ABŞ-də ikipartiyalı sistemə “BASQI”: “3-cü partiyanın yaradılmasına başlanılıbsa...”

ABŞ-də ikipartiyalı sistemə “BASQI”: “3-cü partiyanın yaradılmasına başlanılıbsa...”<span class="qirmizi"></span>

“Amerika cəmiyyəti respublikaçılarla demokratların siyasi hegemonluğuna son qoyulmasına meyillidirlər”.

Bu fikirləri ABŞ-də 3-cü siyasi partiyanın yaradılmasına və təşəbbüsün perspektivinə münasibət bildirən Siyasi Texnologiyaıar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu təşəbbüs ABŞ-də mövcud olan siyasi sistemin dəyişdirilməsinə yönəlik çox ciddi cəhddir:

“Bildiyiniz kimi, ABŞ-nin təşəkkülündən sonra bu ölkənin siyasi həyatında Respublikaçılar və Demokratlar partiyaları daim dominantlıq edərək hakimiyyətdə bir-birini əvəzləməkdədirlər.

Doğrudur, Amerikada indiyə qədər çox sayda başqa partiyalar yaradılıb, fəaliyyət göstərib, ancaq onların heç biri özlərini təsdiqləyərək möhkəmlənə bilməyiblər. Ona görə də ya fəaliyyətlərini dayandırıblar, ya da formal mövcudluqlarını saxlayıblar.

Bu baxımdan, respublikaçılarla demokratların sabiq və nüfuzlu üzvlərinin alternativ siyasi qüvvə – 3-cü partiya yaratmaq təşəbbüsünə ciddi yanaşılmalıdır. Qeyd edək ki, bu barədə məlumat, onların yeni partiyanı anons etmələri də sıradan hadisə deyil.

Çünki buna qədər müvafiq və real rəy soruğları keçirilərək amerikalıların 3-cü partiyanın yaradılmasına münasibətləri öyrənilib. Cəmiyyətin reaksiyasının, əsasən, müsbət olması isə bu təşəbbüsün ictimailəşməsinə yol açıb.

Digər tərəfdən, ABŞ kimi ölkədə 3-cü partiyanın yaradılmasına başlanılıbsa, bu, mövcud olan siyasi sistemin dəyişdirilməsinə yönəlik çox önəmli cəhddir. Eyni zamanda, yeni partiyanın qurucularının respublikaçılarla demokratların sabiq üzvləri olması da mühüm göstəricidir.

Həm də göründüyü qədər, Amerika cəmiyyəti respublikaçılarla demokratların siyasi hegemonluğuna son qoyulmasına meyillidirlər. Ona görə də 3-cü partiyanın özünü təsdiqləyəcəyi və real alternativə çevriləcəyinə yönəlik gözləntilər böyükdür”.

A.Zeynalov

www.yenicag.az

Mənbə: yenicag.az