"Hərbi təhsil sistemində islahat tarixi zərurətin nəticəsidir" - General-leytenant Heydər Piriyevlə MÜSAHİBƏ

"Hərbi təhsil sistemində islahat tarixi zərurətin nəticəsidir" - General-leytenant Heydər Piriyevlə MÜSAHİBƏ<span class="qirmizi"></span>

Vətən müharibəsində qazanılan Zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. Sonrakı islahat hərbi təhsil sisteminə şamil edildi. Müsahibimiz professor, general-leytenant Heydər Piriyevdir.

- Cənab general-leytenant, ordu quruculuğunda hər yenilik islahat deyil, hər islahat yenilikdir, yeniləşmədir. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Bu tezisə hərbi düşüncənin tezisi də demək mümkündür. Yeniləşmə daha geniş şəbəkəli anlayışdır və ordu quruculuğuna, ordu quruculuğu ordunun güclənməsinə xidmət edir. Bu anlamda islahatlar ordu quruculuğunun tərkib hissəsi olmaq etibarilə dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Mahiyyət baxımından ordunun şəxsi heyətinin döyüş, eləcə də mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə yönəldilən islahatlar Azərbaycan Ordusunda kəsilməzliklə, dönməzliklə, elmi əsaslarla aparılır. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması həm də belə gərəkli və vaxtında aparılan islahatlarla bağlıdır. Bu və ya digər islahat həm ayrılıqda (fərdi), həm də vəhdətdə (kompleks) ordunun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi ilə nəticələnir. Son illərdə həyata keçirilən islahatlar məhz belə islahatlar kimi tarixləşib. Azərbaycan Ordusunda islahatlar - mahiyyətli strateji yeniləşmələr həmişə tarixi zərurət kimi təzahür edib və ordu quruculuğu prosesinin tərkib hissəsi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu prosesi məhz buna görə bu səviyyədə dönməzləşib - güclü, qüdrətli ordumuz var.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib: "Ordu quruculuğu prosesi Azərbaycanda ardıcıllıqla icra edilir. Həm təminat, təchizat, müasir texnikanın alınması, döyüş qabiliyyətinin artırılması, eyni zamanda, bizim uğurlarımız siyasi uğurlarla tamamlanır". Bu fikirlər sonrakı illərdə ordu quruculuğu prosesinin mahiyyətini müəyyənləşdirdi. Müharibə şəraitində Azərbaycanda ordu quruculuğu həmişə dövlət üçün prioritet olub. İndi Vətən müharibəsindən sonra işğalı sonlandıran qalib ordu kimi prioritetdir...

Elmi, hərbi-elmi nəzəriyyələr təsdiqləyir ki, xarakterindən asılı olmayaraq, istənilən müharibədə qazanılan qələbəni şərtləndirən amillərdən ən başlıcası xalqla ordunun yekdilliyi, sərkərdəlik məharəti, ordunun döyüş hazırlığının yüksəldilməsinə yönəldilməklə vaxtında aparılan zəruri islahatlardır. Müharibələr tarixi göstərir ki, dövlət, dövlətçilik üçün, bu baxımdan ordu quruculuğu üçün gərəkli islahatlar müharibədən sonra gerçəkləşdirilir. Belə islahatlar dövlətimizin başçısının zəruri bildiyi sahələri əhatə edir.

- Vətən müharibəsi Zəfərlə başa çatdı. Bu hərbi tezisə görə Azərbaycanda da ordu quruculuğunu əhatə edən islahatlar aparılacaqdı. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycanın ədalətli müharibəyə başlaması tarixi zərurət idi. Danışıqlardan yayınan, regionda mövcud status-kvonu saxlamağa çalışan Ermənistanın silahlı birləşmələri istər işğal etdiyi ərazilərdən, istərsə də dövlət sərhədlərindən müxtəlif səviyyəli təxribatlar törədir, həmlələr, hücumlar edirdi. Azərbaycan Ordusunun hissələri bunların qarşısını qətiyyətlə alırdı. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatına, ədalətli müharibəyə - Vətən müharibəsinə başlayan ordumuz düşmənin işğal dövründə yaratdığı, təkmilləşdirdiyi, yeniləşdirdiyi çoxpilləli müdafiə sədlərini qısa müddətdə darmadağın etdi. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə Vətən müharibəsində Zəfər qazanıldı. Bu Zəfərin Azərbaycanın torpaqlarının işğaldan azad olunmasına görə hərbi əhəmiyyəti, Azərbaycan Ordusunun gücünün, qüdrətinin etiraf edilməsinə görə böyük siyasi əhəmiyyəti oldu. Bu Zəfər həm də ordu quruculuğunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin zəruri bildiyi islahatların aparılmasına zəmin yaratdı. İlk belə islahatla Komando hərbi hissəsi yaradıldı. Sonrakı islahat bilavasitə hərbi təhsili əhatə etdi.

- Bu islahatın mahiyyəti əvvəlki islahatlardan fərqlidir?

