Kopenhagendə Ukrayna üçün 1,5 milyard avrodan çox vəsait toplanıb

Kopenhagendə Ukrayna üçün 1,5 milyard avrodan çox vəsait toplanıb<span class="qirmizi"></span>

“Kopenhagen-Ukrayna-2022” (#CopenhagenUkraine2022) donor konfransında iştirak edən ölkələr rəsmi Kiyevə silah alınması üçün 1,5 milyard avro ayıracaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri Morten Bedskov cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib.

“Ümumilikdə konfransda 1,5 milyard avrodan çox vəsait toplanıb. Üstəlik, bəzi ölkələr bu məsələni ölkə daxilində bir daha müzakirə edəcəklərini və ola bilsin ki, ianələrin həcmini daha da artıracaqlarını bildiriblər”, - o deyib.

M.Bedskovun sözlərinə görə, cümə axşamı elan edilən məbləğ yeni ianələrdir. Onlar silah istehsalı və alınması, Ukrayna hərbçilərinin təlimi və minalardan təmizləmə üçün sərf olunacaq: “Sentyabrda ölkələrin yeni iclası keçiriləcək və bu toplantıda digər məsələlərlə yanaşı, hazırkı konfransda ayrılan vəsaitlərin istifadəsi və yeni yardımların zəruriliyi müzakirə olunacaq”.

Qeyd edək ki, konfransda həmçinin Ukrayna üçün silah istehsalının maliyyələşdirilməsini artırmaq məqsədilə fondun yaradılması barədə razılıq əldə olunub. Fond Böyük Britaniya tərəfindən yaradılacaq.

Mənbə: report.az