Putini qatil adlandıran jurnalistə cinayət işi açıldı - Uzunmüddətli həbs oluna bilər

Putini qatil adlandıran jurnalistə cinayət işi açıldı - Uzunmüddətli həbs oluna bilər<span class="qirmizi"></span>

Rusiya hakimiyyəti telejurnalist Marina Ovsyannikovaya cinayət işi açıb. "AzPolitika.info" Rusiya mediasına istinadən xəbər verir ki, martda canlı efirdə müharibəyə etiraz etmiş jurnalist ölkənin silahlı qüvvələrini nüfuzdan salmaqda ittiham olunur. O, Rusiyanın fevralda Ukraynaya qarşı başlatdığı müharibəni açıq tənqid edəndən sonra belə bir ittihamla üzləşib.

Vəkili Dmitri Zaxvatov avqustun 10-da bildirib ki, polis müvəkkilinin Moskvadakı evinə girib, vəkilin iştirakı olmadan axtarış aparıb. Onun sözlərinə görə, jurnalist Rusiya silahlı qüvvələri barədə saxta informasiyanı yaymaqda suçlanır.

Ovsyannikova martın 14-də Rusiyanın "Birinci Kanal"ının efirində “Vremya” xəbər proqramının studiyasına daxil olaraq rusca “Müharibəni dayandırın. Propaqandaya inanmayın. Onlar sizə yalan danışırlar” yazılmış plakat qaldırıb. O rusca “Müharibəni dayandırın. Müharibəyə yox” şüarı səsləndirib.

Etiraz vaxtı Ovsyannikova "Birinci Kanal"da prodüser işləyirdi. Daha sonra saxlanan jurnalist qanunsuz etirazlara çağırışa görə 30 min rubl (təxminən 500 dollar) cərimələnib. "Birinci Kanal"dan istefa verən Ovsyannikova bir neçə ay xaricdə, o cümlədən Ukraynada olub, dəfələrlə müharibəni pisləyib. O, Almaniyanın “Die Welt” qəzetində üç ay təlim keçib, iyulun əvvəlində Rusiyaya qayıtdığını elan edib.

Avqustun 8-də Moskvada məhkəmə Ovsyannikovanı Ukraynadakı müharibəyə onlayn etiraz postlarına görə 40 min rubl (660 dollar) cərimələyib. Ötən həftə başqa bir məhkəmə onu ordunun nüfuzdan salınması ittihamı üzrə 50 min rubl (820 dollar) cərimələyib. Jurnalist iyulda Kremlin qarşısında təkadamlıq etiraz aksiyası keçirmiş, əlindəki plakatda “(Rusiya Prezidenti Vladimir) Putin qatildir, əsgərləri faşistdir” sözləri yazılıb, Ukraynada öldürülən uşaqların fotolarını göstərib.

Martda Putinin imzaladığı qanunda ordunun hərbi əməliyyatları barədə “bilərəkdən saxta informasiya” yaymağa görə uzunmüddətli həbs nəzərdə tutulub.

"AzPolitika.info"

Mənbə: azpolitika.info