Qarabağ artıq həll olunur, savaşın xətti dəyişir - Ermənilər təşvişdə

Qarabağ artıq həll olunur, savaşın xətti dəyişir - <span class="qirmizi">Ermənilər təşvişdə</span>

Avqustun əvvəlində Qarabağda baş verən gərginlik, Laçın şəhərindən yan keçməklə yeni yolunun açılması onu göstərir ki, bölgədə proseslər yeni bir mərhələyə qədəm qoyub. Bölgədə baş verən geosiyasi proseslər fonunda Qarabağ məsələsi tədricən arxa plana keçir və onu Zəngəzur məsələsi əvəzləyir. Yaxın gələcəkdə diqqət əsasən Zəngəzura fokuslanacaq. Artıq baş verən son hadisələr erməniləri ciddi təşvişə salıb. Erməni cəmiyyəti bütövlükdə depressiyadadır və nə edəcəklərini, vəziyyətdən necə çıxacaqlarını bilmirlər.

Lakin Qarabağ məsələsinin ən azından qarşıdakı bir neçə il ərzində gündəmdən çıxamasını da gözləmək sadəlöhvlük olar. Ənənəvi regional oyunçular bölgədə maraqlarını təmin etmək üçün müəyyən müddət Qarabağ kartından və Ermənistandan bir vasitə kimi istifadə edəcəklər. O baxımdan qarşıdakı bir neçə ildə Qarabağda, Ermənistanla sərhəddə gərginliklər müşahidə olunacaq. Bütün bu maneələrə baxmayaraq Azərbaycan öz hədəflərinə doğru irəliləyəcək.

Artıq Cənubi Qafqazda gedən geosiyasi proseslər onu göstərir ki, bu proses Azərbaycanın marağına uyğun şəkildə inkişaf edir və gələcəkdə də belə olacaq. Bu isə Azərbaycanın bölgədəki mövqeyinin daha da möhkəmlənməsinə, ciddi oyunçu kimi şərtlərinin qəbul edilməsinə gətirib çıxaracaq.

Birincisi, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın müddəalarına əsasən rus sülhməramlılarının nəzarətində olan ərazilərdən qanunsuz erməni hərbi biləşmələri çıxarılmaqla yanaşı, separatçılar da tərksilah edilir. Bir sözlə, rus sülhməramlılarının nəzarətində olan ərazi tam silahlasızlaşdırılır. Bakı bəyan edib ki, silahsızlaşdırma prosesini üçtərəfli bəyanatın tələbinə uyğun olaraq rus sülhməramlıları həyata keçirməzsə və ya ermənilər buna yenə də müqavimət göstərməyə cəhd edərlərsə, o zaman növbəti antiterror əməliyyatları ilə məsələni özü həll edəcək. Avqustun əvvəlində həyata keçirilən “Qisas” antiterror əməliyyatı bunun bariz nümunəsidir. Artıq Qarabağdan xeyli sayda qanunsuz erməni hərbi birləşmələrin üzvləri çıxarılıb və bu proses davam etməkdədir.

Silahsızlaşdırma istiqamətində həyata keçirilən “Qisas” antiterror əməliyyatı və Xankəndi ilə Ermənistanı birləşdirən yeni yolun açılışı İrəvanın Qarabağa təsirini tədricən itirməsi ilə nəticələnəcək.

İkincisi, Bakı bu mərhələdə yumşaq diplomatiya vasitəsi ilə Qarabağda yaşamaq istəyən ermənilərin hər hansı xüsusi status olmadan Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi istiqamətində layihələri həyata keçirməyə başlayacaq. Hansı ki bunu Azərbaycan Prezidenti son müsahibəsində də açıq şəkildə bəyan edib. Dövlət başçısı bəyan edib ki, Bakı-İrəvan münasibətlərinin normallaşmasının gündəliyində nə Qarabağ, nə də burada yaşayacaq ermənilərin hər hansı status və imtiyaz məsələsi var, olmayacaq da…Təbii ki, Azərbaycanın şərtlərini qəbul etməyən ermənilər üçün yol açıqdır.

Üçüncüsü, Zəngəzur dəhlizinin reallamaşsıdır. Azərbaycan Prezidenti bəyan edib ki, İrəvandan yaxın həftələrdə Zəngəzur dəhlizinin marşrutu ilə bağlı cavab gözlənilir.

