Bu gün Azərbaycan Ordusunun igid zabitlərindən olan Vüqar Aydın oğlu Nəcəfovun doğum günüdür.
BiG.AZ xəbər verir ki, bu münasibətlə Müdafiə Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Rayon Hərbi Komissarlığı və Kürdəxanı Rayon İcra Hakimiyyətinin rəsmiləri, Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının, "Kaspi" liseyinin nümayəndələri, Naxçıvan Hərbi Qarnizonunun hərbçiləri, şəhidin ailə üzvləri, yaxınları, döyüşçü dostları, Sabunçu və Ordubad rayonlarının bir qrup sakini İkinci Şəhidlər xiyabanına gələrək Vətənin igid övladının məzarını ziyarət ediblər.
Saytımız oxucuları kapitan Vüqar Nəcəfov haqqında məlumatlandırmaq istəyir.
2783 şəhidimizdən biri olan, iki bacının tək qardaşı, ailənin sonbeşiyi Vüqar Nəcəfov 10 avqust 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olub. Uşaqlıq illərindən hərbçi olmaq arzusunda olub, atası və əmisi Birinci Qarabağ Müharibəsinin iştirakçısı, dayısı ordu kapitanı olub. Vüqar gözünü açandan ailədə hərbçilərin əhatəsində böyüyüb. Bəlkə də elə buna görədir ki, uşaqlıq arzusunu böyük sevgi ilə gerçəkləşdirib.
O, Bakıda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq zabitlik peşəsinə yiyələnib. Cəbhə bölgəsində yerləşən hərbi hissədə motoatıcı və atəş dəstək taqımının komandiri kimi xidməti vəzifələrinin öhdəsindən şərəflə gəlib, "kapitan" hərbi rütbəsinədək yüksəlib.
Vətən müharibəsində Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak edib. 2020-ci il oktyabrın 2-də şəhidlik məqamına yüksəlib. O, Cəbrayıl rayonunun Ruzigar kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yoldaşlarının sözlərinə görə, kapitan yaralı əsgəri ön nöqtədən çıxarmağa nail olub. Sonuncu döyüşçü yoldaşını xilas etmək istəyərkən snayperdən açılan atəş nəticəsində şəhid olub. Ondan əmanət iki övladı qalıb.
Bu, Ordubad rayonunun ucqar Dırnıs kəndindən başlayıb müqəddəs ziyarətgahları ilə məşhur olan Cəbrayılda şəhidliklə sonuclanan bir Azərbaycan gəncinin, Azərbaycan zabitinin qısa və şərəfli ömür yoludur.
Məqamın uca olsun, cənab kapitan! Ruhuna dərin ehtiramla!
Təltifləri
15.12.2020 — "Vətən uğrunda" medalı (ölümündən sonra)
24.12.2020 — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
25.12.2020 — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
25.12.2020 — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
05.11.2021 — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
Onun barəsində daha ətraflı aşağıdakı videomaterialları izləməklə öyrənə bilərsiniz:
Qeyd edək ki, ötən il də də şəhid Vüqar Nəcəfovun doğum günü təntənəli şəkildə keçirilib.
Sonda kapitan Vüqar Nəcəfovu əsgərlərinin dilindən tanıyın:
Natəvan Baxşiyeva
Mənbə: big.az