Laçın uğrunda həlak olmuş şəhidin 50 illik yubileyində barelyef problemi...

Ümid edirik ki, Nərimanov İcra Hakimiyyəti şəhid Asif Xasay oğlu Məmmədovun barelyefinin ətrafını tezliklə abadlaşdıracaq…

 

…1992-ci il mayın 14-dən 15-ə keçən gecə Ermənistan ordusu Laçın alayının nəzarətində olan Cağazur kəndinə gözlənilmədən hücum etdi. Hücum nəticəsində 5 döyüşçümüz şəhid oldu… Onlardan biri də bu günədək meyiti hələ də doğmalarına qaytarılmamış, Qərbi Azərbaycanın Göyçə torpağının oğlu “Göyçə” ləqəbli Asif Məmmədov oldu…

Bu gün – 12 avqust – rəsmən şəhid statusu verilmiş Asif Xasay oğlu Məmmədovun doğum günüdür, sağ olsaydı, 50 yaşı tamam olacaqdı…

 

Asif Xasay oğlu Məmmədov 1972-ci il avqustun 12-də Göyçə mahalının Canəhməd kəndində doğulub. Orta məktəbi əsasən kəndimizdə oxuyub. Yalnız 10-cu sinfin 2-ci yarımilini 1988-ci ildən Qərbi Azərbaycandan məcburən ata-anası ilə birgə köçüb gəldiyi Şamaxı rayonunun Meysəri kəndində bitirib…

 

Şəhidimizin qardaşı Qalib Məmmədov Moderator.az-a açıqlamasında “Göyçə” haqda xatirələrini söyləməklə yanaşı, on illərdir onun xatirəsinə qarşı laqeydlik nümayiş etdirən Nərimanov Rayon İcra Hakimiyyətindən gileyini də çatdırıb :

“Məndən böyük qardaşım Asif uşaqlıqdan dəliqanlı xarakterə malik idi. Dağları, təbiət qoynunu çox sevərdi. Kəndimizin yaxınlığında “Bala Göygöl” dediyimiz göl var idi. Tez-tez atamdan xəlvət onun yanındakı yaylağa – oraya mal-qara köçürən obalara gedər, at minib çapar, göldə balıq tutardı...

 

1989-cu ildə Asif sovet ordusunda hərbi xidmətə yollandı. Xidmətini əsasən Almaniyada artilleriya qoşunlarında keçirdi. Elə əsgərlikdə ikən məktublarında yazırdı ki, Vətənə qayıdıb Qarabağa döyüşə yollanacam. 1991-ci ilin sonunda qardaşım hərbi xidmətini bitirib qayıtdı və az sonra Bakıya dayısının yanına yollandı və orada dərhal orduya yazıldı. Bir neçə gündən sonra isə gəlib bizimlə halallaşdı və könüllü olaraq Azərbaycanın ilk zenit-raket artilleriya divizionunun tərkibinə qatılıb Qarabağa yollandı. Asif öncə Qubadlı və Zəngilan rayonlarının Ermənistanla sərhəd kəndlərindəki döyüşlərdə oldu. Sonradan isə 1992-ci ilin mayın əvvəllərində Laçına yollanıb. Düşmənin Ermənistanla sərhəddəki Cağazur kəndinə hücumu zamanı sonadək döyüşərək mövqeyindən geri çəkilməyib və qəhrəmancasına şəhid olub...