İrəvanın Zəngəzur dəhlizi ilə bağlı cavabı bölgədə yeni mərhələyə qədəm qoyan proseslərin inkişafına təkan verəcək. Ənənəvi regional oyunçular maraqlarını təmin etmək üçün ciddi mübarizəyə girişəcək. Artıq bu proses başlayıb. Ona görə də Qarabağ məsələsi bir müddətdən sonra maraqlı olmadığından arxa plana keçəcək. Bu da Bakının maraqlarına cavab verir.

Düzdür, bütün tərəflər Zəngəzur dəhlizinin reallaşmasında istəklidir, amma öz çıxarları çərçivəsində… Məhz bunun nəticəsi olaraq həmin güclər İrəvana təsir və təzyiq edərək, oyunlarını onların üzərində qurmağa çalışırlar.

Qərbin marağı

Qərb dəhlizin açıqlamsında maraqlı olsa da, bu dəhlizin nə Moskvanın, nə Ankaranın, nə Tehranın təsir dairəsində olmasını istəyir. Qərb sözdə kommunikasiyaların açılmasını bəyan etsə də, əməldə bunun əleyhinədir... Hesab edir ki, Rusiyanın bölgədə təsir dairəsini azaltmadan layihənin reallaşması onların maraqlarına cavab vermir. Ona görə də İrəvana təzyiq edib layihənin reallaşmasını uzatmağa çalışır.

Rusiyanın marağı

Moskva İrəvanın Qərblə oyunundan xəbərdar olduğundan Zəngəzur dəhlizində təsir dairəsini təmin etmək üçün tez bir zamanda reallaşmasında maraqlıdır. Kreml anlayır ki, vaxt itkisi onların ziyanınadır. Ona görə də hər vəchlə prosesi sürətləndirmək üçün İrəvana təzyiqlər edir və digər tərəfdən isə Ermənistan-İran sərhədində nəzarəti gücləndirir.

Tehranın marağı

İran yaxşı anlayır ki, Zəngəzur dəhlizinin reallaşması təkcə iqtisadi cəhətdən deyil, eyni zamanda geosiyasi cəhətdən də Tehranın maraqlarına cavab vermir.

Düzdür, Zəngəzur layihəsi nəticəsində İran yükdaşımalardan faydalanacaq. Amma Ermənistan və Azərbaycana mövcud təsir imkanlarını itirmiş olacaq. Çünki mövcud vəziyyətdə Azərbaycan və Ermənistan bir çox məsələlərdə Tehrandan asılı idi. Azərbaycan Naxçıvanla əlaqəni, təchizatı və yükdaşımaları əsasən İran üzərindən edirdi. Ermənistan isə tam mənada Tehrandan asılıdır.

Bu da İran iqtisadiyyatına və geosiyasi maraqlarına müsbət təsirini göstərirdi.

Növbəti bir məqam isə İran Ermənistan üzərindən narkotranzit yolundan məhrum olacaq.

Tehranın Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsini “qırmızı xətt” elan etməsi və buna imkan verməyəcəyi ilə bağlı bəyanatlar həm də bununla bağlıdır.

Çinin marağı

Çin də Zəngəzur dəhlizinin tez bir zamanda reallaşmasında maraqlıdır. Bu yolla həm Mərkəzi Asiyada, həm də Qafqazda tranzit yükdaşımalar vasitəsi ilə əlaqələrini daha da sıxlaşdırıb, mövqeyini möhkəmləndirmək istəyir.

Ankaranın marağı

Ankara istənilən hallarda dəhlizin reallaşmasında maraqlıdır. Bu dəhlizin reallaşması Ankaranın təkcə Qafqazda deyil, o cümlədən Mərkəzi Asiyada mövqelərinin möhkəmlənməsinə xidmət edir. Ankaranı bölgədən çıxarmaq və gücünü zəiflətmək isə qeyri-mümkündür. Bu, bir reallıqdır. Çünki bu dəhliz Bakı-Ankara işbirliyi nəticəsində Qafqazda yeni geosiyasi reallığın şərtlərinə uyğun olaraq əməkdaşlıq formatının yaradılması istiqamətində irəli sürdüyü təşəbbüsdür.

Digər məqam isə bu dəhliz Türkiyə üzərindən keçməklə Qərblə Şərqi, Afrika ilə Asiyanı birləşdirəcək.

Bütün hallarda Bakı və Ankara bu dəhlizin ana xəttini təşkil etdiyindən onlarsız mümkün deyil. Odur ki, bütün güclər onların istəklərini nəzərə almaqla, öz maraqlarını bölgədə təmin edə bilərlər.

Mənbə: olke.az