Hərb sənətinə töhfə verən Zəfər: Vətən Müharibəsi

Hərb sənətinə töhfə verən Zəfər: <span class="qirmizi">Vətən Müharibəsi</span>

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbə təkcə Qafqaz regionunda deyil, bütün dünyada böyük əks-səda doğurdu. Aparılan döyüşlər noyabrın 10-da ərazilərimizin birdəfəlik işğaldan azad olunmasına gətirib çıxardı, Ermənistan ordusunun tam məğlubiyyəti, kapitulyasiya aktını imzalaması ilə yekunlaşdı. 44 gün ərzində rəsmi İrəvanın öz ordusu barədə yaratdığı mifik "məğlubedilməzlik" təsəvvürü kartondan düzəldilmiş daxma kimi uçulub dağıldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadiyyatı gücləndikcə ordu quruculuğu prioritet sahə elan edilmiş, dünyanın müxtəlif aparıcı ölkələrindən ən müasir, yüksək dəqiqlikli silah və döyüş texnikası alınmışdı. 2016-cı ilin Aprel döyüşləri artıq Azərbaycan Silahlı Qüvvələrinin artan qüdrətindən xəbər verirdi. Həmin qarşıdurma zamanı ordumuz müasir silah və texnikadan istifadə etmişdi. O zaman hərbi bölmələrimiz hava hücumunda ordumuzun üstünlüyünə nail olmaq üçün PUA-lardan ilk dəfə istifadə etmişdi. Bu, düşmənə Azərbaycanın məqsədlərini açıq-aydın bildirən ciddi siqnal idi, ölkəmizin heç zaman Qarabağın işğalı faktı ilə barışmayacağını sübut edən güc nümayişi idi. Ancaq Ermənistan yetərincə sarsıdıcı zərbə alsa da, mənasız inadından əl çəkmədi.

44 günlük müharibədə isə Silahlı Qüvvələrimiz ən müasir hərbi texnologiyadan, kəşfiyyat və zərbə PUA-larından, həmçinin yüksək dəqiqlikli artilleriya silahlarından, Ermənistan ordusunun öncə görə bilmədiyi döyüş üsullarından istifadə etməklə Qarabağ səmasında hakim olduğunu, uzun illər ərzində döyüş hazırlığı sahəsində düşməni xeyli qabaqladığını, tamamilə yeni döyüş əməliyyatları modelinə yiyələndiyini bütün dünyaya sübut etdi və göstərdi ki, bu, gələcəkdə, ümumiyyətlə, hərb sənətində quru döyüşlərinin taktiki mənzərəsini tamamilə dəyişə bilər.

Vətən müharibəsində ordumuzun qazandığı böyük Qələbədə Şuşanın azad edilməsi isə Azərbaycan hərb tarixinin ən yaddaqalan, şanlı səhifələrindəndir. Qoşunlarımızın bölmələri düşmənin gözləmədiyi istiqamətdən müdafiə mövqelərini yararaq təbii relyefinə və coğrafi mövqeyinə görə taktiki cəhətdən alınmaz qala hesab edilən Şuşa şəhərinə istiqamət götürmüş, kəşfiyyat və zərbə PUA-larından yararlanmadan, zabit və əsgərlərin yenilməz iradəsi, yüksək döyüş ruhu və igidliyi ilə Azərbaycanın mədəniyyət beşiyini noyabrın 8-də düşməndən xilas etməyi bacardı. Həmin tarix ölkə təqviminə Zəfər Günü kimi həkk edildi.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimində Şuşanın azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən deyib: "Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir".

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar dünya hərb dairələrinin diqqətini cəlb etdi. Dünyanın güc mərkəzləri ordumuzun Qarabağda nümayiş etdirdiyi döyüş taktikası və istifadə etdiyi yüksək dəqiqlikli hərbi texnika, ən başlıcası isə Azərbaycan əsgərinin mətinliyi və cəsurluğunu, hətta ölkəmizi gözü götürməyən hərbi mütəxəssislər, ekspertlər belə etiraf etməli oldular.

Müxtəlif media resurslarında çıxış edən tanınmış hərbi mütəxəssislər bildirdilər ki, Vətən müharibəsi günlərində Qarabağda aparılmış hərbi əməliyyatlar dünya hərb sənətində yeni tendensiyalardan xəbər verir və əvvəlki müharibələrdən xeyli fərqlənir. Ən başlıcası ona görə ki, Azərbaycan düşmənlə mübarizədə yeni taktiki üsullardan, müasir silah və texnikadan istifadə edirdi.

