"Rusiya ilə Ukrayna arasındakı müharibə bitməyəcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Rusiya ilə Ukrayna arasındakı müharibə bitməyəcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ<span class="qirmizi"></span>

"Rusiya ilə Ukrayna arasındakı müharibə hələ bitməyəcək, hətta deyə bilərəm ki, tezliklə yeni mərhələyə keçəcək. Ukrayna qüvvələri isə bütün gücləriylə müqavimətə hazırlaşır. Böyük Britaniya kəşfiyattının verdiyi məlumatlara görə Rusiyanın hərbi yük maşınları, tankları, yedəkli artilleriya qurğuları və digər silahlardan ibarət uzun kolonlar Donbass bölgəsindən ayrılaraq cənub-qərbə doğru hərəkət edir. Digər tərəfdən əgər müharibə daha da uzansa Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi nəticəsində dünya iqtisadiyyatının 1 trilyon dollar itirmə ehtimalı böyükdür". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, artıq bu savaşın iqtisadi təsirləri bütün dünyada hiss olunur: "Bu günə qədər olan vəziyyətə görə, qlobal əmtəə qiymətləri kəskin şəkildə artıb, tədarük zənciri pozulub və dünyanın əksər hissəsində inflyasiya kəskin formada yüksəlib. Yeni proqnoz döyüşlərin ən azı ilin sonuna qədər davam edəcəyini deməyə əsas verir.

Müharibədən iqtisadi mənada ən çox əziyyət çəkən ölkə isə Rusiyanın özü olacaq. 2022-ci ilin sonuna kimi sanksiyaların təzyiqi altında olan Rusiya iqtisadiyyatının ötən il proqnozlaşdırılan artımın yerinə 10% düşəcəyi ehtimal olunur".

Deputat sözlərinə belə davam edib: "Ukrayna prezidenti Volodimir Zelenskinin dediyi kimi Ukrayna ordusu “çoxlu həyat” bahasına Rusiyanın buradakı hücumlarını dayandırmağa davam edir.

Hazırda Ukrayna ordusunun daha çox silaha ehtiyacı olduğu da bəllidir. Volodimir Zelenski bütün dünya ölkələrinə səslənərək silah tədarükündə yardım istəyib. Düşünürəm ki, tezliklə dünyanın güc dövlətləri müharibənin dayanması istiqamətində səylərini daha da intensivləşdirməlidir. Əks halda bu müharibə çoxlu sivil insanın tələfinə və ümumi dünya iqtisadi sistemində tarazlığın pozulmasına gətirib çıxaracaqdır. Çünki müharibədəki tərəflərin hər ikisi dünya bazarında mühüm həlledici rola malik dövlətlərdir.

Hazırda verilən proqnozlar özünü doğruldur, bahalaşma günü-gündən daha da artır. Xüsusilə, taxıl tədarükündə ciddi problemlər yaranacaqdır. Müharibə dayandırılsa belə hər iki dövlətin güclərini, iqtisadi nüfuzlarını bərpa etməsi uzun sürəcək. Bundan da daha çox sivil insanlar ziyan çəkəcək, bahalaşmalar, yoxsulluq artacaq".

Ayşən Vəli

Mənbə: sia.az