"Balasanyanın Azərbaycan generalları ilə birlikdə harasa getməsi erməni dezinformasiyasıdır" - Deputat

Bu gün erməni saytları "Xocalı qatili" general Vitali Balasanyannın azərbaycanlı generallarla bərabər Laçına və Zabux kəndinə getməsi barədə məlumat paylaşıb.

“Aravot” nəşrinin yazdığına görə, bu barədə Zabuxda yaşayan erməni sakinlər məlumat verib.

“Sakinlər kəndin mərkəzində toplaşmışdılar və gördülər ki, Vitali Balasanyan azərbaycanlı generallarla gəlir. Özü də o, ilk dəfə deyil ki, türklərlə belə rahat gəzir. Biz onun Şuşadakı postlarda onlarla necə mülayim danışdığını görürdük. Azərbaycanlılar isə artıq bizim evlərimizə baxırlar. Vitali onlara evləri göstərdi və inandırdı ki, heç kim evi dağıtmayacaq və yandırmayacaq, hər şey qaydasındadır. Bizim vəziyyətimizi təsəvvür edirsinizmi?”,- nəşr yerli sakin Satik Asatryanın sözlərini sitat gətirib.

Öz növbəsində erməni tərəfi Vitali Balasanyanın Rusiya sülhməramlıları və Azərbaycan nümayəndələri ilə Laçın və Zabux kəndinə səfərini rəsmi təsdiqləyib.

Məlumatda deyilir ki, səfər 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın yerinə yetirilməsi çərçivəsində həyata keçirilib.

Maraqlıdır, Xocalıdakı günahsız soydaşlarımıza qarşı qırğın törədənlərin başında duranlaran biri olan Vitali Balasanyan haqqında Azərbaycan beynəlxalq axtarış elan etdiyi halda o necə rahatlıqla Laçına gələ bilir? Erməni mətbuatının yazdığı kimi, onun yanlndakı azərbaycanlı generallar məgər bilmir ki, istənilən halda bu qatil terrorçu dərhal həbs edilməlidir?

Xocalının sonuncu isra başçısı olan, o dəhşətli hadisələrin canlı şahidi, Milli Məclisin deputatı Elman Məmmədov mövzu ilə bağlı Redaktor.az-a danışarkən bildirdi ki, erməni saytlarındakı xəbərlərin dezinformasiya olduğuna inanır.

"O xəbərləri məndə oxudum. Bu barədə bir-iki sayta münasibət də bildirmişəm. Birmənalı olaraq demək istəyirəm ki, Vitali Balasanyan hərbi canidir, günahsız insanların, xüsusən uşaqların bilavasitə qatilidir. Xocalı soyqrımının törədilməsində birbaşa rəhbərlik edən iki-üç komandirdən, özü də ən qəddarından biridir. Təbii ki, Vitali Balasanyan deyilən cinayətkarın, hərbi caninin Rusiya hərbçiləri ilə birlikdə hərəkət etməsi təəccüblü deyil. Çünki Rusiya hərbiçiləri ərazimizə gələn gündən bu cinayətkarlarla, teroristlərlə, separatçılarla əməkdaşlıq edir. Onlarla əlbir fəaliyyət göstərir. Amma erməni mətbuatında onun yanında Azərbaycan generallarının olması barədə yazılanları dezinformasiya qəbul edirəm. Çünki mən inanmıram ki, Azərbaycan generalı, Azərbaycan hərbçisi dinc insanların qanını tökmüş cinayətkarlarla birlikdə harasa gedə və nəyisə məslətləşə bilər. Çünki bu terrorçunu Azərbaycan dövləti beynəlxalq axtarışa verib. Həmin hərbçilər onu görən kimi həbs etməyə məsul idilər. Ona görə də növbəti erməni dezinformasiyası hesab edərək bu xəbərlərə inanmıram".

Millət vəkili bununla yanaşı belə bir şeyin həqiqətən baş verməsi ehtimalı barədə də fikirlərini bölüşdü.

"Əgər elə bir şey olubsa, həqiqətdirsə, yəqin onda sizə, mənə məlum olmayan başqa səbəblər var ki, biz onu bilmirik. Ancaq mənim bir vətəndaş kimi mövqeyim belədir ki, biz onların heç birinə güzəşt etməməliyik. Heç biri ilə hansısa bir mənada qnsiyyət olmamalıdır və onlar drhal hərbi cani kimi həbs edilib məsuliyyətə cəlb olunmalıdır. Vəssalam. Mən Allahdan arzu edirəm ki, Balasanyanın Azərbaycan generalları ilə görüşməsi barədə erməni mətbuatında yazılanlar hamısı dezinformasiya olsun",- deyə o qeyd etdi.

Sözügedən məsələ barədə Müdafiə Nazirliyindən açıqlama ala bilmədik. Çünki sözügedən nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov bu barədə məlumatı olmadığını, məsələni dəqiqləşdirib mətbuata açıqlama verəcəyini dedi. Amma günün sonunadək heç bir açıqlama gəlmədi.

Həmidə Rasimqızı

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

“Türkiyə bu yolda inamla addımlayacaq...” – Komitə sədri

SONRAKI XƏBƏR

Yaralı əsgərini xilas etmək istəyərkən şəhid olan kapitanımızın DOĞUM GÜNÜDÜR - FOTO-VİDEO