Rusiyanın "Nasionalnaya oborona" jurnalının baş redaktoru, obyektiv təhlillərilə tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko "Region plyus" jurnalına müsahibəsində Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətini yüksək qiymətləndirib: "Dünya hələ belə bir vəziyyətlə rastlaşmamışdı ki, bir ordu digər ordu ilə vuruşarkən bu sayda yüksək dəqiqlikli silahlardan istifadə etsin, - hərbi ekspert deyib. - Zərbə uçuş aparatlarından istifadənin miqyasına və intensivliyinə görə bu, dünya tarixində ilk belə hadisədir. Nə ABŞ, nə Rusiya, nə İsrail, nə də hansısa başqa ölkə bu miqyasda pilotsuz zərbə uçuş aparatlarından istifadə etməyib. Pilotsuz uçuş aparatları bu cür münaqişələrdə özünün mübahisəsiz üstünlüyünü sübut edib. Bura Azərbaycan Ordusu tərəfindən düşmənin canlı qüvvələrinin və hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi və daha sonra zirehli texnikanın, yüksək dərəcədə müdafiə olunan hədəflərin və canlı qüvvənin məhv edilməsi üçün pilotsuz uçuş aparatlarından geniş istifadə taktikasını da əlavə etmək lazımdır".

Maraqlıdır ki, ABŞ ordusunun komandanlığı da ordumuzun Ermənistan qoşunlarına qarşı tətbiq etdiyi taktiki modeli araşdırmağa başlayıb. Bu barədə nüfuzlu "Breaking Defence" nəşri yazır. Onun yazdığına görə, Qarabağda kəşfiyyat və zərbə PUA-larının ənənəvi qüvvələrlə birgə tətbiqi yeni təcrübədir.

Silahlı Qüvvələrin modernləşdirilməsinə, gələcəyin döyüş sistemlərinin hazırlanmasına rəhbərlik edən Birləşmiş Ştatların Gələcəyin Ordusu Komandanlığından (Army Futures Command-AFC) yüksək rütbəli general anonimlik şərti ilə bildirib ki, Qarabağda gedən hərbi əməliyyatlar gələcəyin müharibələrində hadisələrin necə cərəyan edəcəyini təxmin etməyə imkan verir.

General deyib ki, Dağlıq Qarabağda Azərbaycan Ordusu erməni zirehli texnikasını sürətlə məhv etmək üçün nəinki kəşfiyyat, eləcə də zərbə PUA-larından, habelə "kamikadze-dronlardan" kütləvi şəkildə istifadə edib. Bu taktika Azərbaycan Ordusuna imkan verib ki, erməni qüvvələrini sürətlə məğlub edib irəliləsin.

Eyni zamanda, Azərbaycan əsgəri döyüş meydanında nümayiş etdirdiyi dəmir intizamla, yüksək döyüş bacarığı ilə həm də regionumuzda və dünyada özünə və ölkəmizə böyük rəğbət qazandırdı.

Dünyanın nüfuzlu "Global Fire Power" araşdırma mərkəzi 2021-ci il üçün təqdim etdiyi dünya ordularının reytinqində ölkəmizin güc strukturu yetərincə yüksək yer tutub. Araşdırma zamanı əsasən ordular barədə bir sıra amillər, o cümlədən illik hərbi büdcə, orduda xidmət edən şəxsi heyətin, Hərbi Hava Qüvvələrinə məxsus təyyarə, pilotsuz uçuş aparatı və helikopterlərin, eyni zamanda, qırıcı təyyarələrin, tankların sayı və hərbi donanma üzrə göstəricilər nəzərə alınır.

"Global Fire Power"in yeni hesabatında Azərbaycan Ordusu 138 ordu arasında 64-cü pillədə qərarlaşıb və Cənubi Qafqazın ən güclü müdafiə təşkilatıdır. Bolqarıstan, Belçika kimi Avropa dövlətləri Azərbaycandan sonrakı mövqelərdə qərar tutub. Qonşu Gürcüstan siyahıda 92, Ermənistan isə 100-cü yerdədir.

Bütün bunlar bir daha göstərir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı tarixi Zəfər Azərbaycanın bir dövlət olaraq qüdrətinin bariz təzahürüdür.

 

Mənbə: ordu.az