- Bəli. Bu islahat tarixi islahatdır, obrazlı şəkildə desək, tarixin islahatıdır. Dediyiniz fərq islahatın tətbiq sahəsi ilə bağlıdır. Yəni, bu islahat hərbi təhsil sistemini əhatə etməklə əsaslı dəyişikliklər islahatıdır. Bu islahatın mahiyyətində hərbi təfəkkürün formalaşdırılması niyyəti dayanır və Müdafiə Nazirliyinin strukturlarına daxil olan xüsusi təyinatlı təhsil müəssisələri şəbəkəsinin fəaliyyətinin təkmilləşdirilməsi, koordinasiyası, Türkiyənin və inkişaf etmiş ölkələrin hərbi təhsil sisteminə inteqrasiyası baxımından son dərəcədə gərəklidir. Bu islahat Azərbaycanda hərbi təhsil sisteminin daha dinamik səviyyədə, daha mütərəqqi üsul və vasitələrlə, dünyəvi təcrübələrə əsaslanılmaqla inkişafını təmin edəcək. Bu inkişafın dialektikası hərbi-elmi təfəkkürün formalaşmasını, intellektual səviyyənin genişlənməsini əhatələyəcək. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır.

- Xüsusi təyinatlı təhsil müəssisələrində hərbçi kadrlar hazırlanırdı, Silahlı Qüvvələrin Hərbi Akademiyasında zabitlər akademik hərbi təhsil alırdı.

- Belə təhsil sistemi müasir ordu quruculuğunun inkişaf səviyyəsi ilə müqayisədə müasir yanaşma tələb edir. Hərbçi kadr, hərbçi elmi-pedaqoji kadr islahatları mahiyyət baxımından fərqlidir. Bu islahat bu fərqin təhsil sisteminə təsirinin qarşısını alacaq. Zabit kadrları hazırlığının səviyyəsini artırmaq üçün yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması zərurəti hərbi təhsil sisteminin bu formatda təkmilləşməsi ilə nəticələndi. Bu islahat elmi və elmi-pedaqoji kadrların praktik fəaliyyətində elmi yanaşma bacarığını formalaşdıracaq. Ölkənin müdafiə qüdrətinin yüksəldilməsində və ordu quruculuğunun daha gərəkli səviyyədə təkmilləşməsində Milli Müdafiə Universitetinin də xidmətləri olacaq. Belə ki, fəaliyyət nəticəsində əldə edilən elmi nəticələr bilavasitə hərbi təhsilə və ölkənin müdafiə qüdrətinin yüksəldilməsinə yönəldiləcək. Milli Müdafiə Universitetində dövlət orqanlarında işləyən vəzifəli şəxslərə hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsi də nəzərdə tutulur. Bu, dövlətçilik üçün olduqca vacib bir məsələdir və təkcə erudisiyanın genişləndirilməsi niyyəti ilə məhdudlaşmır, onlara dövlətçilik üçün gərəkli olan idarəetmə səriştəsi, bu səriştə üçün gərəkli olan elmi, elmi-təcrübi biliklər də aşılanacaq. Belə hərbi təhsil sisteminin Azərbaycan Respublikasının təhsil və elm haqqında qanunlarına uyğun olaraq, həmçinin Türkiyə Respublikasının, eləcə də inkişaf etmiş digər ölkələrin hərbi təhsil sisteminə uyğun yenidən qurulması deməkdir. Yəni, bu islahatın başlıca mahiyyəti dünyəvi hərbi təhsil sisteminə inteqrasiya deməkdir. Bunlar milli maraqlar, milli-mənəvi dəyərlər sistemi kimi amillər də nəzərə alınmaqla həyata keçiriləcək. Müəyyən mənada Azərbaycanın özünün azərbaycançılıq ideologiyası əsasında formalaşan Milli Müdafiə Universiteti olacaq.

Milli Müdafiə Universitetinin, bu universitet sistemində fəaliyyət göstərəcək Hərbi Elmi-Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun nizamnamələri hazırlananda bunlar nəzərə alınıb. Universitet də, institutlar da, Təlim-Tədris Mərkəzi də, liseylər də milli-mənəvi dəyərləri hərbçi məsuliyyəti ilə yaşatmaqla fəaliyyət göstərəcək.

- İslahatlar nəticəsində yaradılan yeni təhsil sisteminə hansı xüsusi təyinatlı təhsil müəssisələri daxildir?

- Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli Fərmanı ilə "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nda dəyişikliklər edilib. Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv olunub, onun maddi-texniki bazası əsasında iki müstəqil institut yaradılıb: Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirəcək. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey də Milli Müdafiə Universitetinin tabeliyinə verilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Milli Müdafiə Universitetinin, Hərbi Elmi-Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun və Heydər Əliyev adına Hərbi İnstitutun nizamnamələri təsdiq edilib.

- Milli Müdafiə Universitetinin necə fəaliyyət göstərəcəyini də bilmək istərdik. Mümkünsə, bu barədə məlumat verərdiniz?

