bu prosesi ləngitməyə çalışırlar, hadisələrin ətrafında cürbəcür oyunlar oynamağa cəhd edirlər. Hətta deyək ki, müxtəlif siyasi qüvvələr xal qazanmağa çalışırlar. Yəni burada bir neçə məqam var. Qeyd olunmalıdır ki, Ermənistan rəhbərliyi müxtəlif adlar altında rəsmi, yaxud qeyri-rəsmi səviyyədə açıqlamaları, hərəkətləri ilə maksimum prosesi ləngitməyə çalışır. Bunun üçün ən müxtəlif yollara əl atırlar. Ümid edirlər ki, proses ləngiyərsə hansısa vəziyyət, şərait yarana, Rusiyanın, ABŞ-ın, Fransanın timsalında hansısa xarici amillər işə düşə və ermənilər də bundan yararlana bilər. Buna ümid edirlər və ona görə də prosesi ləngitməyə çalışırlar. Baş verən hadisələrə bu mövqedən qiymət vermək olar. Digər tərəfdən isə ayrı-ayrı siyasi qüvvəllər reytinq əldə etmək məqsədilə özlərini proseslərə “müqavimət göstərən” tərəf kimi nümayiş etdirmək istəyirlər. Özlərini “vətənpərvər”, guya ermənilərin maraqlarını müdafiə edən tərəf kimi təqdim edirlər, bunlar da hakimiyyətdən kənar qüvvələrdir. Onların aparıcı müxalifət partiyaları da bundan yararlanmağa çalışır. Adı heç də populyar olmayan, çox da tanınmayan “Demokratik birləşmə” partiyası tanınmaq üçün belə sərsəm bəyanat verir ki, guya müqavimət göstərəcəklər. Guya Laçında “müqavimət hərəkatı” yaradırlar. Onlar bununla reytinq, xal toplamağa çalışırlar. Özləri də başa düşürlər ki, “müqavimətin” heç bir mənası yoxdur”.

A.Nağı qeyd etdi ki, Laçın şəhəri, Zabux və Sus kəndləri ətrafında söhbətlər gedir və Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020-ci il tarixində əldə olunan razılıq əsasında həmin ərazilərdən qanunsuz məskunlaşdırılan ermənilər çıxmalıdır. QAT sədrinin sözlərinə görə, müharibədən əvvəlki dövrdə orada erməni yaşamayıb, onlar qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ora köçürülüblər, onlar da çıxmalıdır, Azərbaycan bu məsələdə barışmaz, kompromissiz bir mövqedədir. “Onlar oranı tərk etməlidir. Bilirsiz ki, orada məskinlaşan ermənilər xeyli müddət bundan əvvəl Zabuxla bağlı “sərt” mövqe ortaya qoymaq istədilər, kənardan köçürülən ermənilər iddialı, hikkəli çıxışlar etdilər, “çıxmayacağıq, müqavimət göstərəcəyik” deyirdilər. Amma sonradan onlar başa düşdülər ki, heç nəyin mənası yoxdur, çıxmalıdırlar. Bu proses də başlayır. Siz də bilirsiz ki, Rusiya mətbuatına istinadən məlumatlar ortaya çıxıb. Amma rəsmi məlumatlardır ki, avqustun 23-nə qədər üç yaşayış məntəqəsindən ermənilər çıxmalıdır və avqusun 25-də həmin ərazilər Azərbaycan ordusunun nəzarətinə keçməlidir. Bu məlumat Rusiya mənbələri tərəfindən ortaya qoyulur. Ola bilsin ki, gün tarixi ilə bağlı prosesdə bir az dəyişiklik, ləngimə olsun, amma proses gedir, o prosesin qarşısını heç kəs ala bilməyəcək. Sadəcə, Azərbaycan bu məsələdə davamlı və prinsipial mövqeyini axıra qədər həyata keçirməli və imkan verməməlidir ki, onlar hansısa bir oyunbazlıq etsinlər. Nə etsələr xeyri olmayacaq. Ermənilər bataqlığa düşən adam vəziyyətindədir. Hərəkət etdikcə daha dərinliyə gedirlər. Bu hərəkətlər onların özlərinə qarşıdır, Ermənistan rəhbərinin də imzaladığı sənədə görə ermənilər ordan çıxmalıdır. Ermənilər orada “müqavimət hərəkatı” yaratmaq istəyirsə, demək orada qanunsuz silahlı dəstə yaradırlar, dünyaya qarşı çıxırlar. Ermənilərin oradan çıxması ilə bağlı rəsmi razılaşma var” - deyə bildirən A.Nağı deyir ki, bu proseslərdə Rusiyanın da, Qərbin də, Avropa Biriyinin də razılığı var və ermənilər çıxmalıdır.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com