 

Bu gün – şəhid qardaşımın doğum günüdür, 50 illik yubileyidir. 1991-ci ildə Nərimanov rayonu ərazisində yaşadığı evdən könüllü olaraq döyüşə yollanıb. 1992-ci ildə vaxtilə yaşadığı küçəyə Asifin adı verilmiş və binanın üzərinə barelyefi vurulmuşdur. Lakin bu gün Nərimanov rayonunun İcra Hakimiyyətinin şəhid ailəsinə, şəhid xatirəsinə laqeydliyi, biganəliyi ucbatından onun barelyefi qoyulmuş binanın qarşısında layiqli bir tədbir keçirə bilmirik. 2000-ci illərin əvvəlindən bəri dəfələrlə keçmiş və indiki icra başçılarına, onların müavinlərinə və s. müraciət etsək də, şəhid qardaşımın barelyefinin ətrafı abadlaşdırılmır, heç olmasa qarşısına Rahat gül qoyulmasına şərait yaradılmır…

 

Nərimanov Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Abdin Fərzəliyevin qəbuluna düşmək çox böyük problem idi. Yalnız bir dəfə 2005-ci ildə onunla görüşmüşəm, lakin heç bir nəticə hasil olmayıb. Rayonun hazırkı icra başçısı Elgin Həbibullayev və onun qəbul şöbəsində Əli müəllimlə bir neçə dəfə görüşsəm də, heç bir nəticə yoxdur. Mayın 17-də icra başçısı Elgin müəllim özü şəxsən məni qəbul edib və söz verib ki, layihə hazırlanır, tezliklə məsələ həllini tapacaq. Hətta icra başçısı həmin görüş zamanı mənə dedi ki, səni görəndə özüm xəcalət çəkirəm… Lakin təəssüf ki, hər dəfə “layihə hazırlanır” cavabı ilə qarşılaşa-qarşılaşa, artıq 3 aydır ki, hökumət qurumları üçün belə bir sadə məsələ həllini tapmayıb. Özümüzün isə təəssüf ki, buna imkanımız yoxdur…

 

Bu gün Asifin döyüş yoldaşları, qohum-əqrəbası ilə birgə onun barelyefinin önünə yığışaraq xatirəsini yad etməli idik. Lakin mən ərazidəki bərbad görkəmə görə xəcalət çəkdiyimdən bu tədbiri avqustun 21-dək təxirə salmağa məcbur oldum. İcra hakimiyyəti etməsə də, gərək özümüz gücümüz çatan təmir və abadlıq işləri aparaq…

Bildiyiniz kimi, Asifin həlak olma xəbəri çıxdıqdan sonra onun meyiti tapılmayıb və bu günədək onun barelyefindən savayı, bir ziyarət olunma, xatırlanma məkanı yoxdur.. Buna görə də düşündük ki, heç olmasa, rəmzi olaraq anasının Şamaxı rayonundakı məzar daşının yanına Asifin adı olan mərmərdən bir daş düzəltdirək. Bu haqda da Nərimanov İcra Hakimiyyətinə müraciət etsək də, heç bir nəticə olmadı və sonda özüm gücüm çatan şəkildə, anamla qardaşımın təsvirini yanaşı formada mərmər daş üstdə həkk elətdirib məzar üzərinə qoydurdum. Bu gün özümüz, eləcə də övladlarımız - Asifin qardaşı uşaqları həmin məzarı ziyarət edərək, əmilərinin təsvirini, adını orada görərək az da olsa, bir təsəlli tapırıq...”

Materialı təqdim etməyə hazırlayarkən Nərimanov İcra Hakimiyyətinə edilən zənglərimizə cavab verilmədi… Bununla belə, qurumun müvafiq rəsmisinin şəhid qardaşının qaldırdığı məsələ haqda mövqeyini təqdim etməyə hazırıq…

 

Ümid edirik ki, Nərimanov İcra Hakimiyyəti şəhid Asif Xasay oğlu Məmmədovun adını daşıyan küçənin, onun barelyefinin ətrafındakı vəziyyətlə ciddi maraqlanacaq və heç olması bundan sonra müəyyən tədbir görülməsinə çalışacaq…

 

Sultan Laçın

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Çörəyin qiyməti bahalaşa bilərmi? - AÇIQLAMA

SONRAKI XƏBƏR

Nazirlik rəsmisi: "Azərbaycan ciddi su qıtlığı ilə üz-üzə qala bilər"