- Milli Müdafiə Universiteti Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi kimi fəaliyyət göstərəcək, tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələri vasitəsilə ali təhsilin bütün səviyyələri üzrə mütəxəssis hazırlayacaq və qoşun növlərində xidmət edən zabitlərin qarşılıqlı əlaqə mexanizmini, komandir və qərargah zabitləri hazırlığında idarəetmənin mexanizmini təkmilləşdirəcək. Milli Müdafiə Universiteti şəbəkəsində həm də tam orta təhsil, orta ixtisas və əlavə təhsil proqramları da həyata keçiriləcək. Bunlardan başqa, Milli Müdafiə Universitetində hərbi yönümlü fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar da yerinə yetiriləcək.

- Əlavə təhsil proqramı haqqında məlumat verməyinizi xahiş edirəm.

- Bu proqram səviyyəsindən asılı olaraq briqada komandirlərinin və onların müavinlərinin, tabor komandirlərinin və onların müavinlərinin, müxtəlif səviyyədə ixtisaslar üzrə xidmət rəislərinin və s. hazırlanmasını, eləcə də təkmilləşmə kurslarını əhatə edir.

- Hərbi Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti necə müəyyənləşdirilir?

- Hərbi Elmi-Tədqiqat İnstitutu hərbi yönümlü fundamental və tətbiqi elmlər üzrə aktual problemlərlə məşğul olacaq, qeyd etdiyim kimi, elmi və elmi-pedaqoji kadr hazırlığı tapşırıqlarını icra edəcək. Bunlarla bir sırada Müdafiə Nazirliyinin marağı əsasında xüsusi tapşırıqları da yerinə yetirəcəkdir. Göründüyü kimi, bu institutda hərbi elmi problemlərin həlli istiqamətləri üzrə tədqiqatlar aparılacaq.

Təbii ki, bu hazırlıq elmi, hərbi-elmi biliklərin mənimsədilməsini, elmi yeniliklərin hərbi xidmətə tətbiqi imkanlarının araşdırılmasını, sistemləşdirilməsini müəyyənləşdirmək baxımından gərəkli (və zəruri) tədris vəzifələrini yerinə yetirəcək. Bunlar yaxın gələcəkdə Müdafiə Nazirliyinin strukturunda olan xüsusi təyinatlı təhsil müəssisələrinin nüfuzunu yüksəldəcək. Həmçinin Azərbaycan Ordusunun maraqları çərçivəsində konseptual və doktrinal sənədlərin hazırlanmasını həyata keçirəcək. Bu nüfuzun Azərbaycanın sərhədlərini aşacağına əminik. Vətən müharibəsində Qələbə həm də hərb elminin inkişafının perspektivlərini öyrətdi və Milli Müdafiə Universitetinin fəaliyyətində bu perspektiv nəzərə alınacaq.

- Milli Müdafiə Universitetinin fəaliyyət mexanizmi haqqında nə deyə bilərsiniz?

- Milli Müdafiə Universitetinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətində fasiləsizlik, vəhdətlik, daimilik - mövcud təhsil standartları, tədris proqramları və planları əsasında bir neçə səviyyədə təhsil əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması başlıca fəaliyyət prinsipidir. Əminik ki, bu təhsil islahatı millilik və dünyəvilik - milli və ümumbəşəri dəyərlərin dialektik vəhdətinin təmin edilməsi əsasında inkişafa və dünyəvi təhsil sisteminə inteqrasiyaya əsaslı, dayanıqlı nümunə olacaq...

Mahiyyət baxımından hərbi təhsil sistemində islahatlar xüsusi təyinatlı elm və təhsil müəssisələrində tədris materiallarının gərəkli elmi biliklərlə zənginləşdirilməsinə, hərbi təhsilin təkmilləşdirilməsinə yönəldilir ki, bu da şəxsi heyətin, deməli, ordunun döyüş hazırlığının artırılmasında müstəsna əhəmiyyətə malik olur, islahatın mahiyyəti ictimailəşdirilir. Bu məqam hər bir hərbi qulluqçunu islahatın həm təbliğatçısı edir, həm də icraçısı. Milli Müdafiə Universitetinin strukturlarına daxil olan institutlarda, xüsusi təyinatlı təhsil müəssisələrində xidmət edəcək hərbi qulluqçuların, elmi kadrların, işləyəcək mülki işçilərin dövlətin bu etimadını əsl vətəndaşlıq sevgisi ilə doğruldacağına əminik...

Bu islahatda ulu öndər Heydər Əliyevin "Bizim ölkənin gələcək taleyi gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır" kəlamının da işığı görünür. Bu islahat ordumuzun gücünün, qüdrətinin yüksəlməsi baxımından əhəmiyyətli olacaq.

- Cənab general-leytenant, gərəkli və maraqlı müsahibəyə görə sağ olun.

- Sağ olun.

Müsahibəni apardı: Rəşid Hüseynov "Azərbaycan Ordusu"

 

Mənbə: ordu.az