Erməni diplomat Ukrayna xalqına Qarabağla əlaqədar yalanları dalbadal dedi...

Erməni diplomat Ukrayna xalqına Qarabağla əlaqədar yalanları dalbadal dedi...<span class="qirmizi"></span>

Ramil Məmmədli: “Erməni səfir Ukrayna ictimaiyyətini aldatmaqla məşğuldur”

Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan Ukraynanın İctimai Televiziyasına müsahibəsində Azərbaycanın ünvanına çoxsaylı böhtanlar səsləndirib. Ən təəccüblüsü odur ki, səfir utanmadan ağ yalan danışıb.

O bəyan edib ki, xəritələr Azərbaycana təhvil veriləndən sonra minalardan ölənlərin sayını xeyli azalıb: “Ermənistan rəhbərliyi xoş niyyətin təzahürü olaraq 90-cı illərdən, Birinci Qarabağ müharibəsindən indiyədək ixtiyarımızda olan minalanmış sahələrin xəritələrini təhvil verdi. Həmin xəritələrdən sonra partlayışların sayı xeyli azalıb, cəmi iki partlayış nəticəsində bədbəxt hadisə baş verib. Xəritələrimiz kifayət qədər dəqiqdir”.

Səfirin digər yalanı hərbi əsirlərlə bağlıdır. V.Karapetyan deyib ki, guya Azərbaycan onlarda 38 erməni hərbi əsirin olduğunu etiraf edib: “Ermənistan tərəfi hesab edir ki, daha 26 hərbçi onlarda əsirlikdədir. “Hamının hamıya” prinsipi ilə çıxış edərək erməni tərəfi bütün məhbusları, hətta tamamilə başqa maddələrlə, o cümlədən qətl törətməklə məhkum olunmuş cinayətkarları da təhvil verib”.

Əvvəla, səfirin mina xəritələrinin dəqiq olması ilə bağlı səsləndirdiyi fikirlər yalandır. Bu necə dəqiq xəritələrdir ki, indiyə qədər 240 nəfər mina partlayışı zamanı ölüb və yaralanıb? Səfirin hərbi əsirlərlə bağlı uydurmasına gəldikdə isə, belə çıxır ki, guya bizdə onların sayı 64 nəfərdir. Əslində isə Azərbaycanda heç bir hərbi əsir yoxdur. Azərbaycan bunu heç vaxt etiraf etməyib. Çünki bizdə olanlar hərbi əsir yox, diversant və terrorçudur. Hərbi əsirlər 10 noyabr razılaşmasından sonra Ermənistana təhvil verilib.

“Bizə verilən mina xəritələrinin dəqiqlik göstəricisi yüzdə 25-dir və bu o deməkdir ki, onların çoxu saxtadır”

Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Ermənistanın Ukraynadakı səfiri demaqogiya ilə məşğuldur: “Onun hər iki məsələ ilə bağlı səsləndirdiyi fikirlər iftiradır. Çünki mina xəritələrinin dəqiqliyi heç də onun dediyi kimi deyil. Tam əksinədir. Məsələ ondadır ki, bizə verilən mina xəritələrinin dəqiqlik göstəricisi yüzdə 25-dir. Bu o deməkdir ki, həmin xəritələrin çoxu saxtadır. Mina xəritələrinin doğru olmaması üzündən həm hərbçilər, həm də mülki şəxslər bunun qurbanı olur. O üzdən, erməni səfir Ukrayna ictimayətini aldatmaqla məşğuldur. Azərbaycanda olan erməni məhbuslara gəldikdə isə, onlar hərbi əsir yox, diversantdılar. Çünki müharibə bitəndən sonra onlar qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olublar və təxribat törədərkən ələ keçiblər. Azərbaycan bunu dəfələrlə bəyan edib. Ancaq buna rəğmən Ermənistan tərəfinin yalanları bitmək bilmir”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com